Erməni təxribatlarının qarşısı qətiyyətlə alındı

 

Mövqelərimizə təhdid yarada biləcək bütün strateji nöqtələr nəzarətə götürülüb

 

Ermənistan davamlı olaraq mövqelərimizi atəşə tutur, son bir ayda isə bu prosesin intensivləşdiyi müşahidə olunurdu.

Eyni zamanda Ermənistan tərəfindən Azərbaycan sərhədləri boyunca hücum təyinatlı silahları, ağır artilleriya vasitələrini və şəxsi heyəti cəmləşdirməsi müşahidə olunmaqda idi. Sonuncu Brüssel görüşündən sonra sülh sazişinin bağlanması istiqamətində işlərin sürətlənəcəyi halda Ermənistan tərəfindən belə addımların atılması müqaviləni bağlamaqdan yayınmaq və ya gecikdirmək istəyindən başqa bir şey deyildi.

Sonuncu təxribat isə sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törədilib. Təbii ki, təxribatların qarşısı rəşadətli ordumuz tərəfindən qətiyyətlə alınıb.

Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan silahlı qüvvələrinin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefindən və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib.

 

Sülh müqaviləsindən yayınmaq ermənilərin xislətidir

 

Sərhəddə baş verən son təxribatla bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev qəzetimizə bildirib ki, sentyabrın 12-si gecə saatlarından başlayaraq Ermənistan hərbçiləri Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində mövqelərimizi atəşə tutub, eyni zamanda mövqelər arasındakı əraziləri minalayıb, hərbi postlara tərəf  həm iriçaplı silahlardan, həm də minaatanlardan atəş açaraq təxribat törədiblər.

Deputat qeyd edir ki, Azərbaycan Ordusu adekvat cavab verməklə düşmənin təxribat törətdiyi mövqeləri məhv edib, bir sıra yüksəkliklər ordumuzun nəzarətinə keçib. Artıq Ermənistan rəhbərliyi Rusiya Prezidentinə və digər dövlət rəhbərlərinə zəng edir, yalvarmaqla  prosesləri dayandırmağa çalışır.

Arzu Nağıyev deyir ki, bir aya yaxındır ermənilər təxribatları intensivləşdirib: "Onların Azərbaycan-Ermənistan sərhədində təxribat törətməkdə məqsədləri delimitasiya  demarkasiya prosesi ilə bağlı komissiyaların başlanılan işini pozmaq, status-kvonu saxlamaqdır. Digər məsələ isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmaqla, müxtəlif dövlətləri bu proseslərə cəlb etmək və ya missiyasını başa vurmuş ATƏT-in Minsk qrupunun fəaliyyətinin yenidən  bərpa olunmasını istəmələridir".

Deputatın sözlərinə görə, istər Brüssel, istərsə də Rusiyada keçirilən görüşlər, sülhün bərqərar edilməsi üçün atılan addımlar ərəfəsində, həmçinin bundan əvvəl və sonra da prosesləri pozmaq, qondarma statusu ortaya atmaqsülh müqaviləsindən yayınmaq ermənilərin xislətindədir. Bu, Ermənistanın həm daxili, həm də xarici siyasətindən irəli gəlir.

Deputat bütün bunlara baxmayaraq, Azərbaycan Ordusunun öz yerində, gücündə olduğunu, ermənilərin təxribatlarının qarşısını qətiyyətlə aldığını vurğulayır: "Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh sazişi kimə ziyan vura bilər? Sülh bərqərar olarsa, Köçəryan və bu kimi digər qüvvələrin hamısı həbs oluna bilərlər. Onlar son 30 ildə törətdikləri cinayətlərə görə beynəlxalq məhkəmələr qarşısında cavab verməlidirlər. Buna görə nəyin bahasına olursa-olsun sülh prosesinə mane olmağa çalışırlar".

 

Ermənistan təcavüzkar dövlət obrazında sülh sazişi bağlamaq məcburiyyətində qalacaq

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşiroğlu deyir ki,  Ermənistan növbəti təxribatını törətməklə bir daha sülh prosesini əngəlləmək istədiyini nümayiş etdirdi.

Deputat qeyd edir ki, Ermənistan heç  vaxt sülhün, təhlükəsizliyin təmin olunmasının tərəfdarı olmayıb. Onların missiyası xarici dairələrin maraqlarına xidmət edərək regionda hər zaman münaqişə və gərginliyin olmasından ibarətdir. Lakin 44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan məğlub dövlət obrazında da sülh sazişini bağlamaq məcburiyyətində qalacaq.

Elşad Mirbəşiroğlu deyir ki, təxribatların bir neçə səbəbi var: "Birincisi, onlar sülh prosesini dayandırmağa çalışır, ikincisi, olduqca ağır məğlub tərəf obrazında danışıqlar masasına əyləşərək sülh sazişini imzalamaq istəmirlər. Bunun qarşısını almaq üçün Azərbaycan ərazisində yaşayan ermənilərin statusu üzərindən manevr etməyə çalışır və hər vəchlə ATƏT-in Minsk qrupunun yenidən dövriyyəyə qatılmasını istəyirlər. Minsk qrupunun bundansonrakı fəaliyyəti nə praktiki, nə də hüquqi baxımdan mümkündür. Ancaq Ermənistan düşünür ki, əgər məsələni hansısa formada ATƏT-in Minsk qrupu platformasına daşıya bilsə, onda əlavə dəstək alaraq münaqişənin hələ də davam etdiyi təəssüratını yarada biləcək".

Deputat bildirir ki, ABŞ-ın Cənubi Qafqaz regionu üzrə nümayəndəsini həm də ATƏT-in mövcud olmayan Minsk qrupuna həmsədr təyin etməsi sözügedən ölkənin regionda münaqişə vəziyyətinin qalmasına cəhdinin göstəricisidir. Bu cür qeyri-sağlam, destruktiv yanaşma isə regionda təhlükəsizliyə, sülhə gedən yolda böyük maneə yaradır. Məhz Ermənistan da belə hallardan ruhlanaraq təxribatlarını davam etdirir, münaqişənin bitmədiyi təəssüratını yaratmağa çalışır. Bununla da sülh prosesini gecikdirir.

O vurğulayır ki, Ermənistan həm də təcavüzkar dövlət obrazında deyil, guya Azərbaycan ərazisində yaşayan ermənilərin hüququnu müdafiə edən dövlət kimi yekun sülh sazişi imzalamaq arzusundadır. Amma Ermənistanın işğalçılıq siyasətini, təcavüzkar dövlət obrazını heç bir halda kölgədə qoymaq mümkün deyil. Bu obrazda da danışıqlar masasına əyləşərək yekun sülh sazişini imzalamaq məcburiyyətində qalacaq.

E.Mirbəşiroğlu bildirir ki, avqustun əvvəlində Ermənistanın növbəti təxribatlarının qarşısını almaqla yanaşı,  bir sıra strateji yüksəkliklərdə nəzarətimizi təmin etdik. Avqustun 31-də Brüsseldə onsuz da güclü olan mövqelərimizi daha da möhkəmləndirmiş şəkildə masaya əyləşdik. Sülh sazişinin  müzakirəsi üçün Ermənistanı İşçi qrupu yaratmağa məcbur etdik.

Deputat hesab edir ki, Ermənistan bundan sonra da təxribatlarını davam etdirəcək. Amma Azərbaycanın gücü bu təxribatların qarşısını almağaöz mövqelərini daha da möhkəmləndirməyə qadirdir. Azərbaycan düşməni daha ağır məğlubiyyətlərə uğradaraq sülh sazişini imzalamağa məcbur edəcək.

Ermənistan bu kimi əməlləri ilə həmçinin Azərbaycanın işğaldan azad edilmiş sərhədyanı rayonlarda həyata keçirdiyi irimiqyaslı mülki infrastruktur layihələrinin icrasını ləngitmək və Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq məqsədini güdür. Bununla yanaşı, sülh sazişini gecikdirmək üçün özünə havadar axtarışını da davam etdirironlardan kömək istəyir. Lakin bütün bunlar mənasızdır.

 

 

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 14 sentyabr.- S.6.