Brüssel görüşü Ermənistanda yenə çaxnaşma yaratdı

 

"Paşinyan boş yerə Belçikaya niyə gedir ki, onsuz da İlham Əliyev nə deyirsə, o da olur"

 

Azərbaycanın regionda yaratdığı yeni reallıqlar, sülh və əməkdaşlıq üçün irəli sürdüyü təkliflər artıq dünya dövlətləri, beynəlxalq ictimaiyyət tərəfindən də təqdir edilir. Zəngəzur dəhlizinin açılması, sərhədlərin müəyyən edilməsinə dair Azərbaycanın təkliflərinə çoxsaylı ölkələr tərəfindən tam dəstək ifadə olunur. Ermənistan buna əvvəllər müqavimət göstərməyə çalışsa da, dünya dövlətlərinin yanaşması onların Azərbaycanı dəstəklədiyini, Ermənistanın tək qaldığını göstərir.

Bu fonda Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə növbəti Brüssel görüşü İrəvanda böyük reaksiyaya səbəb olub. Artıq erməni ictimaiyyəti də ölkələrinin xilas formulunun Azərbaycanla münasibətləri normallaşdırmaqda gördüklərini davamlı şəkildə bildirir.

Brüsseldəki sonuncu görüşdən öncə bir şəkil paylaşan "Ermənistan" Partiyasının sədr müavini Armen Aşotyan bildirmişdi ki, hər şey fotolardan aydın görünür: "Brüsseldə başlayan üçtərəfli görüşdən fotolar silsiləsi yenə öz sözünü deyir. Yenə deyirəm ki, məğlubiyyətin səbəbkarı və simvoluna çevrilmiş məxluqun danışıqları davam etdirməyə haqqı yoxdur. Burada yenə hər şey artıq fotoşəkillərdən aydındır. Bədən dili sadəcə bu barədə qışqırır. Axşam yeni bir məğlubiyyət mesajı gözləyin".

"4rd.am" saytı isə yazır ki, sülh müqaviləsinin imzalanmasının gecikməsi Ermənistanın regional geosiyasi proseslərdən izolyasiya edilməsini sürətləndirir. Müəllif məqalədə diqqəti buna da yönəldir ki, bütün bu proseslər Ermənistanın sosial-iqtisadi cəhətdən daha böyük problemlər yaşaması fonunda baş verir. Ermənistan iqtisadiyyatı artıq tamamilə iflasa uğramaq üzrədir: "Rəsmi açıqlamalara görə, Ermənistanda iqtisadi fəallıq daha sürətlə azalır, ölkə sənayesində ciddi geriləmə qeydə alınır. Həmçinin pərakəndə əmtəə dövriyyəsində də kəskin azalma müşahidə olunur. Ölkədə son illər ərzində enerji tariflərinin kəskin yüksəlməsi və əhalinin həyat səviyyəsinin pisləşməsi vətəndaşların sosial narazılığını da artırır. Regionların qlobal layihələrdən kənarda qalması da prosesə birbaşa təsir edir. Ermənistan hələ də qlobal kommunikasiya layihələrindən kənarda qalmaqdadır. Qlobal meyillər durmadan dəyişir və ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola bildiyi halda, bu şansı da itirməkdədir. Amma əvəzində Azərbaycan prosesdən uğurla faydalanır. Sülh müqaviləsinin imzalanmasının gecikməsində Ermənistan itirən tərəfdir".

İrina Arakinyan adlı biri instaqramda Paşinyan tərəfdarlarının daha çox rəy bildirdiyi xəbərə maraqlı bir şərhlə diqqət çəkib və bununla da onların kəskin tənqidi ilə üzləşib. O yazıb: "Acı reallıq olsa da, qəbul edək ki, Paşinyanın pafoslu çıxışlarına, onun aktyorluğuna yalnız Ermənistanda inanırlar. İlham Əliyev Brüsseldə növbəti dəfə Paşinyanın burnunu ovub, geri göndərdi".

Akop Hukasyan adlı daha bir feysbuk istifadəçisi İlham Əliyevlə Paşinyanın Brüsseldə görüşünün yer aldığı xəbərə münasibət bildirib. İrəvan Dövlət İqtisad Universitetinin tələbəsi rəyində yazır: "Ötən zaman göstərir ki, Azərbaycan istədiyinə daha sürətlə yaxınlaşır. İndi Azərbaycan rəhbərinin diktə edən tərəf olması bir erməni gənci olaraq məni çox qıcıqlandırır. Görəsən, Paşinyan Əliyevin qarşısına hansı üzlə çıxır? Çox təəssüf və qıcıq hissi ilə deyirəm ki, Paşinyan İlham Əliyevə davamlı şəkildə uduzur".

Poxos Poxosyan "VKontakte" sosial şəbəkəsində Prezident İlham Əliyevlə Paşinyanın görüşünün yer aldığı xəbərin rəy bölümündə baş nazirin şəklini paylaşaraq "Ermənistanı sizinlə daha parlaq gələcək gözləyir" şərhi çoxsaylı tənqidlərə, təhqirlərə tuş gəlib. Karen Melikyan adlı istifadəçinin bu fotoya şərhi isə daha çox bəyənmə toplayıb: "İlham Əliyev bizi informasiya müharibəsində də məğlub etməkdə davam edir. Müxtəlif sosial qruplarda "klaviatura qəhrəmanları" çoxsaylı statuslar və şərhlərlə bildirirlər ki, belə çıxış etməklə Nikolu Əliyev qarşısında çox aşağı səviyyəyə salırsınız. Vətənə xəyanət edirsiniz. Vətənə biz yox, Paşinyanonu burada müdafiə edənlər xəyanət edirlər. Neyləməliyik? Ermənistan məhv olur, susmalıyıq?"

Araik Avetisyan adlı istifadəçi tviterdə "Brüsseldə növbəti görüş" paylaşımını edərək yazıb: "Paşinyan boş yerə Brüsselə niyə gedir ki, onsuz da İlham Əliyev nə deyirsə, o da olur. Görəsən, bizim baş nazirimiz sülhü niyə istəmir ki? Özüm də Zəngəzurdanam. Zəngəzur bu anda regionun geosiyasi mərkəzidir. İlham Əliyevi bu mövzuda biz də dəstəkləyirik. Sülh müqaviləsinin imzalanması, dəhlizin açılmasını çox böyük səbirsizliklə gözləyirik. Bu dəhliz sayəsində günə çıxacağıq".

Bütün bunlar əsl həqiqətlərin nədən ibarət olduğunun artıq ermənilər tərəfindən də dərk olunduğunu aydın nümayiş etdirir. Onlar anlamağa başlayıblar ki, Ermənistanın acınacaqlı vəziyyətə düşməsinin əsas səbəbi 30 ilə yaxın davam edən işğalçılıq siyasəti idi.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 2 sentyabr.- S. 6.