Batdal Bayraq

 

 

"Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı var. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibədə bir daha aydın oldu ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır".

İkinci Qarabağ savaşındakı şanlı qələbəni dəyərləndirərkən Ali Baş Komandan İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan bu torpaqlarda yaşayan hər bir kəsin doğma vətənidir. İstənilən ümummilli məsələlərdə nümayiş etdirilən birlik,  döyüş meydanında göstərilən əsl şücaət bunun bariz təcəssümüdür.

Zəfərimizə gedən yolda yandırılan hər bir məşəl məhz Azərbaycanın cəsur döyüşçülərinin əli ilə qaldırılmışdı. Bu məşəllə dilindən, milliyyətindən asılı olmayaraq odlar yurdunda yaşayan qəhrəman Azərbaycan oğulları irəliləyirdilər: talışı da, ləzgisi də, udisi də, rusu da, avarı da, tatı da, axıska türkü də, yəhudisi də... Məhz onlar canları, qanları bahasına savaşıb Azərbaycanın yeni zəfər tarixini yazdılar, şəhidlik zirvəsinə ucalıb bu qələbənin bir parçasına çevrildilər.  

Belə igidlərdən biri də 18 yaşında şəhidlik şərbətini içən Batdal Bayraxtarovdur.

 

 

 

"Bizdən bircə gün belə ayrı qalmırdı"

 

 

 

Qubanın Ağbil kəndindəyik. Şəhidimiz Batdal Bayraxtarovun doğulub boya-başa çatdığı bu kənd axıska türklərinin kompakt yaşadıqları yaşayış məntəqələrimizdən biridir.

Azərbaycanın hər bir şəhər, rayon və qəsəbələrində olduğu kimi, bu kəndin də igid qəhrəmanı var. Adətən kəndlərdəki şəhid ailələrinə baş çəkən zaman yolu soruşmağa ehtiyac qalmır. Elə şəhidin xatirəsinə tikilən bulaq, küçədəki şəkil lövhə bələdçi rolunu oynayır. Elə kəndi gəzib Batdal Bayraxtarovun valideynlərinin yaşadığı ünvanı da evlərinin qarşısında asılmış  şəhidin şəklindən tanıdıq.

Axıska türklərinin fəxri igidlərindən olan Batdal Bayraxtarov 2002-ci il aprel ayının 1-də anadan olub. 2008-ci ildə Ağbil kənd Bəhram Sultanov adına tam orta məktəbində təhsil almağa başlayıb. Məktəbi başa vurub, 2020-ci ilin may ayında vətənə xidmətə yollanıb.

Oğlunu vətən eşqi ilə böyütdüyünü deyən şəhidimizin atası Mikail Bayraxtarov  Batdalın uşaqlıq illərini idmana olan sevgisi ilə keçirdiyini söyləyir. O, erkən yaşlarından başlayaraq məşğul olduğu cüdo idman növü üzrə bir sıra nailiyyətlərə sahib olub. Mikail Bayraxtarov deyir ki, bircə yarışı belə qaçırmazdı: "Evə gələr, həyəcanla bizə idman yarışının olduğunu deyərdi. Səhəri gün isə birincilik qazanmaqla bizi sevindirərdi. Mənim oğlum elə bu qoçaqlığını da Vətən müharibəsində göstərərək aramızdan ayrıldı".

Deyilənləri əks etdirən Batdal Bayraxtarovun qızıl, gümüş medalları, diplomları divarların əvəzolunmaz bəzəyi idi. O, özündən geriyə hər zaman ailəsinin iftixarla xatırlayacağı nailiyyətlər və xoş xatirələr qoyub getmişdi. Həmin anları yada salan Gülsənəm ana söyləyir ki, Batdal məktəbi bitirdikdən sonra həm Bakıda, həm də Türkiyədə idman üzrə universitetlərə qəbul olmuşdu. Lakin atası insult keçirdiyindən gedib oxumadı, valideynləri ilə qalmağı seçdi: "Heç yadıma gəlmir ki, oğlum bizdən bircə gün belə ayrı qalsın. Hətta bazara, dükana gedəndə də mənimlə gələrdi, məni köməksiz qoymazdı. Bəlkə də elə bilirdi ki, bir gün bizdən ayrı düşəcək, ona görə də  yanımızdan ayrılmırdı".

 

 

 

Dəliqanlı yaşında şəhidlik zirvəsinə ucaldı

 

 

 

Ömrünün ən dəliqanlı yaşında işğal altında olan torpaqlarımızı qanı, canı bahasına azad edən şəhidimizi valideynləri böyük məğrurluqla xatırlayırlar. Ondan danışarkən deyirlər ki, Batdalın bircə xoşagəlməz hərəkətini, davranışını belə görməyiblər. O, ailənin ortancıl oğlu idi. Bacısı Nazlı və qardaşı Köşəliyə isə ata əvəzi olub.

Gülsənəm Bayraxtarova vurğulayır ki, Batdal hər zaman Nazlıya "bacı, sənin gözündə bir damla belə yaş görməyim. Sən mənim ən qiymətlimsən" deyirdi.

Batdal Bayraxtarov valideynlərinə yalnız bir dəfə yalan danışıb, o da Vətən müharibəsi başlayanda. Hətta savaşa qatıldığını belə ailəsindən bir müddət gizlədib.

Atası vurğulayır ki, nə vaxt telefonla danışsalar, harada olduğunu deməzdi: "Elə bircə kəlmə deyirdi ki, ata, narahat olmayın, komandirin yanındayam. Hər şey qaydasındadır. Ancaq biz yenə də onun müharibədə olduğunu hiss edirdik. Axırıncı telefon zəngində isə söyləmişdi ki, mən ermənidən qorxmuram. Çünki məni sən yetişdirmisən, qoçaqlıqda da sənə bənzəmişəm".

Ailəsi ilə sonuncu danışığını xatırlayan Gülsənəm Bayraxtarova isə həmin anı çox böyük kədərlə xatırlayır: "Sentyabrın 30-da balaca qardaşı Köşəlinin ad günü idi. Həmin gün Köşəlinin də gözü telefonda qalmışdı, ancaq zəng gəlmədi. 1-2 gün sonra birdən telefon zəng çaldı. Elə telefonu da Köşəli götürdü. Zəng edən Batdal idi. Dedi elə bilmə ki, mən sənin ad gününü unutmuşam, sadəcə həmin vaxt zəng etmək imkanım olmadı. Daha sonra ailəni qardaşına tapşırıb sağollaşdı".

Ananın bu sözlərindən sonra anidən sükut çökür. Sanki həmin an o telefon zəngi yenidən çalınmış və təkrarən eyni cümlələr səslənib dəstək asılmışdı...

Bir qədər sonra Mikail Bayraxtarov oğlunun adını çəkir - Batdal... Və ardınca deyir: "Bu ad cəsur, qəhrəman anlamını ifadə edir. Həm də babamın adı olub. O da döyüşçü idi. İkinci Dünya müharibəsində cəsur savaşçı kimi döyüşüb şəhid olmuşdu. İgidliyinə görə də oğluma onun adını qoymuşdum. Görünür, elə taleyionun kimi olacaqmış".

Batdalın bir çox arzusu vardı, ən böyük istəyi isə inşaat mühəndisi olmaq idi. Hətta deyirmiş ki, əsgərlikdən qayıdar-qayıtmaz mütləq oxumağa davam edəcək. Atası diqqətə çatdırır ki, o da inşaat mühəndisi olub: "Mən peşəmi o qədər sevirdim ki, oğlum da bu sevgini əla duyurdu. Ona işin bir çox xırdalıqlarını öyrətmişdim. İdmanı sevsə də, bu peşəyə də yiyələnmək istəyirdi. Oxuyub işinin peşəkarı olacaqdı, fəqət, tale onu başqa yola apardı".

 

 

 

Daim ön sıralarda irəliləyir, mərdliyi, qorxmazlığı ilə seçilirdi

 

 

 

Döyüş yoldaşları isə Batdalla bağlı xatirələrini bölüşən zaman onun necə bir cəngavər və millətini sevən şəxs olduğunu dönə-dönə vurğulayırlar. Hətta qeyd edirlər ki, şəhidimiz Vətənin bütövlüyünün bərpasını, torpaqlarımızın azadlığını sanki hər kəsdən çox istəyirdi. Döyüş zamanı daim ön sıralarda irəliləyir, mərdliyi, qorxmazlığı ilə seçilirdi. Vətən sevgisi isə gözlərində parlayırdı.

Batdal Bayraxtarov sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 12-də şəhidlik zirvəsinə ucalıb. Quba rayonunda dəfn edilib. Ölümündən sonra Azərbaycan Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Aydan XƏLİLOVA,

Azərbaycan.-2022.- 19 oktyabr.- S.7.