Sərhədlərin etibarlı keşiyində

 

 

"...Düzlən, farağat, irəli addımla marş!"

Naryada hazırlaşan əsgərlər silahlarını da götürüb xidməti əraziyə yollanırlar. Beləcə Yuxarı Zeyxur sərhəd zastavasının növbəti naryadı dövlət sərhədinin mühafizəsinə başlayır. Sərhədin mühafizəsi isə sutkanın bütün saatlarında davam edir

 

 

 

Peşəkarlıq və yüksək maddi-texniki təminat

 

 

 

Dövlət sərhədi və onun toxunulmazlığı hər bir ölkənin ərazi bütövlüyünün əsas meyarlarından biridir. Azərbaycanda da sərhədlərin mühafizəsinin ən yüksək və peşəkar səviyyədə təmin edilməsi hər zaman diqqət mərkəzindədir. Təsadüfi deyil ki, sərhədlərimizin etibarlı şəkildə qorunması artıq uzun müddətdir ki, ölkəmizin yüksəlişinin mühüm göstəricilərindən biri kimi qeyd edilir.

Sərhədin  qorunmasında xidmət göstərənlər xüsusi ehtirama layiqdirlər. Bu günlərdə Qusar rayonu istiqamətində Yuxarı Zeyxur sərhəd zastavasına baş çəkərək dövlət sərhədinin mühafizəsi, bu sahədə xidmətin necə təşkil olunması ilə tanış olduq. Qeyd edək ki, Yuxarı Zeyxur sərhəd zastavası ona təhkim olunmuş sahədə sərhədlərimizi mühafizə edir. Zastava ərazisinin səliqə-sahmanı, şəxsi heyət tərəfindən günün nizam qaydalarına tam əməl olunması ilk baxışdan xidmətin yüksək səviyyədə həyata keçirilməsindən xəbər verirdi. Gəlişimiz naryadın dəyişdiyi vaxta təsadüf etmişdi.

Vaxt itirmədən sərhəd naryadının işi ilə tanış olmaq üçün birbaşa sərhədə tərəf irəlilədik. Bizi müşayiət edən baş leytenant Elvin Zamanlının sözlərinə görə, dövlət sərhədlərinin etibarlı mühafizəsi sərhədçilərin peşəkarlığından və yüksək texniki təminatdan asılıdır. Bu baxımdan ölkəmizdə sərhədçilərin xidməti döyüş şəraitinin yaxşılaşdırılması, peşə bacarığının, səfərbərlik və döyüş qabiliyyətinin artırılması, yeni texnika, avadanlıq və digər vasitələrlə təminatı sahəsində mühüm addımlar atılıb. Elvin Zamanlı bildirir ki, zastavanın maddi-texniki təminatı da çox yüksəkdir və daimi olaraq yenilənir. Sərhəd naryadı ən müasir silahlarla, xüsusi avadanlıqlarla, müşahidə vasitələrilə təmin edilib. O cümlədən şəxsi heyətin qida təminatı sarıdan heç bir çətinlik yoxdur.

Baş leytenant Elvin Zamanlıdan təhkim olunduqları ərazidə hər hansı pozuculuq hərəkətlərinin baş verib-vermədiyi barədə də soruşuruq. Deyir ki, xidmət etdikləri sahədə mühafizə elə təşkil olunub ki, sərhədin pozulması mümkün deyil.

Qeyd edək ki, sərhəd naryadı zamanı müxtəlif vasitələrdən, o cümlədən atlardan, itlərdən istifadə olunur. Elə dövlət sərhədinə çatdığımız zaman zastavanın iki hərbçisi at belində ərazinin müşahidəsini həyata keçirirdi. Onlardan Böyükağa Cəlilov ilə söhbətləşirik. Əslən Ağcabədi rayonundan olan Böyükağa cəmi 4 aydır ki, əsgər kimi xidmət edir: "Əsgərliyə yollananda sərhədçi olacağımı bilmirdim. Sevinirəm ki, hərbi xidmətimi sərhədçi kimi keçirirəm. Çünki sərhədçi kimi vətənin nə demək olduğunu daha dərindən anlayıram. Bir əsgər kimi sərhədimizin etibarlı qorunması üçün bundan sonra da layiqli xidmət göstərəcəyəm".

Öyrənirik ki, Böyükağa Cəlilov həm də zastavanın xidməti atlarının təlimatçısıdır. O, hərbi xidmətə başlayanda xüsusi təlimdə də iştirak edib.

Naryadda olan digər iki əsgər isə xidməti fəaliyyəti piyada həyata keçirir, sərhəd dirəklərinin yaxınlığında şumlanmış ərazini diqqətlə yoxlayırdılar. Ərazinin şumlanması sərhədlərin mühafizəsi ilə bağlı həyata keçirilən mühəndis tədbirlərindən biridir. Çünki sərhədin pozulmasını şumlanmış əraziyə düşən ayaq izlərindən bilmək olur.

 

 

 

Sərhədçi olmaq həm məsuliyyətli, həm də şərəflidir

 

 

 

Daha sonra zastavada şəxsi heyətin sosial-məişət şəraiti ilə tanış olduq. Müasir tələblərə cavab verən zastavada şəxsi heyət üçün lazım olan bütün məişət şəraiti yaradılıb: yataqxana, yeməkxana, istirahət və xüsusi təyinatlı otaqlar, təlim şəhərciyi, anbar, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemi, hamam-camaşırxana, idman şəhərciyi, zabit və gizir ailələri üçün mənzillər sərhədçilərin istifadəsindədir. Bütövlükdə zastava Silahlı Qüvvələrdə həyata keçirilən yüksək quruculuğun nümunələrindəndir.

Zastavada naryaddan qayıdan əsgərlərin  dincəldikdən sonra asudə vaxtlarını mənalı keçirmələri üçün də hər cür şərait yaradılıb. Əsgərlər burada kitab və qəzet oxuyur, stolüstü oyunlar oynayır, idmanın müxtəlif növləri ilə məşğul olurlar. Əsgərlərdən Rəhman Qasımzadə, Zeydulla Qəmbərov, Şamil Mancanlı və Elməddin Əliyevlə zastavanın istirahət otağında söhbətləşirik. Hər biri qeyd edir ki, sərhədçi olmaq həm şərəfli, həm də olduqca məsuliyyətlidir, sərhədlərimizin etibarlı şəkildə qorunması isə olduqca qürurvericidir.

Xalqımız qarşısında böyük məsuliyyət hissi daşıdıqlarını deyən sərhədçilər həm də dövlətimizin qoruyucusu olduqlarına görə fəxr etdiklərini, bundan sonra da xidmət zamanı Vətənimizin keşiyində ayıq-sayıq dayanacaqlarını bildirdilər.

 

 

 

Sərhədçinin dostu

 

 

 

Sərhədlərin mühafizəsi zamanı həm də xüsusi təlim görmüş itlərdən istifadə olunur. Burada olarkən xidməti itlərin təlim şəhərciyi ilə də tanış olduq. Təlim şəhərciyinin rəisi çavuş İsmayıl Bayramlı bildirir ki, burada sərhədçilərin dostu olan itlərin sərhəd mühafizəsinə cəlb edilmələri üçün müxtəlif təyinatlı təlimlər keçirilir. Bunlar narkotik maddələrin axtarışı, partlayıcı maddələrin axtarışı, iz axtarışı təlimləridir. O cümlədən itlərdən işğaldan azad olunmuş ərazilərimizdə mina axtarışında da istifadə edilir.

Bizim gəlişimiz vaxtı iz axtarışına cəlb olunan itlərin təlimi başlamışdı. Artıq 8-ci ildir təlimçi kimi fəaliyyət göstərən gizir Zaur Qəmbərovun sözlərinə görə, təlimlər təcrübəli kinoloqlar tərəfindən keçirilir... "Bir təlim kursunun müddəti 3 aydır. Təlimlərə ölkənin bütün sərhəd dəstələrindən əsgərlər göndərilir və onların hər birinə bir it təhkim olunur. Təlim zamanı həm itlər həmin əsgərləri sahibi kimi tanıyır, həm də əsgərlər itlərin vasitəsilə xidmətin necə həyata keçirilməsini mənimsəyirlər".

Sərhədlərin mühafizəsində isə iki it cinsindən - alman çoban itindən və Belçika çoban iti olan "Malinua"dan istifadə olunur. "Malinua" Belçika çoban itlərinin dörd növündən biridir. İtin özəlliyi daha enerjiliçevik olması, həmçinin mükəmməl yaxşı təlim ala bilməsidir.

Yuxarı Zeyxur sərhəd zastavasında və xidməti itlərin təlim mərkəzində müşahidələrimiz bir daha təsdiq edir ki, dövlət sərhədlərimiz çevik, mütəşəkkil, ən müasir standartlar səviyyəsində mühafizə olunur.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 19 oktyabr.- S.9.