Ulu Öndərin Naxçıvan Ali Məclisinin Sədri seçilməsi müstəqillik yolunun əsasını qoydu

 

Müasir dövlətimizin qurucusu Ulu Öndər Heydər Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Ölkəmizin suverenliyinin qorunmasında, müstəqilliyimizin əbədiliyinin təmin edilməsində Ümummilli Liderimizin nümayiş etdirdiyi qətiyyət dövlətçiliyimizin inkişafına əsaslı təsir göstərdi.

Hələ 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ulu Öndərin Ali Məclisin Sədri seçilməsi Azərbaycanın müstəqillik yolunun əsasını qoydu. Ümummilli Liderin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açdı.

Həmin dövrdə Naxçıvan blokada vəziyyətində olsa da, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə bu bölgəmizdə sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Muxtar respublikada aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Digər tərəfdən, Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan ilk rəsmi təmaslar yaradıldı. Blokada şəraitində olan muxtar respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı.

Ulu Öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla muxtar respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etdi. Ulu Öndərin Ali Məclisin Sədri vəzifəsində işləyərkən dünya azərbaycanlılarını bir ideya ətrafında - Vətənə və xalqa xidmət uğrunda birləşməyə səsləməsi və 1991-ci il dekabrın 16-da Ali Məclis tərəfindən "31 Dekabr Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında" qərarın qəbul edilməsi xüsusi əhəmiyyətə malikdir.

Sonrakı dövrdə Ulu Öndərin xalqın təkidli tələbi ilə Bakıya gəlməsi, uçurumun bir addımlığında olan dövlətçiliyimizi xilas etməsi və möhkəmləndirməsi insanların rifahının yaxşılaşdırılması uğrunda ardıcıl fəaliyyətinə yol açdı. Bu istiqamətdə məqsədyönlü mübarizə aparanuğurlu, dayanıqlı nəticələrə nail olan Ümummilli Lider Heydər Əliyevin dahiyanəlik və uzaqgörənliklə işləyib hazırladığı inkişaf siyasətinin ən böyük uğurlarından biribaşlanan işlərin inamla davam etdirilməsidir. Daha dəqiq desək, Heydər Əliyev dövlətçilik məktəbinin layiqli yetişdirməsi olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər tərəfindən iqtisadi-siyasi, ümumiyyətlə, bütün sahələrdə təməli atılmış işləri daha da inkişaf etdirdi. Qısa müddət ərzində Azərbaycanın dövlət büdcəsi bir neçə dəfə artdı, ölkəmizdə ordu quruculuğu və digər sahələrdə yüksək inkişaf əldə olundu. 2020-ci ilin Vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu.

 

Əsli KAZIMOVA,

Azərbaycan Sosial Rifah Partiyasının sədri

 

Azərbaycan. - 2022.- 3 sentyabr.- S.5.