Mədəniyyət naziri ABŞ-da yaşayan azərbaycanlı diaspor nümayəndələri ilə görüşüb

 

Mədəniyyət naziri Anar Kərimov sentyabrın 7-də ölkəmizdə səfərdə olan ABŞ-da yaşayan azərbaycanlı diaspor nümayəndələrindən ibarət heyəti qəbul edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Azərbaycana gələn Amerika-Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri, cəmiyyətin üzvləri Nigar Pənahova və Seva Əzimova, məşhur rəqs şirkətinin icraçı direktoru Andryu Çanq, türkəsilli amerikalı jurnalist Cemil Fatih Özyurt və digərləri iştirak ediblər.

Nazir qonaqları səmimi salamlayaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında diaspor nümayəndələrinin mühüm rolu olduğunu vurğulayıb.

Anar Kərimov bu ilin may ayında ABŞ-a səfəri çərçivəsində BMT-nin Baş Qərargahında, eləcə də bu ölkənin bir sıra mədəniyyət müəssisələrində keçirilən görüşlər barədə məlumat verib. Deyib ki, ABŞ-da yaşayan diasporumuz Azərbaycan mədəniyyətinin tanıdılmasında böyük rol oynayır. Nazir mədəniyyət sahəsində əməkdaşlıqda, eləcə də mədəni irsimizin təbliğində diaspor təşkilatlarının dəstəyinin vacibliyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası Prezidentinin “Bakı Prosesiqlobal təşəbbüsü və Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” (Peace4Culture) beynəlxalq çağırışı barədə də nümayəndə heyətinə məlumat verən Anar Kərimov deyib ki, çağırışın əsas məqsədi postmünaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhə töhfə verməkdən ibarətdir. Qeyd olunub ki, bu qlobal kampaniya, eyni zamanda, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mövcud vəziyyətin, dağıdılmış infrastrukturun və mədəniyyətimizə qarşı törədilmiş vandalizmin dünyaya çatdırılması məqsədi daşıyır.

Səmimi qəbula görə nazirə təşəkkürünü bildirən diaspor nümayəndələri Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərdə iştiraklarından məmnunluqlarını ifadə ediblər. Bundan sonra da mədəniyyətimizin təbliğinə yönələn layihələrə dəstək olacaqlarını vurğulayıblar.

 

Azərbaycan.- 2022.- 8 sentyabr.- S.3.