Azərbaycanı dünyaya tanıdan əməkdaşlıq platforması

 

10 il əvvəl yaradılan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi öz fəaliyyəti ilə ölkəmizin beynəlxalq uğurlarının artmasına layiqli töhfələr verir

 

Artıq xeyli vaxtdır ki, Bakı dünyada mühüm beynəlxalq tədbirlərin keçirildiyi ünvan kimi tanınır. Bu tədbirlərin paytaxtımızda keçirilməsini şərtləndirən əsas səbəblərdən biri Azərbaycanın yürütdüyü nümunəvi siyasət, dünyada sülhün bərqərar olunması istiqamətində irəli sürdüyü səmərəli təşəbbüslər və təkliflərdir. Respublikamızın mədəniyyətlər və sivilizasiyalararası dialoqa verdiyi töhfələr də beynəlxalq ictimaiyyət tərəfindən təqdirlə qarşılanır.

 

Azərbaycanın yüksək beynəlxalq nüfuzunun ifadəsi olan forum

 

Bakı Beynəlxalq Humanitar Forumu, Mədəniyyətlərarası Dialoq Forumu və digər tədbirlər məhz Azərbaycanda keçirilir. Azərbaycanın təşəbbüsü ilə yaranan Bakı Prosesi qlobal hərəkata çevrilib və BMT tərəfindən dəstəklənir.

Bakının evsahibliyi etdiyi və dünyanın tanınmış siyasi və dövlət xadimlərinin iştirakı ilə keçirilən tədbirlərdən biriQlobal Bakı Forumudur. Bu forum dövrümüzün aktual məsələlərinin, dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslərin müzakirə olunduğu mühüm platformadır. İndiyə qədər Bakıda müxtəlif mövzulara həsr olunmuş 9 forum keçirilib. Prezident İlham Əliyevin himayəsi altında keçirilən forumlarda hər zaman onlarca ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Bu forumun ölkəmizdə keçirilməsi beynəlxalq siyasi ictimaiyyətin respublikamıza olan dərin etimadının, Azərbaycanın beynəlxalq siyasi münasibətlər sistemindəki roluna, habelə siyasihumanitar dialoqun inkişafı istiqamətində irəli sürdüyü təşəbbüslərə və real töhfələrinə verilən yüksək qiymətin təcəssümüdür. Nəticə etibarilə Azərbaycanın belə bir beynəlxalq tədbirə evsahibliyi etməsi həm də respublikamızın beynəlxalq miqyasdakı artan nüfuzunun real ifadəsidir.

Qlobal Bakı Forumu qlobal problemləri müzakirə etməyə, onların həlli yollarını tapmaq üçün səyləri birləşdirməyə şərait yaradır. Bu baxımdan forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi anlaşma üçün əlverişli şərait yaratdığı beynəlxalq miqyasda təqdir edilir.

Xatırladaq, bu ilin iyun ayında "Qlobal dünya nizamına təhdidlər" mövzusuna həsr olunan IX Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirdi. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıqinteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda müzakirələr aparılıb.

 

Siyasi xadimləri, nüfuzlu beynəlxalq ekspertləri birləşdirən mərkəz

 

Qeyd etdiyimiz kimi, Qlobal Bakı Forumu Prezident İlham Əliyevin himayəsi altında keçirilir.  Forumun təşkilatçısı isə  Nizami Gəncəvi Beynəlxalq Mərkəzidir. Mərkəz dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri çərçivəsində 30 sentyabr 2012-ci il tarixdə şairin vətəni Gəncə şəhərində keçirilmiş xüsusi toplantıda təsis edilmişdir. Bakı şəhərində yerləşən mərkəz qeyri-hökumət təşkilatı olaraq ətrafında müxtəlif xarici ölkələrin keçmiş dövlət və hökumət başçılarını və nüfuzlu beynəlxalq ekspertləri birləşdirir. Məqsədi dünyada sülh, dinc birgəyaşayış, ədalətin bərqərar olunması naminə həyata keçirilən qlobal tədbirlərə, həmçinin fəaliyyətlərə töhfə vermək olan mərkəz eyni zamanda Nizami Gəncəvinin irsinin araşdırılmasını, dünyada təbliğini, eləcə də dialoq, tolerantlıq, qarşılıqlı anlaşma və mədəniyyətlərarası dialoqu təşviq edir.

Bu istiqamətdə uğurlu fəaliyyətinə görə qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mərkəz mühüm beynəlxalq platformaya çevrilib. Fəaliyyət göstərdiyi 10 il ərzində 20-dən çox ölkədə (o cümlədən Azərbaycan, Belçika, Çin, Misir, Yunanıstan, İtaliya, İordaniya, Latviya, Polşa, İsveçrə, Türkiyə, ABŞ və s.) 24 ali səviyyəli görüşlərə,

10-dan çox faktaraşdırıcı missiyaya və 20-dən çox koordinasiya görüşlərinə evsahibliyi edib. Ən mühümü odur ki, mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Prezident İlham Əliyevin himayəsi altında fəaliyyət göstərən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin yaranmasından 10 il ötür. Oktyabrın 26-da mərkəzin həmsədri İsmail Serageldini, İdarə Heyətinin üzvlərini, keçmiş dövlət və hökumət başçılarını qəbul edən Prezident İlham Əliyev qurumun beynəlxalq səviyyədə əməkdaşlığının genişlənməsindən, dünyada rolununnüfuzunun artmasından məmnunluğunu ifadə edib.

Uğurlu fəaliyyətinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzu ildən-ilə yüksəlib, beynəlxalq təşkilatlar və bir sıra ölkələrin aparıcı institutları ilə birbaşa əlaqələr yaradıb.

Əvvəldə qeyd etdiyimiz kimi, paytaxtımız Bakı aktual qlobal problemlərin həlli ilə bağlı müzakirələrin keçirildiyi beynəlxalq ünvana çevrilib. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi isə Azərbaycanın bu istiqamətdə təşəbbüslərinə beynəlxalq tədbirlərin keçirilməsi ilə layiqli töhfələr verir. 10 yaşı tamam olan bu mərkəz hazırda Azərbaycanı dünyaya tanıdan əməkdaşlıq platformasıdır.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 28 oktyabr.- S.1; 4.