Qlobal həmrəyliyə Azərbaycan töhfəsi 

 

`Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi bu təşkilata üzv ölkələr arasında qarşılıqlı əlaqələri daha da möhkəmləndirib

 

"...Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onun təşkilata çevrilməsinə yönəlib".

Prezident İlham Əliyev 30 iyun 2022-ci ildə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı çıxışında söylədiyi kimi, ölkəmiz QH-yə sədrliyi təhvil almasından ötən üç il ərzində qlobalmiqyaslı uğurlara imza atıb.

Baxmayaraq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi COVID-19 pandemiyasının yayılması ilə eyni dövrə təsadüf etdi, həmin çətin günlərdə də ölkəmizin QH sədrliyi qismində irəli sürdüyü beynəlxalq təşəbbüslər Hərəkata üzv dövlətlər tərəfindən yekdilliklə dəstəkləndi, qlobal bəladan birgə çıxış üçün geniş imkanlara yol açdı.

 

Yüksək etimadın nəticəsi

 

Azərbaycan BMT-dən sonra dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına 2011-ci ildə tamhüquqlu üzv olub. 120 ölkəni birləşdirən QH-yə üzv olduğu ilk gündən etibarən ölkəmiz bütün dövlətlərlə bərabər əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş siyasət həyata keçirir və hərəkatın təşəbbüslərinə çox fəal şəkildə qoşulur.

Buna görədir ki, Azərbaycan Hərəkata üzv olduğu çox qısa zamanda yürütdüyü xarici siyasət sayəsində bu təsisat daxilində də böyük nüfuzetimad qazanıb.

2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının Zirvə toplantısını müvəffəqiyyətlə həyata keçirən Azərbaycan 2019-2022-ci illərdə sədrliyi üzərinə götürüb.

Azərbaycan Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyi ötən 3 il ərzində öz fəaliyyətini tarixi Bandunq prinsipləri üzərində qurdu. Bandunq prinsipləri bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqini özündə ehtiva edir. Xüsusilə vurğulayaq ki, sadalanan bütün bu prinsiplər elə Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə də üst-üstə düşür.

Hərəkata sədrlik etdiyi dövrdə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilat tərəfindən mühüm qlobal tədbirlər həyata keçirilib, xüsusən QH-nin pandemiya ilə mübarizə tədbirləri beynəlxalq səviyyədə təqdir olunub.

 

Pandemiya ilə mübarizədə uğurlu qlobal səfərbərlik

 

COVID-19 pandemiyası ilə bağlı Qoşulmama Hərəkatına üzv dövlətlərdə vəziyyətin yaxşılaşmasında ölkəmizin səyləri bəhrəsini verdi. İlk uğurlu addımlardan biri 2020-ci ilin may ayında QH-nin onlayn Zirvə toplantısının keçirilməsi oldu.

QH-nin sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü əsasında 2020-ci il dekabrın 3-4-də BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının keçirilməsi də xüsusi önəm kəsb etdi.

Eləcə də İlham Əliyevin təşəbbüsü ilə QH-nin Azərbaycan sədrliyi tərəfindən əvvəlcə BMT-nin İnsan Hüquqları Şurasında, daha sonra isə BMT Baş Assambleyasında "COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi" adlı qətnamə layihələrinin irəli sürülməsi və qəbul edilməsi beynəlxalq əhəmiyyətli nailiyyətlərdir.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransındakı çıxışında da İlham Əliyev bildirdi ki, üzv dövlətlərdə yaratdığımız məlumat bazası bu pandemiya ilə və gələcəkdə baş qaldıra biləcək istənilən digər xəstəliklə mübarizədə çox faydalı idi və faydalı olmağa davam edir.

 

Qoşulmama Hərəkatının Şuşa Akkordu

 

Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, eləcə də Gənclər Təşkilatının təsis edilməsi də Prezident İlham Əliyevin təşəbbüslərinin tarixi əhəmiyyətli nəticəsidir.

Bu il iyulun 29-da Qoşulmama Hərəkatının Gənclər Sammitinin Şuşa sessiyasının keçirilməsinin özü də əlamətdar hadisə kimi yadda qaldı. Sammit iştirakçıları 25-28 iyul tarixlərində keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədləri Şuşada qəbul etdilər.

Şuşa Akkordu (Şuşa razılaşması) kimi adlandırılan sənədə əsasən, Prezident İlham Əliyevin QH sədri qismində təşəbbüsü ilə 2021-ci ilin 4 oktyabrında təsis edilmiş QH Gənclər Şəbəkəsi əsasında QH Gənclər Təşkilatı yaradılıb. Daimi katibliyi Bakı şəhərində yerləşəcək QH Gənclər Təşkilatının nizamnaməsi və təşkilatın loqo və bayrağı da sammitin Şuşa sessiyası çərçivəsində təsdiq edilib.

Azərbaycanın Qoşulmama Hərəkatına müvəffəqiyyətlə sədrlik etməsinin, uğurlu fəaliyyətinin yüksək qiymətləndirilməsinin nəticəsidir ki, ölkəmizin sədrliyi yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılıb.

Qarşıdakı bir il ərzində də ölkəmiz Qoşulmama Hərəkatının sədri olaraq ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, ayrıseçkiliyə qarşı mübarizə aparmağa, hərəkat çərçivəsində üzv ölkələr arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə, birliyin daha da gücləndirilməsinə, qlobal problemlərin birgə həllinə təşviq edəcək.

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.-30 oktyabr.- S.1; 3.