Qadın Parlament Sədrlərinin 14-cü Sammitinin iştirakçıları Özbəkistanın Səmərqənd şəhərinə səfər ediblər

 

Xəbər verdiyimiz kimi, Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak etmək məqsədilə Özbəkistanın paytaxtı Daşkənd şəhərinə işgüzar səfər edib.

Sentyabrın 10-da sammitdə iştirak edən nümayəndə heyətləri Özbəkistanın Səmərqənd şəhərinə gəliblər. Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva, Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq, sammitdə iştirak edən parlament rəhbərləri və onların başçılıq etdikləri nümayəndə heyətləri Səmərqəndin tarixi və mədəni yerləri ilə tanış olublar.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, qonaqlar Uluqbek Rəsədxanası, Müqəddəs Daniil məqbərəsi, Şahi-Zində məqbərəsi, Bibixanım məqbərəsi, Registan meydanı və Əmir Teymur məqbərəsində olublar. Nümayəndə heyətlərinin üzvlərinə tarixi yerlər haqqında ətraflı məlumat verilib.

Burada Milli Məclisin sədri Sahibə Qafarova Özbəkistan kütləvi informasiya vasitələrinə müsahibə verib.

 

Azərbaycan.- 2022.-13 sentyabr.- S.3.