Prezident İlham Əliyev: "Gələcək bax budur"

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndində olarkən buradakı orta məktəbin şagird-müəllim kollektivi və sakinlərlə görüşdülər. Dövlət başçısı məktəbdə təhsil alan şagirdləri salamlayaraq: "Uşaqlar, gedək məktəbi göstərin mənə, gəlin gedək," - dedi.

Uşaqlar məktəbin qarşısında dayanmışdılar. Birinci xanım sanki onların ürəyindən keçənləri duyaraq İlham Əliyevə müraciət etdi: "Dayanıblar, bəlkə, əvvəl şəkil çəkdirək?"

Prezident dərhal razılaşdı: "Şəkil çəkdirək, elə məktəbin önündə". Mehriban xanım üzünü şagirdlərə tutaraq: "Gəlin şəkil çəkdirək", - dedi.

Uşaqlar Prezidentinbirinci xanımın ətrafında sıx birləşdilər. Təbii ki, hər birinin qəlbindən onlara daha yaxın dayanmaq keçirdi. Axı bu, adi bir görüş deyildi. Dövlət başçısı onların məktəbinə gəlmişdi. Həm də təzəcə köçüb gəldikləri kənddəki təzə məktəbə. Bu uşaqlar dünyaya göz açdıqları gündən məcburi köçkün adı daşımışdılar. İndi isə artıq köçkün deyillər, öz doğma bölgələrində, doğma kəndlərindədirlər.

Təəssüratları aşıb-daşır, ürəkləri sözlə doludur. Elə bu vaxt onlara "Gedək, göstərin məktəbinizi, baxaq uşaqlar burada necə oxuyurlar? Sinif otaqlarına baxaq" deyilir. Özübu sözləri Prezident deyir, onlarla söhbətə başlayır və o qədər səmimi, o qədər təbii ki, elə bil öz balası, öz nəvəsi ilə danışır. Onlardan neçənci sinifdə oxuduqlarını, bundan əvvəl harada təhsil aldıqlarını soruşur. Şagirdlərdən bir neçəsi Sumqayıtda oxuduqlarını bildirir. Ağalıdan çox xoşları gəldiyini söyləyirlər. Kəndlərinin hətta Sumqayıtdan da gözəl olduğunu, xüsusilə buranın havasını çox xoşladıqlarını deyirlər.

Prezident uşaqların sözünə dəstək verir və aydın görünür ki, onlar bundan fərəh, qürur hissi keçirirlər: "Bax, sizi biz qaytarmışıq, havası da təmizdir, təbiəti də gözəldir, hər tərəf dağlar, meşələr. Burada həyat qaynayacaq. Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək, Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, sizazad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynlərin də çoxu yəqin ki, Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Amma torpaq çəkir insanı. Sizin burada olmağınız onu göstərir ki, biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq və bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar, burada quracaqlar, yaşayacaqlar, uşaqlar böyüdəcəklər".

Prezidentin şagirdlərin necə oxuduqları barədə sualının cavabında müəllimləri onların həvəslə təhsil aldıqlarını bildirdi: "Məktəbə gəldikləri vaxt buranı gördükdə inanın ki, o qədər çox gözəl hisslər yarandı. Sevinirdilər ki, çox gözəl məktəbdə təhsil alacaqlar".

Dövlət başçısı şagirdlərə tövsiyələrini verdi: "Yaxşı oxuyun. Çünki yaxşı oxumaq təkcə sizin üçün yox, ölkəmiz üçün lazımdır. Çünki sizin kimi uşaqlar gələcəkdə ölkəmizi idarə edəcəklər. Ona görə gərək siz bilikli olasınız, savadlı olasınız, həmişə vətənpərvər olasınız. Vətənpərvər olmaq üçün hər bir Azərbaycan vətəndaşının çox böyük haqqı var. Çünki biz bu torpaqlara qan tökərək qayıtmışıq. Bizim qəhrəman şəhidlərimiz öz canlarını fəda ediblər ki, bax, sizsizin kimi yüz minlərlə azərbaycanlı öz dədə-baba torpağına qayıtsın… Sizin əsas vəzifəniz oxumaqdır, valideynlərin, müəllimlərin sözünə baxmaqdır və gələcəkdə yaxşı vətəndaş olmaqdır".

Sonra dövlət başçısı şagirdlərə onlarla birlikdə kəndin mərkəzinə baxmaq təklifini bildirdi. Yolboyu Mehriban xanım uşaqların asudə vaxtlarını necə keçirdikləri ilə maraqlandı. Qızlar Mehriban Əliyevaya onu görməyi çox arzuladıqlarını bildirdilər və birinci xanım onların yanına tez-tez gəlməyə çalışacağını deyəndə çox sevindilər.

Uşaqlar Prezidentə və xanımına təzə evlərini də çox bəyəndiklərini söylədilər. Dövlət başçısı bundan məmnunluğunu gizlətmədi: "Uşaqlar gəliblər öz dədə-baba torpağına. İndi görürsünüz, necə də gözəldir sizin doğma torpağınız, Vətəniniz, Ağalı kəndi".

Prezident Ağalının balaca sakinlərinin arzuları ilə, gələcəkdə hansı peşəni seçmək istədikləri ilə də maraqlandı. Çoxu hərbçi olmaq istədiyini bildirdi. Hətta məktəbli qızların biribu arzuda olduğunu dedi. Təbii ki, onların heç də hamısı hərbçi olmayacaq. Kimiləri hərbçi, kimiləri müəllim, həkim, mühəndis, inşaatçı olacaq, digər peşə və sənətlərə yiyələnəcək. "Hərbçi olacağam" deməkləri isə kökslərindəki vətənpərvərlikdən, yurd sevgisindən, tariximizə, xalqımızın qəhrəmanlığına sayqıdan irəli gəlir. Dövlət başçısının uşaqlarla xudahafizləşərkən "Gələcəyin hərbçiləri, sağ olun!" deməyində də sanki bir rəmzi məna vardı. Deməli, yurdu qoruyanlar həmişə olacaq. Düşmən bir daha buraya ayaq basa bilməyəcək. Biz bu yerlərə qayıtmışıq və burada həmişə olacağıq.

Ağalının mərkəzində isə Prezidentin diqqətini anasının qucağındakı körpə cəlb etdi. Ağalının on aylıq ən balaca sakiniPrezidenti, Ali Baş Komandanı, doğma torpaqları xilas edən və onun öz kəndində, öz yurdunda böyüməsinə, yaşamasına şərait yaradan Lideri salamlamağa çıxmışdı. Prezident uşağı qucağına götürdü və "Gələcək bax, budur" deyərək əslində bugünkü yaddaqalan, mənalı və çox gərəkli görüşün məzmununu ifadə etdi.

…Bizlərdən hər birinin yaddaşında təhsil illərində məktəbimizə müharibə və əmək qəhrəmanlarının, tanınmış alimlərin, yazıçıların gəlməyi silinməz iz buraxıb. Bu görüşlərin çoxlarımızın dünyagörüşünə, peşə seçiminə, həyata baxışına təsirsiz qalmadığını söyləsək, yəqin ki, səhv etmərik. Bu baxımdan dövlət başçısı, Ali Baş Komandan, dünya liderləri sırasında sayılıb-seçilən İlham Əliyevlə sözügedən  görüş yeni Ağalının ilk sakinlərindən olan uşaqların həyatında böyük məna kəsb edir. Mübaliğəsiz deyək ki, bu görüşü onların hər biri öz ömürnaməsinə yazdı. Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatında çıxış edərkən dövlət başçısı həmin görüşdən təəssüratını belə ifadə etdi: "Biz qayıtmışıq, qan törərək qayıtmışıq, savaşaraq, döyüşərək qayıtmışıq və bu gün artıq həyat bu bölgəyə qayıdıb, Ağalı kəndinin timsalında biz bunu görürük. Dünən mən Ağalı kəndində idim, məktəbə getmişdim. Məktəbdə 70 uşaq oxuyur. Yəni o uşaqların heç biri buranı görməyib. Hətta onların bir çoxunun valideynləri də işğal dövründə doğulub, bir çoxları işğal baş verəndə özləri uşaq idi. Amma onlar qayıdıblar. Çünki torpaq çəkir, Vətən çəkir və hamımız qayıdacağıq".

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.- 23 oktyabr.- S.1; 4.