Zəngəzur dəhlizi qlobal nəqliyyat-logistik layihəyə çevriləcək

 

İlham Əliyevin bu təşəbbüsü Orta dəhlizin tezliklə reallaşmasına mühüm töhfə verəcək

 

Cənubi Qafqazın aparıcı ölkəsi, Şərqlə Qərbin arasında körpü rolunu oynayan Azərbaycan geosiyasi mövqeyindən maksimum yararlanaraq, regionlararası nəqliyyat-kommunikasiya əlaqələrinin yaradılmasında hər zaman fəal iştirak ediryeni-yeni qlobal təşəbbüslər irəli sürür. İkinci Qarabağ müharibəsindəkı Zəfərimizdən sonra Cənubi Qafqazda yaranan yeni reallıqları dəyərləndirən qalib ölkə bu prosesə daha iki töhfə vermək üçün ciddi işlər görür.

Bunlar - bu ilin martın 11-də İranla imzalanan anlaşma memorandumuna əsasən yaradılacaq Şərqi Zəngəzur-Naxçıvan-İran dəhlizi və Vətən müharibəsindəki Zəfərdən sonra açılması qətiləşən tarixi Zəngəzur dəhlizidir. Azərbaycan hər iki dəhlizin tezliklə reallaşmasında olduqca maraqlıdır. Bu dəhlizlərin yaradılması ilə Azərbaycanın etibarlı tranzit ölkə kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa dəyərli töhfələr verdiyi bir daha təsdiqini tapacaq. Onu da vurğulayaq ki, hazırda Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm də "Cənub-Qərb" və "Şimal-Qərb" layihələri üzərində də aparır.

Zəngəzur və ya Şərqi Zəngəzur-Naxçıvan-İran dəhlizinin açılması isə Orta dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) daha səmərəli və etibarlı marşrut olmasına mühüm töhfə verəcək.

 

Orta dəhliz - tarixi Böyük İpək yolu bərpa olunur

 

Hazırda Orta dəhliz uzaq Çindən yüklərin Avropaya və Yaxın Şərqə daşınması üçün ən təhlükəsiz marşrutlardan hesab edilir. Bu marşrut Şimal dəhlizindən orta hesabla 2500 kilometr qısadır və dəmir yolu ilə səyahət müddətini yeddi-səkkiz günə azaltmaq potensialına malikdir. O, həmçinin keçdiyi ölkələr arasında ticarətin inkişafına kömək etmək iqtidarındadır.

Bu dəhliz həm də tarixi Böyük İpək yolunun yenidən canlandırılmasını şərtləndirir. Çünki Orta dəhliz vasitəsilə yüklər Çin, Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropaya daşınacaq. Bu da İpək younun bərpası deməkdir.

Bu dəhlizin əhəmiyyətini artıran digər məsələ isə Rusiya-Ukrayna münaqişəsi ilə bağlıdır. Çünki Rusiya vasitəsilə Asiyadan Avropa Birliyi (Aİ) bazarlarına məhsulların tədarükündə problemlərin yaranması Orta dəhlizə olan marağı gücləndirir. Bu baxımdan dəhlizin fəaliyyətinin gücləndirilməsi Qərb və Şərq arasında təbii körpü rolunu oynayan Azərbaycan üçünböyük əhəmiyyət daşıyır.

Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu kimi tanınan Orta dəhliz üzrə hərəkət edən blok qatarı yükləri orta hesabla 20-25 günə Çindən Avropaya çatdırır ki, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir. 2017-ci ildə işə düşən layihənin əhəmiyyəti 2022-ci ildə Ukrayna-Rusiya münaqişəsindən sonra kəskin şəkildə artıb. Bunu iqtisadi göstəricilər də təsdiqləyir. Belə ki, 2022-ci ilin birinci rübündə bu istiqamət üzrə yükdaşımaların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz artıb. İqtisadçı ekspertlər deyirlər ki, 2022-ci ildə Mərkəzi AsiyaQafqaz vasitəsilə tranzit yüklərin həcmi 2021-ci illə müqayisədə altı dəfə artaraq 3,2 milyon tona çata bilər.

 

Açıq dənizlərə çıxışı olmayan ölkə mühüm nəqliyyat şəbəkəsi yaradıb

 

Azərbaycan Orta dəhlizin reallaşması üçün çox mühüm addımlar atmaqdadır. Bunu Prezident İlham Əliyev bu il ərzində xarici ölkələrə səfərlərində və iştirak etdiyi beynəlxalq konfranslarda da bir daha bəyan edib.

Prezident oktyabrın 11-də Qırğız Respublikasına səfəri zamanı bu ölkənin rəhbəri Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında bildirmişdi ki, bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. Azərbaycandan həmçinin çox böyük potensiala malik "Şimal-Cənub" dəhlizi də keçir: "Azərbaycanın müəyyən qovşaq nöqtələrində bu iki dəhliz təbii ki, kəsişir, artıq həm "Cənub-Qərb", həm də "Şimal-Qərb" dəhlizlərinin potensialını genişləndirmək imkanı yaradır. Buna görə düşünürəm ki, həm hökumətlərarası komissiyalar, həm də ola bilsin, nəqliyyat sahəsi üzrə daha tez-tez məsləhətləşmələr çərçivəsində hansısa mərhələdə xüsusi işçi qrupunun yaradılmasına dəyər ki, bu, daim təmasda ola bilər. Çünki burada həyata keçirilən layihələr haqqında informasiya ilə bağlı, yenə də sinxronlaşdırma ilə bağlı məsələlər çox vacibdir. Çünki sizin regionda infrastruktur layihələri hazır olan zaman biz nəqliyyat potensialımızı genişləndirməyə hazır olmalıyıq ki, investisiyalar vaxtında və necə deyərlər, daha səmərəli olsun".

Oktyabrın 13-də Astanada səfərdə olan Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşündə də bu barədə fikirlərini səsləndirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan təkcə öz regionunda deyil, həm də daha geniş coğrafi miqyasda çox böyük rol oynayır. Bu gün gündəlikdə Orta dəhlizin inkişafı məsələsi durur: "Orta dəhlizin inkişafı ilə bağlı məsələlər zamanın hökmüdür. Yaxşı ki, həm Qazaxıstan, həm Azərbaycan buna hazır idi, çünki bizim ölkələrdə çox müasir nəqliyyat infrastrukturu yaradılıb ki, bu, çox böyük həcmdə yükləri artıq bu gün daşımağa imkan verir. Lakin düşünürəm ki, gələcək infrastruktur planlarımızın əlaqələndirilməsi zamanı biz Trans-Xəzər marşrutunun buraxılış qabiliyyətinin genişləndirilməsi üzrə bundan sonrakı işləri sinxronlaşdıra bilərik".

Həmin gün Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında çıxış edən İlham Əliyev həmçinin qeyd edib ki, Azərbaycan tərəfindən həyata keçirilən genişmiqyaslı nəqliyyat infrastrukturu layihələri ölkəmizi ən mühüm beynəlxalq nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. 2022-ci ilin ilk doqquz ayı ərzində Azərbaycan ərazisindən keçən tranzit təxminən 65 faiz artıb. Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin inkişafına mühüm töhfələr verir. Azərbaycan Orta dəhlizin önəmli hissəsini təşkil edəcək Zəngəzur dəhlizinin yaradılmasını fəal şəkildə təşviq edir".

 

Zəngəzur dəhlizi Azərbaycanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirəcək

 

Oktyabrın 20-də, Zəngilanın işğaldan azad edilməsinin ikinci ilində Azərbaycana səfər edən və İlham Əliyevlə birgə Zəngilan Hava Limanının açılışını edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Orta dəhlizin inkişafına verdiyi töhfələri dəyərləndirib.

Qardaş ölkənin lideri vurğulayıb ki, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlı bəzi dairələrdəki qorxu və narahatlıq reallıqdan uzaqdır. Yəni Qarabağla bağlı atılan bütün addımlardan sonra belə bir qorxuya ehtiyac yoxdur. Azərbaycan əmin addımlarla yoluna davam edir. Bu yol bölgənin sülh, əmin-amanlıq və sabitliyinə töhfə verəcəyi kimi, Xəzərdən keçməklə "Şərq-Qərb", Orta dəhliz marşrutları üzərində yerləşən bütün ölkələr üçün ticarət və sərmayə imkanları təqdim edəcək.

Zəngilan Beynəlxalq Hava Limanı Qarabağın mühüm nəqliyyat qovşağına çevrilməsini şərtləndirən əsas obyektlərdəndir. Həmçinin bu hava limanı Zəngəzur dəhlizinin hava nəqliyyatı infrastrukturu ilə gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir. Görülən işlərin sürəti bu ərazinin beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevriləcəyi günü yaxınlaşdırmaqdadır.

Zəngilan Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra istifadəyə verilən beynəlxalq statuslu ikinci aeroportdur. Üçüncü hava limanı isə Laçın rayonunun ərazisində inşa olunur.

Prezident İlham Əliyevin oktyabrın 24-də Gürcüstana işgüzar səfəri çərçivəsində isə bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşdə, keçirilən birgə mətbuat konfransında da bu məsələ gündəmdə oldu. Baş nazir Azərbaycan Prezidentinin Cənubi Qafqazda əməkdaşlıq formatının yaradılması barədə Praqada irəli sürdüyü təşəbbüsü  dəstəklədiyini bildirdi.

İlham Əliyev qeyd edib ki, dünyada Xəzər üzərindən Azərbaycan, Gürcüstanqonşu ölkələrdən keçən nəqliyyat yollarına böyük ehtiyac var. Yeni nəqliyyat yolları həm geosiyasi vəziyyətlə bağlı, həm də bütövlükdə yol boyunca yerləşən bütün ölkələrin maraqlarına cavab verir. Ona görə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyətinin 5 milyon tona çatdırılması, eyni zamanda Gürcüstan limanlarından istifadə edərək Orta Asiyadan və bütövlükdə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə ötürülən yüklərin həcminin artırılması artıq yeni reallıq yaradır. Hər iki ölkə buna hazır olmalıdır. Azərbaycan artıq Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona çatdırmaq istəyir. Ona görə Gürcüstanla Azərbaycan arasında nəqliyyat sahəsində sıx koordinasiya aparılmalıdır. Çünki birgə layihələr eyni vaxtda tamamlanmalıdır. Tranzit ölkə olmaq üçün mütləq qonşularla yaxşı münasibətlərin olmalıdır: "Bizim isə Gürcüstanla dostluq, qardaşlıq, tərəfdaşlıq münasibətlərimiz bu imkanları yaradır. Hazırda enerji resurslarına bütövlükdə dünyadaAvropada böyük tələbat olduğu üçün Gürcüstanla Azərbaycan da bu məsələdə bir cəbhədən hərəkət edərək, bir nöqtəyə vuraraq öz milli maraqlarını təmin edəcək. Baxın, görün, iki qardaş ölkə arasındakı əlaqələr bölgə üçün, Avropa üçündünya üçün nə qədər əhəmiyyətlidir".

Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik zəmanəti adlandırır, ölkəmizin Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən bir çox nəhəng layihə regionun, Avrasiya məkanının enerji və nəqliyyat xəritəsini dəyişdirib, bölgənin və daha geniş coğrafiyanın enerji təhlükəsizliyinin təmin edilməsində nəqliyyat-kommunikasiya, logistika infrastruktrunun inkişafına mühüm təsir göstərib.

Bütün bunlar bir daha göstərir ki, Azərbaycan nəqliyyat-logistika ölkəsinə çevrilməkdədir. Ölkəmizin beynəlxalq nüfuzu meqa layihələrlə ölçülür. Burada əsas əhəmiyyət kəsb edən məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Orta dəhlizin əhəmiyyəti həm Zəngəzur, həm də Şərqi Zəngəzur-Naxçıvan-İran dəhlizlərinin açılması ilə daha da artacaq.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 28 oktyabr.- S.1; 5.