Şuşada Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edib

 

Sentyabrın 20-də Şuşada Üzeyir Hacıbəyli XIV Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramı təqdim olunub.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Natəvan, BülbülÜzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qarşısına tər güllər düzüb və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bütün qonaqları salamlayan Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qala-şəhərdə belə bir möhtəşəm tədbirlərin keçirilməsinin qürurverici olduğunu bildirib: “Burada istənilən tədbir bizə gözəl hisslər bəxş edir. Gördüyünüz kimi, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşa özünün yeni inkişaf dövrünə qədəm qoyub. Bu gün biz Şuşada milli musiqimizi eşidirikbu bizi çox qürurlandırır. Bu baxımdan Şuşamızın, ümumən bütün torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçərək, şəhid olmuş əsgər və zabitlərimizin ruhu qarşısında baş əyirik".

Festivalı çərçivəsində keçirilən konsert proqramında bədii rəhbər və dirijor, Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri çıxış edib. Üzeyir Hacıbəylinin heykəli qarşısında açıq havada təşkil olunan konsertin solisti, Xalq artisti Fərhad Bədəlbəylidir. Proqramda Üzeyir Hacıbəyli "Koroğlu" operasından uvertüra, eləcə də dahi bəstəkarın tələbələrinin əsərləri yer alıb.

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müvafiq Fərmanına uyğun olaraq, dahi bəstəkarın dünyaya göz açdığı gün ölkəmizdə hər il ənənəvi şəkildə Milli Musiqi Günü kimi qeyd olunur. 2009-cu ildən etibarən sentyabr ayında Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalı keçirilməyə başlayıb və dünyada böyük əks-səda doğurub. Həmin ildən başlayaraq ənənə halını almış bu festivalda görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər, dirijorlar iştirak edirlər.

Şuşa Üzeyir musiqisi üçün çox darıxmışdı. Nəhayət ki, o gün də gəlib çatdı, azad Şuşada Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri səsləndirilir. Şuşanın dağlarında indi Üzeyir musiqisinin sədası yayılır. Erməni işğalından azad edilən Şuşada belə bir tədbirin keçirilməsi hər bir azərbaycanlının arzusu idibu arzu artıq bu gün reallığa çevrildi.

 

Azərbaycan.-2022.- 21 sentyabr.- S.2.