Türkiyənin xarici işlər naziri Ermənistanın son irimiqyaslı hərbi təxribatları barədə məlumatlandırılıb

 

Sentyabrın 13-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı nazir Ceyhun Bayramov sentyabrın 12-də gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan sərhədində Ermənistanın genişmiqyaslı təxribatları barədə Türkiyə tərəfinə ətraflı məlumat verib. Ermənistanın son bir ay ərzində Azərbaycan mövqelərini atəşə tutması, Azərbaycan ərazilərinin minalanmasının davam etməsi, bölgədə hərbiləşmə prosesini genişləndirdiyi diqqətə çatdırılıb.

Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı hərbi təhlükələrin qarşısının alınması, hərbi qulluqçularımızın və infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görüldüyü bildirilib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hərbi gərginliyin və təxribatların narahatlıq doğurduğunu, Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərinin tam yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığı zamanı digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2022.- 14 sentyabr.- S.4.