Xalq sülh, hərbi xunta isə revanş istəyir

 

Ermənistanda başlanan etiraz dalğası ölkəni yeni xaosa sürükləyir

 

Ermənistan silahlı qüvvələrinin son sərhəd təxribatlarına Azərbaycan Ordusunun qətiyyətli cavabından sonra qarşı tərəf sülh müqaviləsinin nə dərəcədə vacib olduğunu bir daha aydın şəkildə anlamağa başladı. Artıq hadisələrin inkişaf axarı göstərir ki, Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanmasında maraqlıdır və bu xüsusda ölkə parlamentində müvafiq fikirlər də səsləndirib.

Ancaq revanşist qüvvələr dərhal hərəkətə keçərək növbəti dəfə Ermənistan və Azərbaycan arasında sülh prosesini əngəlləməyə cəhd ediblər. Elə Ermənistan parlamentinin qarşısında son etirazlar da məhz keçmiş hərbi xunta təmsilçilərinin təşkil etdiyi aksiya kimi qiymətləndirilir. Ancaq istər onlar, istərsə də antiazərbaycançı mövqeyində olan digər qüvvələr başa düşməlidirlər ki, sülh müqaviləsinin alternativi yoxdur və Azərbaycan istədiyinə nail olmaq üçün bütün imkanlara malikdir.

Qeyd edək ki, Paşinyana qarşı impiçment prosesinin başlanması ilə bağlı sənədin altına müxalifət fraksiyalarından olan 35 deputat imza atıb. Amma bunu başa çatdırmaq üçün hakim "Vətəndaş Müqaviləsi"ndən daha 18 deputatın imzası lazımdır.

Etirazlarda səsləndirilən fikirlərdən aydın olur ki, xalq birmənalı şəkildə Sarkisyan-Koçaryan koalisiyasına da yox deyir. Aksiyada iştirak edən Orik Ovanisyan adlı sakin deyib ki, səsləndirilən fikirlər niyə bəzilərini narahat edir: "Biz yalan danışmırıq. Öz vətəndaş mövqeyimizi nümayiş etdiririk. Bizlərə keçmiş hakimiyyət nümayəndələrinin adamları deyirlər. Çəkinmədən fikrimi bildirirəm. Sarkisyan da, Paşinyan da, hər ikisi eyni zibildir".

Anton Melkumyan adlı etirazçı isə deyib ki, Paşinyan Ermənistana xəyanət etdi: "Bundan əvvəlki dövrdə Sarkisyan vətənimizi, zavodlarımızı, torpaqlarımızın yarısını quldur oliqarxlara, yarısını da xaricilərə satdı. Onun rəhbərliyi altında Ermənistan xaricilər üçün gəlir mənbəyinə çevrildi. Paşinyan gəldikdən sonra da dəyişən bir şey yoxdur. Hər ikisi xalqı yox, öz gələcəklərini fikirləşiblər".

Son qarşıdurma zamanı həlak olan əsgər Manvel Qasparyanın atası Henrix Nikol Paşinyana müraciət edərək soruşub ki, bütün milləti aldatdığına və övladlarımızın ölümünə səbəb olunduğuna görə nə zaman həbs olunacaqsan: "Müharibə edə bilmirsənsə, bunu açıq söyləyərdin. Boş yerə övladlarımızı qırdın. Mən mühakimə tələb edirəm. Bizə "Artsax" (red. Qarabağ) lazım deyil. Təmiz yerevanlıyam. Övladımın o torpaqlardaişi var idi axı? Səni yandırmaq kifayət deyil!"

 "4rd.am" saytı aksiyada feysbuk sosial şəbəkəsindəki səhifəsindən canlı yayım açaraq etirazçılara "Sülh müqaviləsi Ermənistan üçün təhlükəli sayıla bilərmi?" sualını ünvanlayıb. Bir çox etirazçı qorxmadan, çəkinmədən müstəqil şəkildə fikirlərini ifadə ediblər. Onların sırasında müəllim, həkim, iqtisadçı, mühəndis, biznesmen, usta,  idmançı fikirlərinə belə rast gəlmək mümkündür.

Məsələn, ixtisasca iqtisadçı olan Stepan Qriqoryan bildirir: "Acı həqiqət olsa da, demək lazımdır. İlham Əliyev yenə Paşinyanı qorxuya salıb. O, hər zaman bizim rəhbərdən çox öndə olduğunu göstərə bilib. Azərbaycan Prezidenti hər gün müxtəlif bəyanatlar verir, bizimkiqorxudan dediyi fikirləri təkzib edir. Hələ üstəlik qorxusundan evinə də gedə bilmir. Acı mənzərədir".

Robert Mkrtçyan adlı biri isə açıqlamasında deyib ki, İlham Əliyev xalqın bütün arzularını gerçəkləşdirir. Əslində, sülh müqaviləsinin imzalanması hər birimiz üçün möhtəşəm olardı. Bu gün etirazlara yığışanlar heç də müharibə, "Artsax" istəmirlər. Yaxşı gələcək arzulayırlar. Etiraf etmək lazımdır ki, o torpaqlar Azərbaycanındır. Biz daha ölüm istəmirik".

Baş verən hadisələrin fonunda Ermənistan parlamentində dava düşüb. "Hayastan" fraksiyasının deputatı Qeqam Manukyan çıxış edərkən hakimiyyət əleyhinə sərt ifadələr səsləndirib. Deyib ki, Paşinyan Rusiya sülhməramlı qüvvələrinin əvəzinə BMT sülhməramlılarını gətirmək istəyir. Ermənistan dövlətçiliyin məhv edilməsi təhlükəsi ilə üzləşib: "Mən bura on minlərlə soydaşımızın, bir neçə saat ərzində kortəbii şəkildə Baqramyan prospektinə axışan insanların sözlərini sizə çatdırmaq üçün gəlmişəm. Dövlətçiliyin məhv edilməsi təhlükəsi ilə üz-üzəyik. Dəhşətli vəziyyət yaranıb. Yalnız bir çıxış yolu var. Yeni hökumət, yeni hakimiyyət, bizi bu vəziyyətdən çıxara biləcək yeni baş nazir gəlməlidir. Nikolu xilas etməyin vaxtı deyil. Vətəni xilas etməyin vaxtıdır. Bir anlıq düşünün ki, hamınıza satqın damğası vurulacaq".

Göründüyü kimi, sonuncu təxribatları zamanı da hərbi məğlubiyyətə uğrayan Ermənistan tarixinin ən ağır və əzablı günlərini yaşayır. Hazırda ölkədə bütün sahələrdə dərin xaos hökm sürür. Bütövlükdə, proseslərin gedişi Ermənistanı qarşıdakı dövr ərzində daha çətin günlərin və qarşıdurmaların gözlədiyini göstərir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 16 sentyabr.- S.8.