Qalibin üstünlüyü

 

Sülh müqaviləsi İlham Əliyevin irəli sürdüyü və İrəvanın  qəbul etdiyi məlum beş prinsip əsasında hazırlanacaq

 

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən növbəti - dördüncü görüş yenə də qalib komandan kimi İlham Əliyevin diplomatik üstünlüyü ilə yadda qaldı. Əvvəlki görüşlərdə olduğu kimi, yenə də Brüsseldə "Qarabağ", "Minsk qrupu", "status" ifadələrinin işlədilməməsi sülh gündəliyində rəsmi Bakının maraqlarının tam şəkildə təmin olunduğunu bir daha təsdiqlədi.

Yəni Brüsseldəki danışıqlarda erməni tərəfinin müqavimət göstərməsinə və real nəticələrin əldə olunmasının qarşısını almaq cəhdlərinə baxmayaraq, İlham Əliyev Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticə əldə etdi.

 

Öhdəliklərinə sadiq ölkə

 

Dördüncü Brüssel görüşündə sülh müqaviləsinin imzalanması, eləcə də bu ilin mayında yaradılmış sərhədlərin delimitasiyası komissiyasının fəaliyyəti kimi məsələlər müzakirə olundu. Yəni bu görüş bir növ həm də hesabat xarakterli idi.

Azərbaycan bir daha göstərdi ki, 10 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə və Brüssel görüşlərində aparılan danışıqlar zamanı qəbul edilən qərarlara sadiqdir. Buna misal kimi sərhədlərin delimitasiyası komissiyasının dəhral yaradılmasını, eləcə də yeni Laçın yolunun 3 ilə deyil, daha tez hazır olmasını, Zəngəzur dəhlizinin açılması istiqamətində dəmir və avtomobil yolunun tikintisinin sürətləndirilməsini göstərmək yetərlidir. Əlbəttə ki, bütün bunlar regionda uzunmüddətli sülhün bərqərar olması istiqamətində mühüm addımlardır.

Üçtərəfli görüşdən sonra Şarl Mişelin verdiyi bəyanata nəzər yetirdikdə aydın görünür ki, Avropa İttifaqı ilk növbədə regionda sülhün tezliklə bərqərar olmasında çox maraqlıdır. Kommunikasiyaların açılması, nəqliyyat-tranzit məsələlərinin həllini tapması Cənubi Qafqazın inkişafı ilə yanaşı, regionda sabitliyi daha da möhkəmləndirəcək. Ona görə də Avropanın siyasi mərkəzi olan Brüssel görüşləri sülh prosesinə töhfə kimi dəyərləndirilir.

 

Şarl Mişelin bəyanatındakı tezislər

 

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel üçtərəfli görüşdən sonra verdiyi bəyanatda müzakirə olunmuş məsələlər üzrə konkret fikirlərini səsləndirib. Aİ Şurasının prezidenti qeyd edib ki, bu müzakirədə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün prosesin gücləndirilməsi haqqında hər iki tərəflə razılaşma əldə edilib.

Onun fikrincə, budəfəki görüşdə aparılan fikir mübadilələri açıq və məhsuldar keçib. Diplomat son görüşdə əldə edilən razılaşmalar istiqamətində bəzi addımların atılmasını isə sevindirici hal kimi qiymətləndirib.

Beləliklə, dördüncü Brüssel görüşündə sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı hər iki ölkənin xarici işlər nazirlərinə layihə mətnlərinin hazırlanması üçün bir ay ərzində görüşmək barədə tapşırıq verilib.

Həmçinin humanitar məsələlər, eləcə də minaların təmizlənməsi, saxlanılan və itkin düşmüş şəxslərin taleyi barədə ətraflı müzakirələr aparılıb və qeyd edilib ki, Avropa İttifaqı bu məsələlərlə məşğul olmaqda davam edəcək.

Tərəflər sərhədlərin delimitasiyasına dair bütün məsələlərlə bağlı əldə olunmuş irəliləyişləri və sabit vəziyyəti daha yaxşı təmin etməyi, nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələri bir daha nəzərdən keçiriblər.

Bəyanatda eyni zamanda Avropa İttifaqının uzunmüddətli və davamlı sülh istiqamətində öz dəstəyini bundan sonra da göstərməyə hazır olduğu vurğulanıb. Avropa İttifaqı hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi inkişafın irəliləyişinə təkan verməyə də davam edəcək.

Görüşdə həmçinin Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılığa gəlinib.

 

Azərbaycan Şarl Mişelin rolunu yüksək qiymətləndirir

 

Belçikada baş tutan sülh danışıqlarının dördüncü mərhələsində baş verən prosesləri və ümumilikdə bu prosesə vasitəçilik edən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin rolunu rəsmi Bakı yüksək qiymətləndirir.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tviter hesabındakı paylaşımında qeyd edib: "Biz Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və komandasının Ermənistan və Azərbaycan arasında ikitərəfli sülh müqaviləsi danışıqlarına və dövlətlərarası normallaşmaya kömək etməsini yüksək qiymətləndiririk. Prezident İlham Əliyev bununla bağlı Azərbaycanın mövqeyini dəfələrlə bəyan edib".

Bir sözlə, İlham Əliyev bir daha göstərdi ki, Azərbaycan qalib ölkə kimi diktə edən tərəfdir, milli maraqlarımız üçün əhəmiyyət daşıyan bütün məsələləri qarşı tərəfə qəbul etdirir və görüşlərdə ölkəmizin böyüklüyünü, gücünü bir daha nümayiş etdirir. Sülh müqaviləsinin hazırlanması da Qalib Komandanın irəli sürdüyü 5 prinsip əsasında reallaşmalıdır. Azərbaycanın daxili işi olan Qarabağ mövzusu isə artıq müzakirə edilmir.

Son görüşdə bir daha aydın oldu ki, Azərbaycanın gücünə və siyasi iradəsinə qarşı gəlmək mümkün deyil. Çünki güc də, beynəlxalq hüquq da, ədalət də Azərbaycanın lehinədir. İlham Əliyevin irəli sürdüyü 5 prinsipdən hər hansısa birini Ermənistan həyata keçirməkdən boyun qaçırarsa, sülh müqaviləsi imzalanmayacaq. İstənilən etirazı, təxribatı isə "Dəmir yumruq" əzəcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2022.- 2 sentyabr.- S.1; 6.