"Azəri-Çıraq-Günəşli" uzunömürlü olacaq

 

5 il əvvəl imzalanan sazişlə bu nəhəng blokun işlənməsinin yeni dövrü başlandı

 

2017-ci il sentyabrın 14-də "Azəri-Çıraq-Çünəşli" (AÇG) yataqlarının birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalandı. Heydər Əliyev Mərkəzində yeni sazişin imzalanması mərasimində Prezident İlham Əliyev bunun ölkəmizin həyatında çox əlamətdar və tarixi hadisə olduğunu vurğuladı.

Dövlət başçısı qeyd etdi ki, yeni kontrakt Azərbaycan üçün daha da əlverişlidir. Baxmayaraq ki, 1994-cü ildə imzalanmış müqavilə də  bizim maraqlarımızı tam təmin edirdi. Bu dəfə isə daha yaxşı şərtlərlə kontrakt imzalanır.

28 il əvvəl imzalanmış möhtəşəm kontrakt - Xəzərin Azərbaycan sektorundakı AÇG yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) sonralar "Əsrin müqaviləsi" adını almışdır. O zaman Ulu Öndər Heydər Əliyev böyük uzaqgörənliklə demişdir ki, "Əsrin müqaviləsi" qarşıdakı inkişaf yolunun, nəhəng işlərin başlanğıcıdır. Zaman göstərdi ki, bu, həqiqətən də gələcək əsrlərə hesablanmış bir sazişdir.

Yeni saziş isə "Yeni əsrin müqaviləsi" adlandırıldı. Bu sazişn imzalanması Azərbaycanın neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinin və getdikcə inkişafının daha bir aydın nümunəsi idi. İlham Əliyev bu layihə ilə Azərbaycanın neft tarixində yeni mərhələnin əsasını qoydu. Bu, eyni zamanda ölkənin iqtisadi gücünün çoxalması, yeni investisiya qoyuluşları, ümumi daxili məhsulun artması, yeni yerlərinin açılması və əhalinin sosial rifahının daha da yaxşılaşdırılması deməkdir.

1994-cü ildə AÇG-nin tammiqyaslı işlənməsi üçün saziş 30 il müddətinə imzalanmışdı. Dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması vaxtilə başlanan nəhəng işlərin davamı olaraq  2050-ci ilə qədər  uzadıldı.

Xəzərin ölkəmizə məxsus sektorunda, sahildən təxminən 120 kilometr şərqdə yerləşən AÇG yataqları dünyanın ən zəngin neft mənbələrindəndir. "Çıraq"dan artıq 25 ildir neft hasil olunur. 2005-ci ildən "Azəri" yatağı da neft verməyə başlayıb. Xatırladaq ki, "Azəri"nin özü üç hissədən - "Mərkəzi Azəri", "Qərbi Azəri" və "Şərqi Azəri" yataqlarından ibarətdir. Bu da təbiətin Azərbaycana səxavətlə bəxş etdiyi bir sərvətdir. "Günəşli"nin dayaz hissəsi sovet dönəmindən Azərbaycan neftçiləri tərəfindən istismar olunur. Dərinsulu hissəsi isə "Əsrin müqaviləsi"nin tərkibində işlənir.

AÇG yataqlar blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin ilk səkkiz ayında  6,6 milyard  dollar gəlir əldə edib.

AÇG üzrə HPBS-dən əldə olunan bilavasitə gəlirlərə Azərbaycan Respublikasına bonus ödənişləri, mənfəət neftindən pay, vergilər, təmənnasız səmt qazı, SOCAR-ın mövcud infrastrukturunun (gəmilər, qazma qurğuları, tikinti-quraşdırma sahələri və s.) modernləşdirilməsi, icarə haqları, məşğulluq fonduna, sosial və digər fondlara ödənişlər daxildir.

"Əsrin müqaviləsi"nin imzalanmasından keçən illər tarix üçün böyük zaman kəsiyi deyil. Bununla belə, həmin qısa dövr ərzində Azərbaycan bir sıra qlobal layihələr həyata keçirmiş, böyük uğurlara imza atmışdır. Bakıdan 55 kilometr cənubda dünyanın ən böyük neft-qaz terminallarından biri - Səngəçal terminalı tikilmişdir. Bakıdan Supsaya uzanan Qərb İxrac Boru Kəməri, üç ölkənin ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri çəkilmişdir. Azərbaycan Bakıdan Avropayadək 3500 kilometr məsafə qət edən, Xəzərin sahilindən başlayıb Adriatik dənizinin altından keçən və İtaliya torpağında quruya çıxan "Cənub qaz dəhlizi"ni yaratmışdır.

Prezident İlham Əliyevin "Yeni əsrin müqaviləsi"nin imzalanmasında dediyi kimi: "Bizim çox böyük maliyyə resurslarımız var. Artıq 1999-cu ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Neft Fondu bizim üçün çox önəmli bir amildir. Biz valyuta ehtiyatlarımızı artırırıq, hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq. Əlbəttə ki, "Əsrin kontraktı"nın uzadılması və "Şahdəniz" layihəsinin, "Cənub qaz dəhlizi"nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək".

Beləliklə, AÇG ölkəmizin maddi imkanlarının genişlənməsinə daha bir təkan verəcək. Çünki bu, potensialı böyük olan yataqlar blokudur. 2050-ci ilədək bu yataqlar blokuna 40 milyard dollardan artıq sərmayə qoyulması nəzərdə tutulur. Beynəlxalq tərəfdaşlar ARDNF-yə 3,6 milyard dollar bonus ödəyəcəklər. Yeni müqavilənin şərtləri Azərbaycanın və SOCAR-ın son illərdə artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir. Yəni ölkəmizin yaratdığı tərəfdaşlıq formatını yeni müstəviyə qaldırır.

Hazırda "Yeni əsrin müqaviləsi" - "Azəri Mərkəzi Şərqi" (ACE) layihəsi çərçivəsində bir neçə istiqamətdə aparılır. AÇG-nin operatoru olan bp şirkətinin məlumatına görə, layihə çərçivəsində inşa edilən eyniadlı platformanın Bibiheybətdəki tikinti sahəsində üst modullarının qazma meydançası istismar sınaqlarına təhvil verilib.

Layihə üzrə işlər eləcə də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda, Səngəçal terminalında, "Xankəndi" sualtı tikinti gəmisi ilə Xəzərdə də davam etdirilir. Hazırda ACE layihəsinin icrası üzrə işlər ən yüksək həddə çatıb  və ümumilikdə onların 75 faizindən çoxu tamamlanıb. Bu işlərə 5000 nəfər cəlb olunub.

İşlərin qrafikə uyğun irəliləməsi göstərir ki, ACE layihəsi çərçivəsində ilk neftin nəzərdə tutulduğu vaxt, yəni 2023-cü ildə əldə edilməsi mümkün  olacaq.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.-14 sentyabr.- S.7.