Şəhidin xatirəsinə bulaq kompleksi açılıb

 

Lənkəran rayonunun Sütəmurdov kəndində Vətən müharibəsi şəhidi, 2001-ci il təvəllüdlü Qüdrət Tofiq oğlu Məmmədzadənin doğum günündə onun adını daşıdığı küçədə xatirəsinə inşa edilmiş bulaq kompleksinin açılışı olub.

Bu münasibətlə keçirilən  mərasimdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, rəsmi şəxslər, məktəblilər, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları  rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, şəhidlərin adının əbədiləşdirilməsi, onların ailə üzvlərinin dövlət tərəfindən qayğı və diqqətlə əhatə olunması Prezident

İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gündəlik xüsusi nəzarətində olan məsələlərdəndir.

Şəhidin atası Tofiq Məmmədov isə çıxışında qeyd edib ki, dövlətin və el-obanın şəhid ailələrinin ağrı və acılarına şərik çıxması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin əsas səbəblərindəndir. "Təsəllimiz övladımın qalib ordunun qəhrəmanı olmasıdır", - deyən T.Məmmədov hər zaman dövlətin qayğı və diqqətini hiss etdiklərini, şəhid ailələrinə xüsusi ehtiram və hörmətlə yanaşıldığını bildirərək bütün bunlara görə minnətdar olduğunu vurğulayıb.

Tədbir Sütəmurdov kənd tam orta məktəbinin şağirdlərinin ifasında qəhrəman Vətən övladlarına həsr olunmuş ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Daha sonra Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Qüdrət Məmmədzadənin Sütəmurdov kənd qəbiristanlığındakı  məzarı ziyarət olunub, şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, müqəddəs ruhuna dualar oxunub.

Qeyd edək ki, şəhid Qüdrət Məmmədzadə ölümündən sonra Prezidentin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

 

Ağaddin BABAYEV,

"Lənkəran" qəzetinin əməkdaşı

 

Azərbaycan.- 2022.- 16 sentyabr.- S.7.