Ərzaq təhlükəsizliyinin təmin edilməsi strateji vəzifədir

 

Dünyada baş verən hadisələr - iqlim dəyişiklikləri, müharibələr, dövlətlərarası münasibətlərin kəskinləşməsi, ağır xəstəliklərin yayılması, əhalinin artımı və digər səbəblər insanların ərzağa, xüsusilə kənd təsərrüfatı məhsullarına olan tələbatını artırır.

Ciddi çətinlikləri, dünya əhalisinin 800 milyondan çoxunun aclıqdan əziyyət çəkdiyini və 1,5 milyard insanın aclıq riski ilə üz-üzə qaldığını nəzərə alsaq, onda ərzaq təhlükəsizliyinin təmin olunmasında hər bir dövlətin, vətəndaşın məsuliyyətinin nə qədər ciddi olduğunu aydın qiymətləndirə bilərik.

Azərbaycan da bu çətinliklərdən kənarda deyil və yaranmış vəziyyət daim müzakirə obyekti olmaqla problemlərin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görülür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ərzaq təhlükəsizliyi məsələsini daim diqqətdə saxlayır, vəziyyətdən çıxış yolları axtarılır, taxıl ixrac edən ölkələrlə əlaqələr yaradılır, ölkədə ərzaqlıq buğdaya olan tələbatın ödənilməsi üçün yeni layihələr həyata keçirilir.   

Vahid proqramlar əsasən buğda əkini sahələrinin genişləndirilməsinə, suvarma sistemlərinin təkmilləşdirilməsinə, yeni texnologiyaların tətbiqinə, aqrotexniki tədbirlərin səmərəliyinə, fermerlərin əməyinin stimullaşdırılmasına, toxumçuluq təsərrüfatlarının yaradılmasına, kadr hazırlığına və ilbəil məhsuldarlığın yüksəldilməsinə istiqamətləndirilmişdir.

Azərbaycan Prezidenti hökumətin hesabatlarında, müşavirələrdə, regionlara səfəri zamanı çıxışlarında ərzaq təhlükəsizliyini və aqrar sektordakı vəziyyəti daim ön plana çəkməklə bu sahədəki uğurları və çətinlikləri ətraflı təhlil edir, dəyərli təkliflərini, tapşırıqlarını verir. Çünki hər il dünyada taxıl istehsalı on milyon tonlarla azalır ki, bu da ərzağın qiymətlərinin artırılmasına səbəb olur. Nəticədə yalnız iqtisadi deyil, həm də ciddi sosial problemlər yaranır.   

Dövlətimizin rəhbəri dünyada baş verən hadisələri, ölkəmizdə mövcud olan vəziyyəti, taxıl istehsalı sahəsində durumu qiymətləndirərkən bildirib: "Heç vaxt tarixdə - sovet dönəmində və müstəqillik dövründə bu rəqəmlərə biz çıxmamışıq. Amma yenə də özümüzü biz hələ ki, təmin edə bilmirik və xüsusilə buğda ilə. Biz təqribən 2,3 - 3,4 milyon ton buğda istehlak edirik. Onlardan cəmi 2 milyonu Azərbaycanda istehsal edilir. Qalanlarını idxal edirik və mən əgər bu gün desəm ki, biz 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edə bilərik, yəqin ki, indiki şəraitdə səhv olar. Ancaq çalışmalıyıq ki, yerli istehsal artsın, ilk növbədə məhsuldarlıq hesabına".   

Bu gün dünyada istehsalın artırılmasına əsasən məhsuldarlıq hesabına nail olunur. Belə ki, bir çox ölkələrdə buğda istehsalı hər hektardan 70-80 sentnerə çatdırılır. Bu baxımdan ölkə rəhbərinin qeyd etdiyi kimi, məhsuldarlığın artırılması ən düzgün yoldur. Bunun Azərbaycanda da əyani nümunələri vardır. Ölkədə elə iri fermer təsərrüfatları var ki, onlar aqrotexniki qaydaları lazımi qaydada tətbiq etməklə hektarda məhsuldarlığı 60-70 sentnerə çatdırmağa nail olurlar. Ancaq əksər, xüsusilə ortakiçik təsərrüfatlarda bu rəqəm 30-31 sentnerdən yüksək deyilbu da respublika üzrə ümumi göstəricilərə mənfi təsir edir.

Azərbaycanın özünü buğda ilə təminetmə əmsalı ilin əvvəlinə 62 faiz olmuşdur. Vəziyyəti daha da yaxşılaşdırmaq, ərzaqlıq buğdaya olan tələbatı müəyyən qədər ödəmək məqsədilə dövlət başçısı tərəfindən fərmanlar imzalanıb, göstərişlər əsasında xüsusi proqram hazırlanıb. Yaxın 3-4 il ərzində ölkəni ərzaqlıq buğda ilə 80 faiz təmin etmək başlıca vəzifə kimi qarşıya qoyulub. Bu, çətin olsa da, ancaq məsuliyyətli və şərəfli bir vəzifədir.

Prezident İlham Əliyevin bu ilin iyul ayında imzaladığı "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" fərman məhz bu çətin və həm də icrası mümkün olan vəzifənin həyata keçirilməsinə xidmət edir. Sənəddə bir daha qeyd olunur ki, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi bu gün aqrar sektorun qarşısında duran əsas vəzifələrdəndir.   

Fərmanda qarşıya qoyulan vəzifələr bir daha göstərir ki, ölkədə ərzaqlıq buğda istehsalını artırmaq məqsədilə aqrar sahəyə dövlət dəstəyi  mexanizmləri təkmilləşdirilir və beynəlxalq təcrübəyə əsaslanan dəstək tədbirləri həyata keçirilir. Bu mexanizm taxılçılıq sahəsində çalışanların əməyini təşviq etmək məqsədinə xidmət edir.

Son illər dövlət rəhbərinin tapşırıqları əsasında ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən mühüm tədbirlər, formalaşdırılmış böyük potensial, xüsusilə müasir texnologiyaların tətbiqinə əsaslanmaqla  iri taxılçılıq təsərrüfatlarının yaradılması, həmçinin uzun illər işğal altında olan torpaqların işğaldan azad edilməsi ölkənin ərzaqlıq buğda ilə yeni hədəflərinin müəyyən edilməsinə imkan verir.

Fərmanda üç hədəf əsas məqsəd kimi qarşıya qoyulur: "Birincisi, ərzaqlıq buğda ilə özünütəminat səviyyəsinin yüksəldilməsi, ikincisi, suvarma sistemlərinin tətbiqi, üçüncüsü isə fermerlərin gəlirlərinin artırılması". Bu mexanizm müasir suvarma sistemləri və resurs qoruyucu istehsal texnologiyalarının tətbiqi yolu ilə yerli ərzaqlıq buğdanın istehsalının və məhsuldarlığının artırılmasını ehtiva edir. Bunun üçün ilk növbədə suya qənaət edən müasir suvarma sistemlərinin - pilot suvarmanın təşviqi, daha yüksək məhsuldarlıq üçün müasir texnologiyaları tətbiq edən istehsalçıların stimullaşdırılması nəzərdə tutulur. Belə ki, dövlət pilot suvarma sistemlərinin dəyərinin 40 faizini ödəyir, 60 faizi üçün güzəştli kredit ayırır.

Ərzaqlıq buğda yetişdirənlərə əlavə dəstək tətbiq etməklə dövlət fermerləri məhz bu buğdanın becərilməsinə təşviq edir. Beləliklə, ərzaqlıq buğda istehsalçıları həm əkinə, həm də məhsula görə subsidiya alacaqlar. Yəni pilot suvarma tətbiq edən istehsalçılara Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri ərzaqlıq buğdaya görə 2023-cü ildən başlayaraq 5 il müddətinə məhsul subsidiyası ödəniləcəkdir.

Həmçinin ərzaqlıq buğda üçün minimum alış qiyməti müəyyən olunacaqdır. Yəni idxal olunan buğdanın qiyməti ölkədə istehsal olunan buğdanın qiymətindən ucuz olduqda, qiymət fərqinin yerli istehsalçılara ödənilməsi nəzərdə tutulur ki, bu da yerli istehsalçıların mənafelərinin müdafiəsi üçün vacibdir.

Prezidentin fərmanı ölkənin taxıl istehsalçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Digər tərəfdən fermerlərə fərmandan irəli gələn vəzifələr, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün icra mexanizmləri, əsasən də kredit və zəmanət mexanizmləri ilə bağlı zəruri məlumatlar verilir. Bildirilir ki, mövcud tələblərə uyğun olan, yəni mülkiyyətindəki torpaq sahəsi 50 hektardan çox olan sahələrdə müasir suvarma sistemləri qurulmuş, əraziləri vahid massivdə yerləşən, istehsal etdiyi ərzaqlıq buğdanı dövlət tədarükü qiymətinə Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil vermək istəyən fermerlər Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə imzalamaq üçün müraciət etməlidirlər.    

Əkin subsidiyası taxıl əkilmiş sahələrin miqyasına, hektarına görə verilir. Beləliklə, fermerlər əkin subsidiyası ilə yanaşı, dövlətə təhvil verdikləri ərzaqlıq buğdanın tonuna görə də əlavə olaraq məhsul subsidiyası alacaqlar.

Qəbul olunmuş qanunlar, imzalanmış fərman və sərəncamlardan irəli gələn vəzifələr ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bərabər, həm də istehsalçıların daha çox gəlir əldə etməsinə yönəldilmişdir. Bu sahədə görülən işlər, yeni metodların, dəstək mexanizmlərinin təşviq edilməsi, taxılçılıqda yeni innovativ texnologiyalar, keyfiyyətli toxum istehsalı, sertifikatlı toxumlardan istifadənin genişləndirilməsi bəzi rayonların timsalında müsbət nəticələrini verir.

 Hacıqabul, Bərdə, Tovuz, Sabirabad, Tərtər, Ağcabədi rayonlarının taxılçıları bu il becərdikləri taxıl sahələrinin hər hektarından 40 sentnerdən çox  məhsul əldə etmişlər ki, bu da respublika üçün yaxşı göstəricidir.

Ancaq çox təəssüflər olsun ki, bəzi rayonlarda məhsuldarlıq nəinki ölkə səviyyəsində, ondan da xeyli aşağı olmuşdur. Respublikanın iri taxılçılıq rayonlarından sayılan Şəkidə hər hektardan cəmi 18,3 sentner məhsul götürülmüşdür ki, bu da belə bir dövrdə qənaətləndirici sayıla bilməz. Şamaxı, Xızı və bəzi rayonlarda isə məhsuldarlıq 20 sentnerə belə çatdırılmamışdır. Əlbəttə, belə hallar respublika üzrə məhsuldarlığa ciddi təsirini göstərmişdir.

Taxıl əkmək, becərmək, toplamaq, çörəyə çevirmək əsas şərt olsa da, bu müqəddəs nemətdən səmərəli, qənaətlə istifadə etmək daha vacibdir. Məlum olduğu kimi, Rusiya ilə Ukrayna arasında davam edən müharibə bu ölkələrdən taxıl, xüsusilə ərzaqlıq buğda idxalını xeyli çətinləşdirmişdir.

Azərbaycan Prezidenti ölkə əhalisinin ərzaq təhlükəsizliyini təmin etmək üçün bu gün bütün imkanları nəzərdən keçirir, lazımi tədbir görür. Hətta başqa ölkələrdə torpaq icarəyə götürüb taxıl yetişdirməyin yolları gündəmə gətirilir, gələcək perspektivlər qiymətləndirilir. İşğaldan azad olunmuş torpaqların minadan təmizlənib əkin dövriyyəsinə  daxil edilməsi, 100 min hektar sahədə taxıl əkilməsi məqsəd kimi qarşıya qoyulur.

Ərzaq təhlükəsizliyinin təmin olunmasında dövlətlə bərabər, hər bir sahibkarın, vətəndaşın da üzərinə məsuliyyət düşür. İnsanlarımız dünyada baş verən hadisələrə - ərzaq qıtlığına, bahalaşmaya ciddi yanaşmalıdırlar. Bütün məsuliyyəti dövlətin üzərinə atmaq düzgün deyil.

Kiçikorta sahibkarlar, taxıl istehsalçıları öz torpaqlarını birləşdirməklə geniş sahələrdə taxıl əkilməsini mütləq həyata keçirməlidirlər. Bu, sudan, texnikadan, digər resurslardan səmərəli istifadə etməyə, məhsuldarlığı artırmağa, vaxta qənaət etməyə, sahələrin daha keyfiyyətlə, aqrotexniki qaydada becərilməsinə, məhsulun qorunmasına və vaxtında toplanmasına, pul gəlirlərinin artırılmasına imkan yaratmış olar. İri taxılçılıq təsərrüfatlarının əldə etdiyi nəticələr bunu deməyə əsas verir.

Dövlət rəhbərinin dediyi kimi, əgər iri təsərrüfatlarda hər hektardan 60-70 sentner götürülürsə, bu, kiçik təsərrüfatlarda 30 sentnerdən yuxarı olmur. Belə olan halda sahibkarlar həm məhsuldarlığın yüksəldilməsi, həm də gəlirlərin artırılması barədə ciddi düşünməli, öz işlərini müasir tələblər, qabaqcıl təcrübələr əsasında qurmalıdırlar.

Taxılçılığın inkişaf etdirilməsinin başlıca yollarından biri də keyfiyyətli, məhsuldar buğda sortlarının yetişdirilməsidir. Ölkəmizin iqlim şəraitinə, torpaqlarımızın məhsuldarlığına uyğun belə toxum sortlarının yetişdirilməsinə başlanılsa da, bunu hələ ki, uğurlu hesab etmək olmaz. Kənd Təsərrüfatı Nazirliyi artıq bu sahədə sistemli tədbirlərin həyata keçirilməsinə start vermişdir. Regionlarda keçirilən toxum sərgi-satış yarmarkaları, toxumçuluqla bağlı sahibkarlarla aparılan söhbətlər, maarifləndirmə tədbirləri istehsalçılar tərəfindən yaxşı qarşılanır və bu, sözsüz ki, öz müsbət nəticələrini göstərəcəkdir. Çörək əsas ərzaq məhsuludur. Bu müqəddəs nemət min bir zəhmət bahasına başa gəlir və təəssüf ki, onun istehlakına bir çox hallarda laqeyd yanaşılır. Bəzən ondan israfçılıqla istifadə edilir. Adambaşına ən çox çörək istehlak edən və ən çox israfçılığa yol verən ölkə kimi nöqsanlarımızı hesaba çəksək, ərzaq təhlükəsizliyimizə nə qədər ziyan vurduğumuzu aydın dərk edərik. Hər gün şadlıq evlərində, restoranlarda, ictimai iaşə obyektlərində, toyyas mərasimlərində, kütləvi tədbirlərdə, ailələrdə israf edilən on tonlarla çörəyin hesabatını aparsaq, əlbəttə ki, dəhşətli rəqəmlərlə qarşılaşarıq. Bu, yüz min tonlarla hesablanır və qətiyyən yolverilməzdir. Ağıllı insan yaşadığı ərazidə hər gün xeyli miqdarda çörəyin tullantıya çevrildiyini görəndə düşünməlidir, ürək ağrısı keçirməlidir. Un məhsullarına münasibət də belədir və bizə həyat verən, dünyanı çıxılmaz vəziyyətdə qoyan ərzağa - una, çörəyə belə yanaşma əsl məsuliyyətsizlikdir.

Azərbaycan Prezidenti və hökuməti ölkədə ərzaq təhlükəsizliyinin təmin olunması üçün bütün qabaqlayıcı tədbirləri görürbu səbəbdən də ölkə vətəndaşları bu günə kimi ciddi problemlərlə üz-üzə qalmamışlar. Ancaq çörəyin qiymətinin nisbətən artması, bir çox ərzaq məhsullarının bahalaşması, dünyada ərzaqlıq buğdaya, una olan tələbatın çoxalması və ərzaq məhsullarının idxalının çətinləşməsi gələcək barədə ciddi düşünməyi tələb edir. Bu, hər bir insanı narahat etməli və hər bir vətəndaş ərzaq təhlükəsizliyinin təmin edilməsində öz vəzifəsini dərk edib qiymətləndirməlidir.

 

Tahir RZAYEV,

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri

 

Azərbaycan.- 2022.-13 sentyabr.- S.5.