Hərb və diplomatiya meydanının qalibi

 

Azərbaycanın nüfuzugücü Ermənistanı yenidən hərbi-siyasi məğlubiyyətə uğratdı

 

Avqustun 31-də keçirilmiş növbəti Brüssel görüşünün əsas məqamlarından biri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı razılığa gəlinməsi idi. Bununla bağlı hər iki tərəfin xarici işlər nazirlərinə müvafiq tapşırıqlar verilmişdi. Sonrakı günlərdə Azərbaycan dövləti humanizm prinsiplərini rəhbər tutaraq, beş erməni hərbçisini azad etməklə xoşməramlı niyyətini ortaya qoymuşdu.

 

Azərbaycan üstünlüyünü daha da gücləndirdi

 

Sentyabrın 12-si gecədən başlayaraq dövlət sərhədi istiqamətində Ermənistan ordusunun təxribatları sülh prosesinə yenidən zərbə vurdu. Görünən odur ki, indiki Ermənistan hakimiyyəti əvvəlki iqtidarların vaxtilə həyata keçirdikləri taktikanı təkrarlayır və danışıqların hansısa müsbət irəliləyiş məqamında bütün prosesi kökündən laxladır. Vətən müharibəsinə qədər Ermənistan rəhbərliyinin bir nömrəli məqsədi status-kvonu qoruyub saxlamaq, torpaqlarımızın işğalını hər vəchlə uzatmaq idi. Amma Azərbaycanın qələbəsi ilə başa çatan İkinci Qarabağ müharibəsi yeni reallıqlar yaratdı. Bu reallıqları təmin edən Azərbaycanın Ermənistanın üzərinə qoyduğu öhdəliklər 10 noyabr Bəyanatında təsbit olunub. Eləcə də Moskvada, Soçidə və Brüsseldə keçirilən görüşlərdə vacib razılaşmalar əldə edildi.

Buna baxmayaraq Ermənistan hakimiyyəti həmişə üçtərəfli  görüşlərdən sonra ziddiyyətli və danışıqların məzmununa uyğun olmayan siyasi davranış ortaya qoydu. Əslində, bu hərəkəti ilə İrəvan sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir və 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icrasından boyun qaçırdı. Ermənistanın baş naziri N.Paşinyan bu yaxınlarda Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumunda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi və bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu.

Bu baxımdan bir neçə gün əvvəl dövlət sərhədində baş verən silahlı toqquşma Ermənistanın siyasi rəhbərliyinin mövcud status-kvoya zərbə vurmaq, öhdəlikləri yerinə yetirməmək üçün hərbi avantürası idi. Amma bu avantüra Ermənistanın özünə baha başa gəldi. Çünki döyüşlərin sonu Azərbaycanın növbəti hərbi zəfəri kimi tarixə düşdü. Nəticə etibarilə Azərbaycan Ermənistan üzərində siyasi-hərbi üstünlüyünü daha da gücləndirdi.

 

Erməni məkrinin göstəricisi

 

Ermənistan rəhbərliyi hər dəfə belə təxribatlarının iflasa uğramasından sonra ora-bura zəng edir, xarici siyasi mərkəzlərdən dəstək diləyir. Bu dəfə də eyni hal təkrarlandı. Paşinyan bütün gecəni telefon aparatlarının arxasında keçirdi, zəng etmədiyi dövlət başçısı qalmadı, Azərbaycandan şikayət etdi, ordan-burdan kömək istədi. Amma təbii ki, bütün bunlar Azərbaycanın Ermənistanı cəzalandırma tədbirlərinin qarşısını ala bilməzdi. Necə ki, 44 günlük müharibədə Azərbaycan Ordusu işğalçılara döyüş meydanında divan tutmuşdu. Bu dəfə də Ermənistan üz tutduğu dövlətlərdən və təşkilatlardan heç bir dəstək ala bilmədi.

Onu da qeyd edək ki, həmin gecə Ermənistan rəhbərliyinin bu şəkildə hərəkətə keçməsi planlaşdırılmış bir fəaliyyətdən xəbər verirdi. Gecə ilə təhlükəsizlik şurasının iclasının keçirilməsi, müxtəlif dövlətlərin başçılarına edilən telefon zəngləri, Ermənistanın beynəlxalq təşkilatlara müraciəti, bu ölkənin ombudsmanının, ayrı-ayrı ölkələrdəki erməni təşkilatlarının  dərhal bəyanatla çıxış etmələri bunu təsdiqləyirdi. Bu həm də erməni məkrinin göstəricisi idi. Onlar bir daha bədnam xislətlərini ortaya qoyaraq saxta məlumatlar yaymaqdan belə çəkinmədilər.

 

Düşmənin niyyəti gözündə qaldı

 

Sentyabrın 13-dən sonra baş verənlər göstərdi ki, Ermənistanın bu hərbi təxribatı bumeranq effekti verərək öz başında çatladı. Əvvəla, qeyd etdiyimiz kimi, döyüşlərdən sonra Azərbaycan daha güclü siyasi və hərbi mövqe qazandı. Baş verən son toqquşmalarda Ermənistan ordusu canlı qüvvə və hərbi texnika baxımından ciddi itkilərə məruz qaldı. Düşmənin Azərbaycanla sərhədinin  Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu, ölkəmizin təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri darmadağın edildi.

Bununla yanaşı, Ermənistan rəhbərliyinin və erməni təşkilatlarının əvvəlcədən planlaşdırdıqları hay-həşir, telefon zəngləri, bəyanatlar və müraciətlər heç bir effekt vermədi. Ermənistan Azərbaycana qarşı hansısa beynəlxalq qınağın baş verəcəyini, təzyiqlərin olacağını gözləsə də, niyyəti püç oldu. Ayrı-ayrı dövlətlərin və təşkilatların bununla bağlı açıqlamalarında Ermənistanın gözləntiləri ifadə olunmadı.

N.Paşinyanın sentyabrın 12-dən 13-nə keçən gecə keçirdiyi təhlükəsizlik şurasının iclasında Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etməsi qərara alınmışdı. Lakin əvvəllər olduğu kimi, bu dəfə də Ermənistan KTMT-ni öz təxribatçı oyunlarına alət edə bilmədi. KTMT birləşmiş qərargahının rəisi Anatoli Sidorov bildirdi ki, təşkilat Ermənistan-Azərbaycan sərhədinə sülhməramlı qüvvələr göndərməyi planlaşdırmır. Təşkilatın  Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunacağına ümid bəslədiyini deyən A.Sidorovun sözlərinə görə, münaqişənin həlli üçün hərbi güc tətbiq edilməsindən, xüsusilə də KTMT qüvvələrindən istifadə olunmasından söhbət getmir.

Azərbaycan Ordusunun gücü bir daha döyüş meydanında öz təsdiqini tapdı. Bu hadisələr zamanı Ermənistanın siyasi avantüralarına zərbə vuran əsas amillər isə Prezident İlham Əliyevin şəxsi və siyasi nüfuzu və Azərbaycanın beynəlxalq münasibətlərdəki güclü mövqeyidir. Ona görə Azərbaycan həm hərb, həm də diplomatiya meydanının qalibidir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 16 sentyabr.- S.5.