Ermənistanın iflasa uğrayan növbəti cəhdi

 

Azərbaycan Ordusu Qarabağ və Şərqi Zəngəzurdakı bütün mövqelərini daha da möhkəmləndirir

 

Əsl erməni xisləti özünü yenə də göstərməkdədir. Öhdəliklərdən boyun qaçırmaq, yalanlar, təxribatlar, havadarlara sığınaraq iddialar səsləndirmək...

Son hadisələr də bir daha onların təcavüzkar siyasətini, niyyətlərini ortaya qoydu. 44 günlük Vətən müharibəsində məğlubiyyətə düçar olduqları kimi, danışıqlar masasında da uduzduqlarını görən Ermənistanın xilas olmaq üçün üz tutmadığı qapı qalmayıb. Sülh sazişi imzalamağa məcbur olduğunu görüb vaxt qazanmaq üçün Brüssel görüşündən sonra dərhal hərəkətə keçən Ermənistan yenidən genişmiqyaslı təxribata əl atdı. Lakin Azərbaycan Ordusunun qətiyyətli cavab əməliyyatı bir daha göstərdi ki, Ermənistan hər zaman olduğu kimi məğlubdur.

 

Ermənistanın bu addımları vəziyyətin normallaşmasına və aparılan sülh prosesinə ziddir

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri beynəlxalq hüququn norma və prinsiplərini, Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın tələblərini kobud şəkildə pozaraq sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədib. Deputat Azərbaycan Ordusunun erməni təxribatının qarşısını qətiyyətlə aldığını vurğulayır. Ermənistan silahlı qüvvələrinin təxribatının və ölkəmizin ərazisinə, suverenliyinə qarşı hərbi təhlükənin qarşısı alınıb. Eyni zamanda hərbi qulluqçularımızın, Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə cavab tədbiri görülüb. 

Komitə sədri bildirib ki, Ermənistan sülh sazişini müxtəlif bəhanələrlə ləngidərək bu istiqamətdə aparılan danışıqlarda destruktiv mövqe nümayiş etdirir: "Üçtərəfli Bəyanat və əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərə zidd olaraq, Ermənistanın silahlı birləşmələrini Azərbaycan ərazisindən hələ də çıxarmaması, istehsal etdiyi minaların Laçın da daxil olmaqla digər ərazilərdə yerləşdirilməsinin davam etdirilməsi, kommunikasiya və nəqliyyat marşrutlarının açılması işlərində yeni şərtlər irəli sürməsi və prosesə üçüncü tərəfləri cəlb etmək üçün müxtəlif təxribatlar törətməsi rəsmi İrəvanın sülh prosesində maraqlı olmadığını bir daha göstərir".

Hicran Hüseynova deyib ki, Ermənistanın Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, həmçinin üçtərəfli bəyanatların müddəalarının və Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılıqların kobud şəkildə pozulmasıdır. Ermənistanın bu addımları vəziyyətin  normallaşmasına və aparılan sülh prosesinə tamamilə ziddir.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri aparıldığı bir vaxtda Ermənistanın növbəti hərbi təcavüzü bu prosesə maneə olmaq istəyinin təcəssümüdür.

Deputat Ermənistanın dəstək üçün müxtəlif təşkilat və dövlət rəhbərlərinə zənglərindən də söz açıb. O bildirib ki, Ermənistanın hərbi dəstək üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına və Rusiyaya müraciət etməsi, eləcə də digər dövlətlərin rəhbərlərinə zəng etməsi hüquqi baxımdan qanunaziddir. Hələ Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası həyata keçirilməyib. Digər tərəfdən, bu təxribatın əsas məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir. Azərbaycan tərəfi bu təxribatlara yalnız cavab verir. Azərbaycan Vətən müharibəsindən sonra azad edilmiş ərazilərin bərpası, yenidən qurulması istiqamətində tədbirlər görür. Ermənistan isə, həmişə olduğu kimi, Cənubi Qafqazda sülh və təhlükəsizliyin yaranmasına müxtəlif yollarla əngəl yaradır.

Deputat sonda baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı törədilən təxribatın qarşısının qətiyyətlə alındığını və bundan sonra da alınacağını qeyd edib. Erməni xalqı normal ölkədə yaşamaq istəyirsə, erməni silahlı qüvvələri torpaqlarımızdan mütləq çıxmalı, bəyanatın şərtlərinə əməl edilməli olduğunu başa düşməlidir.

 

Gərginliyin səbəbkarı sülh prosesindən yayınan Ermənistan hakimiyyətidir

 

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov iki il əvvəl, Vətən müharibəsinin başladığını xatırladaraq bildirib ki, ölkəmiz hər zaman münaqişənin sülh yolu ilə həllini istəsə də, dünya birliyi beynəlxalq hüququ reallaşdırmaq üçün təcavüzkar Ermənistana lazımi təzyiq göstərmir, əksinə, onun himayədarı rolunda çıxış edir.

Deputat qeyd edib ki, Azərbaycan Ordusu BMT qətnamələrini və  beynəlxalq hüquqla təsbit olunan ərazi bütövlüyünü 44 günlük Zəfər savaşı ilə gerçəkləşdirib. Bu gün Azərbaycan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri aparmaqla yanaşı, regional layihələrin icrası, bölgədə daimi sabitliyin yaranması üçün 10 noyabr Bəyannaməsi ilə üzərinə götürdüyü öhdəlikləri ardıcıl şəkildə yerinə yetirir. Təəssüf ki, ötən iki il ərzində Ermənistan rəhbərliyi üzərinə düşən öhdəlikləri yerinə yetirməyib, hətta bölgədə ağır hərbi təxribatlar törətməklə gərginlik yaratmaqda davam edib.

Rəşad Mahmudov deyib ki, ötən müddətdə Ermənistanın hərbi-siyasi rejiminin addımları onların sülh prosesindən uzaq olduğunu açıq-aşkar göstərir: "Buna baxmayaraq, Azərbaycan tərəfi yenə humanizm prinsiplərinə sadiq qalaraq Qarabağda məskunlaşmış mülki ermənilər üçün dəhlizi açıq saxlayıb, sülhə yönələn bütün təkliflərə səmimi və dürüst olduğunu əməli ilə nümayiş etdirib".

Deputatın sözlərinə görə, Vətən müharibəsindən indiyədək rəsmi Bakının sülhpərvər siyasəti İrəvanda lazımınca dəyərləndirilməyib, əksinə, ermənilər tərəfindən avantürüst bəyanatlar səsləndirilib, hərbi təxribatlar intensivləşdirilib. Son günlər Daşkəsən, Kəlbəcər, Laçın istiqamətində erməni hərbçilərin özbaşınalığından söz açan deputat deyib ki, xüsusilə sentyabrın 12-də erməni diversiya qruplarının Azərbaycanın dövlət sərhədini pozaraq təxribatlar törətməsi səbri tükəndirib. Müzəffər Ali Baş Komandanın "düşmən sülhə gəlməzsə, "dəmir yumruq" yerindədir" xəbərdarlığından dərs almayan işğalçı erməni ordusu bu dəfə də qəhrəman Azərbaycan əsgərinin gücünə şahidlik etdi. Azərbaycan Ordusu ərazimizə mümkün hərbi təhlükənin qarşısını almaq, aparılan quruculuq işlərində iştirak edən mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün dövlət sərhədindəki təxribatlara qətiyyətli cavab verdi.

Deputat vurğulayıb ki, bölgədəki hərbi gərginliyin birbaşa səbəbkarı sülh prosesindən yayınan və hərbi-siyasi təxribatların arxasında duran Ermənistan hakimiyyətidir. Eyni zamanda iki il ərzində ermənilərin sülhdən yayınmaq üçün hər cür pozuculuq fəaliyyətinə göz yuman beynəlxalq ictimaiyyət də mövcud situasiyada məsuliyyət daşıyır. 

O bildirib ki, Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə qarşı hər cür təhdidlərə layiqli cavab vermək gücündədir. Ermənistan ötən əsrin 90-cı illərinin eyforiyasındadır, amma unudur ki, Azərbaycan bu gün həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan bölgənin lideridir. Lider dövlət olaraq ölkəmiz BMT qətnamələrinin icrası üçün düşməni sülhə də məcbur etmək gücündədir. Bu həqiqət işğalçılara havadarlıq edən bəzi dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən də dərk olunmalıdır.

Artıq ikili standartlar və anti-Azərbaycan mövqeyi Ermənistanı xilas edə bilməz. Ermənilər üçün ən yaxşı çıxış yolu bütün hərbi-siyasi təxribatlara son qoyaraq Azərbaycanla sülhə gəlməkdir. Azərbaycan Prezidenti dövlətimizin sülh mesajlarını və bunu qəbul etməyənlərə cavab gücünü açıq ifadə edib. Deputat sonda qeyd edib ki, qarşı tərəf üçün seçim hələ də gec deyil.

Ümumiyyətlə, bölgədə gedən proseslər onu göstərir ki, Azərbaycan öz milli maraqlarını istənilən kontekstdə həll etməyə qadirdir. Təbii ki, regionda sülhün və təhlükəsizliyin tərəfdarı olan Azərbaycan sülh sazişinin bağlanması üçün lazım olan bütün addımları atır. Prosesləri gecikdirməyə çalışan Ermənistan unutmamalıdır ki, lazım gələrsə Azərbaycan Ordusu öz gücünü, qüdrətini hər an göstərməyə hazırdır və məsələnin beynəlxalq norma və prinsiplər əsasında güc yolu ilə həllinə də qadirdir. 

 

Əsmər QARDAŞXANOVA

 

Azərbaycan.- 2022.- 15 sentyabr.- S.6.