Qafqazın həlledici gücü

 

İkinci Qarabağ müharibəsi yalnız Ermənistanın hərbi müstəvidə darmadağın edilməsi ilə nəticələnmədi. Azərbaycan bu qələbəsi ilə saxta erməni miflərini alt-üst etdi, dünya erməniliyinin onilliklər boyu bəşəriyyətə təqdim etdiyi stereotiplərin yalan olduğunu göstərdi. Bu baxımdan 44 günlük müharibə erməni cəmiyyətinin dirçəlişi mümkün olmayan mənəvi çöküşü kimiyadda qaldı.

 

"Dəmir yumruq" revanşistlərin niyyətlərini gözlərində qoyacaq

 

Müharibənin başa çatmasından təxminən iki ilə yaxın vaxt ötür. Artıq Azərbaycanın haqq işini, beynəlxalq prinsiplərlə tanınmış hüquqlarını müharibə yolu ilə təmin etməsi bütün səviyyələrdə qəbul olunur. Başqa cür desək, bütün dünya, beynəlxalq təşkilatlar və dövlətlər bu müharibənin nəticələrini tanıyır, Azərbaycanın öz torpaqlarını azad etməsinə ehtiramla yanaşırlar. Müharibənin başa çatmasından sonrakı dövrün reallıqları göstərir ki, hətta erməni təəssübünü çəkən siyasi mərkəzlərin də 44 günlük savaşın nəticələrini qəbul etməkdən savayı başqa yolları yoxdur.

Lakin maraqlıdır ki, bu günün özündə də Ermənistanda saxta erməni təfəkküründən çıxış edənlər var. Belələri hələ də beyinlərinə yeridilən saxta təxəyyüllərin reallaşacağına inanırlar. Amma onlar hələ də dərk edə bilmirlər ki, Ermənistanın işğalçılıq siyasətinə həmişəlik son qoyulub.

Anlaya bilmirlər ki, kimlərinsə yedəyində oturub hegemonluq etdikləri, özlərini qalib kimi apardıqları dövr keçmişdə qalıb və bu, birbaş verməyəcək.

Bunu təsdiq edən əsas faktorlardan biri də Ermənistanın iqtisadi vəziyyətinin işğal siyasəti yürütməyə imkan verməməsidir. Digər tərəfdən mövcud beynəlxalq şəraitdə Ermənistanın hansısa xarici hərbi yardıma ümid etməsi xam xəyaldan başqa bir şey deyil. Ən mühümü odur ki, Azərbaycan onsuz da yüksək olan hərbi qüdrətini 44 günlük müharibədən sonra daha da artırır, döyüş imkanlarını daha da genişləndirir. Odur ki, Azərbaycan, onun "dəmir yumruğ"u Ermənistandakı revanşistlərin də niyyətlərini gözlərində qoyacaq.

 

Ermənistan reallıqlara uyğunlaşmalıdır

 

Müharibədən sonrakı dövrün reallıqları da göstərir ki, bütün proseslər savaşın qalibi olan Azərbaycanın maraqlarına uyğun gedir. Ən mühümü odur ki, Bakı bütün reallıqları diktə edən tərəf kimi çıxış edir və İrəvanın bu həqiqətlərə uyğunlaşmaqdan başqa yolu yoxdur. Prezident İlham Əliyevin avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşübunu təsdiq edir.

Bununla bağlı vacib məqamlardan biri danışıqların Azərbaycanın irəli sürdüyü beş baza prinsipi üzrə aparılmasıdır. Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən "Dünya, Avropaİtaliyaya baxış" və "Rəqabətli strategiyalar üçün bugünün və sabahın ssenarisi" mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumundan sonra  xarici kütləvi informasiya vasitələrinin suallarını cavablandıran Prezident İlham Əliyev beş baza prinsipinin nədən ibarət olması barədə deyib: "Birincisi, hər iki ölkənin ərazi bütövlüyünün tanınması, ikincisi, qarşılıqlı olaraq hər hansı ərazi iddialarından imtina, üçüncüsü, güc tətbiq etməmək və ya güclə hədələməmək, dördüncüsü, sərhədlərin delimitasiyası və beşincisi, kommunikasiyaların açılması.

Bunlar Azərbaycan tərəfindən Ermənistana təklif olunmuş beş baza prinsipidir və Ermənistanın baş naziri onları qəbul edib. Bu, bir daha iki gün bundan əvvəl bizim Brüsseldəki görüşümüzdə təsdiq edilib. Bizim xarici işlər nazirləri həmin beş prinsip əsasında sazişin mətni üzərində praktiki danışıqlara başlayacaqlar".

 

Azərbaycanın məqsədi bölgədə sülhün təmin olunmasıdır

 

Beləliklə, sonuncu Brüssel görüşünün mühüm məqamlarından biri Azərbaycanla Ermənistan arasındakı münasibətləri nizamlayacaq sülh müqaviləsinə dair işlərin sürətləndirilməsi ilə bağlı razılığa gəlinməsidir. Bunun üçün Ermənistana təqribən iki il lazım gəldi. Görünən odur ki, Azərbaycanın yürütdüyü siyasət Ermənistanı sülhə məcbur edir. İrəvanın rəsmi dairələri də yaxşı anlayırlar ki, başqa yolları yoxdur.

Görüşdə sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və bununla bağlı Ermənistanın öhdəliyi, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi, Birinci Qarabağ müharibəsində itkin düşən Azərbaycan vətəndaşları ilə əlaqədar və digər humanitar məsələlərlə bağlı irəliləyişin əldə olunması istiqamətində aparılan mühüm müzakirələr bütövlükdə prosesin müsbət dinamika ilə inkişaf etdiyini deməyə əsas verir.

Azərbaycanın məqsədi bölgədə sülhün təmin olunmasıdır. Bu istiqamətdə müzakirələrdən boyun qaçırması, öhdəliklərini yerinə yetirməməsi, üçtərəfli razılaşmaların tələb etdiyi prosesləri ləngitməsi İrəvanın sülh prosesinə destruktiv yanaşması olacaq.  Bu cür gedişat isə Ermənistan üçün yaxşı heç nə vəd etmir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 13 sentyabr.- S.1; 5.