Azərbaycan ən çətin vaxtlarda İranı müdafiə edib

 

Lakin bu ölkədəki antiazərbaycançı dairələrin tutduğu mövqe münasibətlərə xələl gətirir

 

Azərbaycan hər zaman xarici siyasətində dostluq, əməkdaşlıq münasibətlərinə xüsusi önəm verir. Qonşu ölkələrlə əlaqələrinə üstünlük verən dövlətimiz İranla da hər zaman normal, səmimi münasibətlərin qorunub saxlanılmasına çalışıb. Bununla belə, İranın bəzi antiazərbaycançı dairələri Azərbaycana qeyri-səmimi münasibət, qonşuluğa sığmayan hərəkətlər nümayiş etdirirlər. Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə görülən sürətli bərpa-quruculuq işləri də bu qüvvələri narahat edir.

Bu baxımdan Azərbaycana mesaj vermək məqsədi güdən və 30 ildə Ermənistan hərbi birləşmələrinin yerləşdiyi ərazilərlə sərhəddə heç bir təlim keçirməyən İran son iki ildə fəallaşıb. Bu ölkədəki bəzi dairələrin əsas narahatlığı isə Azərbaycanın Zəngəzur dəhlizini reallaşdıracağı ilə bağlıdır. Onlar, əslində, bu layihənin regionda sülhə, əmin-amanlığa, təhlükəsizliyə, ölkələrin əlaqələrinin möhkəmlənməsinə və bölgədə yerləşən dövlətlərin faydalanmasına xidmət edəcəyini anlamaq istəmirlər.

 

Ermənipərəst mövqe İrandakı bəzi dairələrə heç nə verməyəcək

 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qəzetimizin əməkdaşına açıqlamasında deyib ki, İranın bəzi dairələrinin yürütdüyü anti-Azərbaycan siyasəti bu gün hər bir azərbaycanlını, eləcə də Cənubi Qafqazda yaşayan soydaşlarımızı çox ciddi narahat edir. Onun sözlərinə görə, həmin dairələr ermənipərəst siyasət yürütməklə Azərbaycanın milli maraqlarına ciddi ziyan vurmaq fikrindədirlər. Bu, son illər daha da intensivləşib: "İstər 44 günlük müharibə dövründə, istərsə də sonra həmin dairələr açıq şəkildə ermənilərin yanında olduqlarını bəyan ediblər. Onlar Ermənistanı yanacaq, silah, digər hərbi sursatlarla təmin ediblər. İndibu hərəkətlərindən çəkinmirlər. Bir çox mühüm məsələnin müzakirəsində Ermənistan tərəfindən çıxış edir, Ermənistanın hərbi-siyasi hakimiyyətinin rəhbərlərini tez-tez İrana dəvət edir, müxtəlif müqavilələr bağlayırlar. Bununla Azərbaycana güc nümayiş etdirmək  istəyirlər. Son təlimlər bunun bariz nümunəsidir".

Tahir Rzayev vurğulayır ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda səfərdə olduğu, onun iştirakı ilə Zəngilan Beynəlxalq Hava Limanının açıldığı bir vaxtda qonşu ölkənin sərhədlərimizdə təlimlər keçirməsi, hətta Araz çayı üzərində körpü salıb gücünü nümayiş etdirməsi anlaşılmaz mövqe ortaya qoyur: "Sonrakı günlərdə Türkiyə sərhədlərində hərbi təlim keçirməsi isə Azərbaycan-Türkiyə birliyinə mesaj vermək məqsədi daşıyır. Təəssüflə qeyd etməliyik ki, bu gün İranın bəzi dairələri din qardaşlığından, islami dəyərlərdən danışır, amma əslində islamın ziddinə gedirlər. Onlar din qardaşları olan Azərbaycanın 30 ildə çəkdiklərini dilə gətirmir, ermənilər tərəfindən dağıdılmış məscidlərin, dini abidələrin təhqir olunmasının hesabını soruşmurlar. Bununla da ermənilərin tərəfində olduqlarını bəyan edirlər. İran xarici işlər nazirinin Qafanda konsulluğun açılması zamanı söylədiyi fikirlər də bunu deməyə əsas verir".

Komitə sədrinin fikrincə, bu gün ermənipərəst mövqedən çıxış etmək, azərbaycanlılara qarşı təxribatlar törətmək, onları hərbi güclə qorxutmağa cəhd etmək absurddur. Bu, İrandakı bəzi dairələrə heç nə verməyəcək.

Tahir Rzayev düşünür ki, bu cür əməllər davam edərsə, Fransa kimi İranla münasibətlərə də yenidən baxılmalıdır: "Azərbaycan Prezidenti, XİN dəfələrlə bu barədə öz bəyanatlarını veriblər. İranla daim yaxşı münasibətdə olduğumuzu bildiriblər.  Təəssüf ki, İranın bəzi dairələri bu fikirlərə, diqqətə, sülhsevər münasibətə həmişə yanlış mövqedən yanaşıb. Son iki ayda da bu özünü açıq-aydın göstərir".

Tahir Rzayev deyir ki, Azərbaycanla qonşu dövlət kimi münasibətləri pozmaq İran üçün faciə ola bilər. Çünki Azərbaycan ən çətin vaxtlarda İranı müdafiə edib. Xarici ölkələr İrana qarşı müəyyən sanksiyalar tətbiq edəndə, hücum planları hazırlayanda Azərbaycan bunlara öz etirazını bildirib. Ölkəmizin ərazisindən İrana qarşı hansısa tədbirlər görülməsinə, manevrlər edilməsinə icazə verməyib. Belə olan halda ölkəmizə qarşı sərgilənən bugünkü mövqe hər bir azərbaycanlını, eləcə də türk dünyasını narahat edir. Ona görə də İran bu barədə düşünməlidir. Azərbaycanın yürütdüyü sülh, əməkdaşlıq, əmin-amanlıq siyasətidir. Hazırlanan bütün layihələr, Zəngəzur dəhlizinin açılması regionda əlaqələrin genişləndirilməsinə, inkişafına hesablanıb. Bütün bunlar İranın da xeyrinədir.

Deputat düşünür ki, İran bu məsələlərin həllində həm Azərbaycana  dəstək verməli, həm də gələcək inkişafının təminatı üçün görülən işlərə görə Azərbaycana  minnətdar olmalıdır. Əks təqdirdə münasibətlər pozula bilər.

 

Yanlış siyasətin zərəri

 

Milli Məclisin deputatı Fazil Mustafa isə deyir ki, son vaxtlar İranın xarici siyasəti daxilində olan gərginlikdən doğan proseslərin təzahürüdür. Onun sözlərinə görə, bu ölkədəki bəzi dairələr gərginliyi müəyyən dərəcədə xarici siyasətə daşıyaraq daxildəki prosesləri bir qədər səngitməyə çalışır. Əslində, bu həm də daxildəki proseslərə böyük təsir göstərəcək yanlış addımdır.

Deputat düşünür ki, Azərbaycanla düşmənçilik etmək, sərhəddə təlimlər keçmək, güc nümayiş etdirmək çox yersiz addımdır. Ermənistanın arxasında duran qüvvələr İrandakı dairələrdən qat-qat güclü idi. Onlar hər hansı şəkildə Azərbaycana qarşı bu iradəni gerçəkləşdirə bilmədilər, çünki dövlətimiz vaxtında imkanlarını səfərbər edərək bu məsələdə müəyyən addımlar atmağı bacardı.

Fazil Mustafa hesab edir ki, İrandakı antiazərbaycançı dairələr qonşuluğun müəyyən  prinsiplərini pozan addımlara meyil edir. Xüsusilə təlimlər zamanı Araz çayı üzərində körpülərin inşa edilməsi və digər yanlış hərəkətlər onların özlərinə çox böyük zərbə vuracaq, çünki korlanmış münasibətləri sonradan bərpa etmək xeyli çətin olacaq.

Deputat deyir ki, qonşu ölkənin hərəkəti heç də ağıllı siyasət yürütmə mənasına  gəlmir: "Otuz ildə ermənilərə dəstək verəsən, sonda isə deyəsən ki, Təbrizin təhlükəsizliyi Ermənistanla bağlıdır, Ermənistanı qoruyacağıq. Kimdən  qoruyacaqsız?"

Fazil Mustafa bildirir ki, Ermənistanın müsəlmanlara qarşı etdiyi cinayətlərin hər birini görməzdən gələrək cinayətkarın, terrorçunun yanında olmaq İranın həmin dairələrə necə fayda gətirəcəyini yaxın zamanda görəcəyik. Bu siyasət ABŞ-a yarınmaq üçün atılmış addımdır: "Çox istərdik ki, əlaqələr hüquqi çərçivədə, qonşu, dost münasibətləri olsun, amma İrandakı qüvvələr düşmən mövqeyində duracaqsa, onda Azərbaycan da istənilən şəkildə öz iradəsini ortaya qoyacaq".

İranda keçirilən təlimlərin, atılan addımların hamısı səmərəsiz davranışlardır. Gözləyək ki, İran hakimiyyəti yaxın zamanlar bu yanlışlığa aydınlıq gətirəcəkmi?

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.-28 oktyabr.- S.1; 4.