Nəzəriyyə ilə ədəbi tənqidin qovşağında

 

 

Azərbaycan ədəbiyyatşünaslıq elmində tədqiqatçıların təmsil etdikləri elmi istiqamət üzrə təsnifatını aparsaq, yalnız konkret bir sahə üzrə ixtisaslaşan elm adamı göstərmək çətindir. Bu məqamda ən münasib metod ədəbiyyatşünas alimlərin elmi fəaliyyətində ədəbiyyat haqqında elmin hansı istiqamətinin ağırlıq təşkil etməsini önə çəkmək daha məqsədəuyğundur. Məsələn, humanitarictimai elmlərin bir çox sahələri ilə professional səviyyədə məşğul olan akademik Məmməd Cəfər Cəfərov daha çox ədəbiyyat nəzəriyyəçisidir. Aşıq ədəbiyyatı və XVIII-XIX əsrlərin klassikləri haqqında da elmi araşdırmaların müəllifi olan akademik Həmid Araslı Orta əsrlər Azərbaycan klassik ədəbiyyatının görkəmli tədqiqatçısı kimi qəbul olunur. AMEA-nın müxbir üzvləri Abbas Zamanov və Əziz Mirəhmədov ədəbiyyat tarixçisi-mətnşünas kimi ixtisaslaşmışlar. İndinin özündə belə AMEA-nın müxbir üzvü Yaşar Qarayevin tənqidçi və ya ədəbiyyat nəzəriyyəçisi olması ətrafında mübahisə edənlər vardır.

Bu meyarlar əsasında yanaşsaq, filologiya elmləri doktoru, professor Şirindil Alışanlını ədəbiyyatşünaslıq elminin hansı istiqamətinə aid etmək olar? Suala cavab tapmaq üçün alimin müraciət etdiyi mövzular, apardığı araşdırmaların əhatə dairəsi, hazırda məşğul olduğu istiqamətlər haqqında təhlil və müqayisələr aparmaq kifayətdir. Doğrudur, Şirindil Alışanlının elmi maraq dairəsi genişdir. Onun ədəbiyyat tarixi və folklorşünaslığa, müasir yazıçı və şairlərə, ədəbi əlaqələrə və ayrı-ayrı ədəbiyyatşünasların həyatı və fəaliyyətinə dair də kifayət qədər əhəmiyyətli axtarışları, tədqiqatları, çap olunmuş məqalələri vardır. Bununla belə professor Şirindil Alışanlının bir ədəbiyyatşünas alim kimi aparıcı tədqiqat yönümü  ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqidlə əlaqədardır. Ədəbiyyatşünaslıq elminin bu əsas iki istiqamətinin hər birində Şirindil Alışanlının özünəməxsus xidmətləri, payı, rolu və diqqətəlayiq əsərləri vardır.

Şirindil Alışanlının fəaliyyətində aparıcı elmi istiqamətin müəyyənləşməsində ali məktəb mühitinin özünəməxsus rolu olmuşdur. Hələ Azərbaycan Dövlət Universitetinin tələbəsi ikən Filologiya fakültəsinin birinci kursunda "Ədəbiyyatşünaslığa giriş" fənni üzrə görkəmli yazıçı və tanınmış ədəbiyyat nəzəriyyəçisi Mir Cəlal Paşayevdən dərs alması onun ədəbiyyat nəzəriyyəsi yolunu seçməsində mühüm rol oynamışdır. Şirindil Alışanlının məqalələrində bu reallıq əsas ştrixləri ilə və böyük səmimiyyətlə etiraf edilir: "Azərbaycan ədəbi nəzəri fikrində "Ədəbiyyatşünaslığın əsasları" və "Ədəbiyyat nəzəriyyəsi" fənləri üzrə ən mötəbər dərslik kimi Mir Cəlal müəllimin adı ilə bağlı tədqiqatlar və "Ədəbiyyatşünaslığın əsasları" öz missiyasını bu gün də yerinə yetirir.

Mir Cəlal müəllim Azərbaycanda ədəbiyyat adamlarının bir neçə nəslinin müəllimi olmuşdur. Filologiya fakültəsində təhsil almış hər bir tələbə öz ailəsinə, işlədiyi kollektivə, dərs dediyi sinif otağına Mir Cəlal müəllimin sadəlik, paklıq işığından pay aparmışdır. Bu sətirlərin müəllifi və Mir Cəlal müəllimin onlarca tələbəsi onun parlaq xatirəsini əziz tuturlar.

"Ədəbiyyatşünaslığın əsasları" fənnindən bizə mühazirə oxuyurbizim qrupda seminar məşğələlərini özü aparırdı. …Mir Cəlal müəllim öz kafedrası xətti ilə bizim qrupun bütün imtahanlarına gəlir və məndən imtahanı özü götürürdü".

Məhz Mir Cəlal müəllimin unudulmaz ədəbiyyat nəzəriyyəsi dərsləri Şirindil Alışanlını ədəbiyyatşünaslıq elminin bu sahəsinə gətirmişdir. O, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin sonuncu kurs tələbəsi kimi "Məmməd Cəfər Cəfərovun ədəbi-nəzəri görüşləri" mövzusunda diplom işi yazıb uğurla müdafiə etməklə bir daha ədəbiyyat nəzəriyyəsi ixtisası üzrə qərarlaşmışdır. Bundan sonra Şirindil Alışanlının işləyib-çalışdığı təşkilatların əksəriyyəti ədəbiyyat nəzəriyyəsi ilə bağlı olmuşdur. O, 1976-cı ildə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik Məmməd Cəfər Cəfərovun rəhbərlik etdiyi "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində fəaliyyətə başlamışdır. İşə başladıqdan az sonra, 1977-ci ildə o, Azərbaycan Yazıçılar Birliyi və "Ədəbiyyat və incəsənət" qəzeti ilə birlikdə "Poema: axtarışlar, perspektivlər" mövzusunda keçirilmiş müzakirələrdə əsas məruzəçi kimi çıxış etmişdir.

SSRİ Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda tanınmış ədəbiyyat nəzəriyyəçisi, professor Nikolay Qeyin müdiri olduğudünyada məşhur olan nəzəriyyəçi alimlərin çalışdığı "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində 1977-1980-ci illərdə təcrübə keçməsi onun elmi dünyagörüşünün inkişafında mühüm rol oynamışdır. Şirindil Alışanlı görkəmli ədəbiyyat nəzəriyyəçisi və estetik professor Yuri Borevin elmi rəhbərliyi ilə 1981-ci ildə "Romantizm problemionun Azərbaycan sovet ədəbiyyatşünaslığında tədqiqi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sonrakı illərdə o, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Tarixi poetika" şöbəsinə rəhbərlik etmişpoetika məsələlərinə həsr olunmuş bir neçə məqalələr toplusu çap etdirmişdir. Şirindil Alışanlı 2011-ci ildə "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığının nəzəri-metodoloji problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş və ədəbiyyat nəzəriyyəsi indeksi üzrə filologiya elmləri  doktoru elmi dərəcəsi almışdır.

Professor Şirindil Alışanlının ədəbi tənqid üzrə formalaşması və inkişafının təbii və real əsasları vardır. Belə ki, o, Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində III kurs tələbəsi kimi dövrün görkəmli tənqidçilərindən olan akademik Bəkir Nəbiyevin keçdiyi ədəbi tənqid xüsusi kursunun fəal müdavimlərindən biri olmuşdur. Bundan başqa, həmin illərdə dövrü mətbuatda kəskin tənqidi məqalələrlə çıxış edən tanınmış tənqidçi Qulu Xəlilovun tələbəsi olması da onun ədəbi tənqidə marağının artmasına müsbət təsir göstərmişdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda işə başlayarkən gənc tənqidçi kimi yazdığı məqalələr hətta ən mötəbər təşkilatlarda ciddi müzakirə mövzusuna çevrilmişdir: "Ədəbi prosesdə geniş əks-səda doğurmuş, qapalı iclasların müzakirə predmeti olmuş ilk məqalələrimdən sonra Mərkəzi Komitə mənə bir il çap olmağa imkan vermədi. Arxivimdə saxladığım, otuz səkkiz il əvvəl imzalanmış növbəti məqaləmi "Ədəbiyyat və incəsənət" qəzetinin sabiq redaktoru, rəhmətlik Yusif Əzimzadə mənə qaytarıb təəssüf dolu baxışları ilə "Oğlum, bir az gözlə, MK-dan göstəriş veriblər, səni çap edə bilmərik" demişdi. Belə məhdudiyyətlərə baxmayaraq, cavan tənqidçi sınmadı, sonrakı illərdə də ədəbi tənqid sahəsindəki fəaliyyətini ardıcıl olaraq davam etdirdi. Ədəbi tənqidə fəal və ardıcıl münasibətində xalq yazıçısı - tənqidçi Elçinin xüsusi rolunu da Şirindil Alışanlı mənəvi borc hissinin ifadəsi kimi elmi mühitə bəyan etmişdir: "Mənim təmsil olunduğum tənqidçi - ədəbiyyatşünas nəslini ədəbi cəmiyyətə təqdim edən, onun qolundan tutan, belə nəcib missiyanı bu gündavam etdirən Elçin müəllimdir".

Tənqidçi kimiŞirindil Alışanlı səmərəli şəkildə fəaliyyətini davam etdirmişdir. O, XX əsrin səksəninci illərinin əvvəllərində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda keçirilən "Ədəbi proses" yaradıcılıq müşavirələrində ilk dəfə Yaşar Qarayev, Akif Hüseynov, Şamil Salmanov kimi tanınmış tənqidçilərlə bir sırada poeziya haqqında məruzəçi kimi çıxış etmişdir. Onun 1982-ci ildə "Azərbaycan" jurnalında çap edilmiş "Ədəbi tənqid haqqında qeydlər" məqaləsində artıq "Ədəbi tənqid necə olmalıdır" sualına cavablar təqdim olunur, bununla ədəbi tənqid konsepsiyası haqqında baxışları meydana qoyulur. Sonrakı illərdə yazdığı "Tənqid tariximüasirlik" (1984), "Sənətdə müasirlik problemi" (1984), "Milli tarixi ənənələr və müasir ədəbiyyatda şəxsiyyət konsepsiyası", "Zamanın tələbi və oxucu inadı" (1987), "Tənqidimizin müdrik ağsaqqalı" (1989), "Tənqidi sözün kəsəri" (2003), "Görkəmli ədəbiyyatşünas-tənqidçi" (2006), "Yaşar Qarayev fenomeni", "Çağdağ ədəbi-siyasi reallıqlar və Azərbaycan ədəbiyyatşünaslığı" (2011), "Elçinlə söhbətin zaman və məkan hüdudları" (2012), "Qulu Ağsəsə məktub" (2016), "Şair Nazim Əhmədliyə məktub" (2017) və sair məqalələrində ədəbi tənqidin tarixi təcrübəsi, inkişaf yolu, müasir vəziyyəti və nəzəri-estetik problemləri öz əksini tapmışdır. Şirindil Alışanlının 2013-cü ildə çapdan çıxmış "Ədəbi-nəzəri fikrin tarixiliyimüasirliyi" kitabında ədəbi tənqidlə əlaqədar problemlər "Ədəbi tənqid və tarixi ədəbi proses" adlanan xüsusi bölmədə monoqrafik şəkildə şərh və həll olunur. Alim bu qənaətdədir ki, "bədii əsərin bütöv - sistemli təhlili problemi indi tənqid və ədəbiyyatşünaslığın həll etməli olduğu mühüm problemlərdəndir… Bizim tənqid və ədəbiyyatşünaslıq nümunələrində çox vaxt əsərin yarandığı tarixi gerçəkliyin reallığı, müəllif şəxsiyyəti, bədii əsərin yarandığı epoxanın mədəniyyəti ilə bağlılıq nəzərə alınmadığından bir sıra klassik əsərlərin ideya-bədii keyfiyyətləri ötəri şərh edilmişdir… Bədii əsərin bütöv, sistemli təhlilindən çıxış etməyən tənqid zahiri əlamətlərə aludə olur, əsərin ideya-poetik xüsusiyyətlərini üzə çıxara bilmir. …Təsviri, emprik yox, professional tənqid ədəbiyyatşünaslıqla təbii şəkildə birləşir". Tərəddüd etmədən demək olar ki, Şirindil Alışanlının ən yaxşı ədəbi-tənqidi məqalələrində tənqid və ədəbiyyatşünaslığın bu mühüm xüsusiyyətləri özünün layiqli əksini tapır. Şirindil Alışanlı tənqidçi kimi özünə və sözünə olduğu kimi, yazıçılara və tənqidçilərə də tələbkar münasibət bəsləyir. Onun tənqidçilik fəaliyyətində yazıçı sözünə, bədii əsərlərə həm elmilik, həm də bədiilik meyarlarından yanaşaraq qiymət vermək əsas meyardır.

Qeyd etdiyimiz kimi, Şirindil Alışanlının əsas elmi istiqaməti ədəbiyyat nəzəriyyəsidir. O, Azərbaycan ədəbiyyat nəzəriyyəsi elmində bədii metod, o cümlədən yaradıcılıq metodunun tipologiyası, poetika, dövrləşdirmə və sair kimi problemlərin araşdırılması və nəzəri həllinə özünün sanballı töhfələrini vermişdir. Onun "Romantizm: mübahisələr, həqiqətlər" (2000) monoqrafiyası elmi ictimaiyyət tərəfindən yüksək dəyər almışdır, bu ədəbi cərəyana ən yeni baxışları əks etdirən ciddi nəzəri tədqiqat kimi təqdir edilir. Şirindil Alışanlının tədqiqatlarında Azərbaycan ədəbiyyatında romantizm hadisəsi klassik romantik poeziya zəminində meydana çıxan ədəbi cərəyan kimi təqdim olunur. Məsələnin bu cəhəti elmdə ədəbi cərəyanların formalaşma mənbələrinin əsasən Qərbdən və Rusiyadan gələn axınlarda axtarılması meylinin dəyişdirilərək, milli ədəbi-tarixi proseslərdən doğan qanunauyğunluq hadisəsi olmasının əsaslandırılması deməkdir. Şirindil Alışanlı ədəbi metodla ədəbi cərəyan anlayışlarını da vahid elmi-nəzəri sistemdə araşdırmaqla Azərbaycan ədəbiyyatındakı çoxəsrlik davamlı proseslərin qanunauyğunluqlarını diqqət mərkəzinə çəkir. Onun bədii metodun tipologiyası məsələlərinə həsr edilmiş tədqiqatları ilə Azərbaycan ədəbiyyat nəzəriyyəsi elmi metodşünaslığın nəzəri-metodoloji problemləri ilə zənginləşdirilmişdir. Şirindil Alışanlının "Bədii metod konsepsiyasının təşəkkülü və inkişaf mərhələləri" adlanan tədqiqatı alimin Azərbaycan ədəbiyyat nəzəriyyəsi elmindəki möhürüdür. Şirindil Alışanlı "varlığın obrazlı dərkinin ümumi prinsiplərini müəyyən edən" bədii metodun nəzəri şərhini onun Azərbaycan ədəbiyyatındakı təşəkkülü və inkişaf mərhələləri ilə üzvü əlaqədə araşdırıb öyrənməklə bu anlayışın milli məzmununu meydana qoyur və əsaslandırır. Bədii metodun tədqiqatçısı haqlı olaraq bu qənaətdədir ki, "XX əsr Azərbaycan ədəbiyyatşünaslığında bədii metod konsepsiyasının təşəkkülü və inkişaf mərhələlərinin tədqiqi iki cəhətdən əhəmiyyətlidir. Birincisi, bu problem ədəbi-nəzəri fikir tarixinin bir qoluduronun tədqiqi zəruridir. Digər tərəfdən, yaradıcılıq metodunun tipləri, poetikası başlıqlarında dünya ədəbiyyatının, o cümlədən Azərbaycan ədəbiyyatının bir çox problemləri öz şərhini tapmışdır". Bədii metodun nəzəri-metodoloji prinsipləri və meyarları, "bədii metodun tipoloji tədqiqləri" haqqındakı tədqiqatları ilə yanaşı, bu anlayışı konkret olaraq Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarının yaradıcılığının təcrübəsi əsasında öyrənib şərh etməklə Şirindil Alışanlı elmi dövriyyəyə gətirib nəzəri cəhətdən təhlillə cəlb etdiyi müddəaları daha da möhkəmləndirir. Bu baxımdan Mirzə Fətəli Axundzadənin, Cəfər Cabbarlının, Səməd Vurğunun, elmdə Mir Cəlalın, Məmməd Cəfər Cəfərovun, Yaşar Qarayevin yaradıcılıq metodu konsepsiyalarının özünəməxsusluqlarına həsr edilmiş tədqiqatları milli metodşünaslıq nəzəriyyəsinin formalaşdırılmasına uğurla xidmət edir.

Ədəbiyyatda dövrləşdirmə probleminə də Şirindil Alışanlı ümumi nəzəri konsepsiyalarla ədəbi prosesin qanunauyğunluqları, faktları və hadisələrinin üzvü əlaqəsi kimi yanaşmaqla ümumiləşdirilmiş qənaətlərə gəlməyə üstünlük verir. Humanitar elmi-ədəbi fikrin dövrlər üzrə təsnifatında məlum formasiyalar nəzəriyyəsini nəzərə alan tədqiqatçı bu "nəzəriyyənin sədlərinin aşan məqamlarının da mövcud olduğunu", son illərdə isə "dünya ədəbiyyatındakı sivilizasiyaların"da nəzərə alınmasını görmək və göstərməklə özündən sonra bu istiqamətdə fərqli tədqiqatların yaradılmasına da yol qoyur. Bu mənada Şirindil Alışanlının "Müasir humanitar təfəkkür və ədəbi fikrin dövrləşdirilməsi problemi" tədqiqatı məsələnin qoyuluşunun nəzəri dərki isə yanaşı, perspektivlərinə doğru bir mərhələnin əhəmiyyətli faktına çevrilir.

Azərbaycan ədəbiyyatşünaslığında poetika məsələlərinin kompleks şəkildə araşdırılmasına da Şirindil Alışanlı əhəmiyyətli elmi töhfələr vermişdir. "Azərbaycan ədəbiyyatının tarixi poetikası" adı ilə nəşr etdirdiyi bir neçə məqalələr toplusu ədəbi-nəzəri fikrimizin nadir poetikaşünaslıq külliyyatlarıdır. Ədəbi janrlar haqqındakı araşdırmaları poetika konsepsiyasını zənginləşdirən və tamamlayan nəzəri baxışlardan ibarətdir.

Ümumiyyətlə, Şirindil Alışanlı ədəbiyyat nəzəriyyəsinə dair tədqiqatlarını, nəzəri-estetik görüşlərini elmi-ədəbi fikrin faktları və hadisələri ilə əlaqəli şəkildə təqdim edir. Belə məqamlarda o, təkcə özünün nəzəri baxışlarını konkret ədəbiyyat faktları ilə əsaslandırmır, eyni zamanda müraciət etdiyi bədii əsərlərin ideya-sənətkarlıq imkanlarını da dəyərləndirmiş olur. Problemin bu müstəvidə qoyuluşu Şirindil Alışanlının ədəbiyyat nəzəriyyəsi haqqındakı tədqiqatlarını ədəbi tənqidə yaxınlaşdırır.

Müşahidələrimizə görə, Şirindil Alışanlı ədəbiyyat nəzəriyyəsi ilə ədəbi tənqidin qovşağında olan ədəbiyyatşünasdır. Bir çox araşdırma və məqalələrində isə o, ədəbi tənqidə meyilli ədəbiyyat nəzəriyyəçisidir. Bu isə 2022-ci ildə "Sabah" nəşriyyatında nəşr olunmuş "Sözün yaşamaq haqqı" kitabının adında və məzmununda ifadə olunduğu kimi, bədii mətnin daxili məntiqindən çıxış etməsi  professor Şirindil Alışanlının elmi əsərlərinin nəticə etibarilə uzunömürlüyünü müəyyən edir. Heç şübhəsiz, bu həm də  70 yaşlı elm adamının elmi-ədəbi cəmiyyətimiz qarşısındakı əhəmiyyətli bir hesabatıdır. Ömrün indiki müdriklik çağının bu əlamətdar hadisəsinin həm də doğulduğu "Azərbaycanın mərdlik qalası", doğma Laçında qeyd etmək ehtimalının reallığa çevrilməsi taleyin misilsiz xoşbəxtliyidir. Necə deyərlər, "gün o gün olsun ki" motivi artıq arzunun deyil, gerçəkliyin ifadəsidir. İnşallah!!!

Şirindil Alışanlı Azərbaycan Milli Elmlər Akademiyasında nəşriyyat-poliqrafiya işinin əsas qurucularındandır. O, uzun müddət akademiyanın "Elm" nəşriyyatına bacarıqla rəhbərlik etmişdir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri kimiŞirindil Alışanlı  ədəbiyyatşünaslıq elminin müasir problemlərinin tədqiq edilib öyrənilməsi işinin təşkilinə mühüm töhfələr verməkdə davam edir. Hazırda Ədəbiyyat İnstitutunda hazırlanmaqda olan 10 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin VII cildi professor Ş.Alışanlının rəhbərliyi ilə başa çatdırılmaq üzrədir.

Rusiya EstetikAzad Sənətlər Akademiyasına üzv seçilmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə alim "Tərəqqi" medalı ilə təltif olunmuş, AMEA-nın fəxri fərmanlarına layiq görülmüşdür. 

Hazırda filologiya elmləri doktoru, professor Şirindil Alışanlı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, institutun Elmi Şurasının və Dissertasiya Şurasının, institutda nəşr edilən elmi jurnalların redaksiya heyətinin üzvü kimi respublika miqyasında ədəbiyyatşünaslıq elmininictimai fikrimizin inkişafı sahəsində yazıb-yaratmaqda, yorulmadan çalışmaqda davam edir.

 

İsa HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik

Azərbaycan.-2022.- 21 oktyabr.- S.11.