Gücün və yüksək döyüş ruhunun təntənəsi

 

Azərbaycan Silahlı Qüvvələri gücünü bir daha döyüş meydanında təsdiq etdi

 

Bir neçə gündən sonra 44 günlük Vətən müharibəsinin başlanmasının ikinci ili tamam olacaq. Bu savaşı qələbə ilə başa vuran Azərbaycan xalqı dövlətçilik tarixinin ən parlaq və şərəfli səhifələrindən birini yazdı.

30 ilə yaxın işğal altında olan torpaqlarımız Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə cəmi 44 gün ərzində azad edildi. Azərbaycan Silahlı Qüvvələri beynəlxalq hüquq normalarının tələblərinin, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasını Ermənistanı cəzalandırmaqla təmin etdi.

 

Azərbaycanın yaratdığı reallıqlar

 

Artıq regionda yeni reallıqlar hakimdirbu, dünyanın bütün siyasi dairələri tərəfindən qəbul edilir.

Azərbaycanın yürütdüyü siyasət Ermənistanı yeni reallıqların tələblərini, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edir. Bu öhdəliklər isə həm bəyannamələrdə təsbit olunub, həm də üçtərəfli görüşlərdə razılaşdırılıb. Regionda nəqliyyat əlaqələrinin bərpası,  Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında kommunikasiyaların yaradılması, sərhədlərin dəqiqləşdirilməsi Ermənistanın üzərinə götürdüyü öhdəliklərdir.

Lakin görünən odur ki, Ermənistan zaman-zaman hərbi təxribatlar törətməklə həm üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən boyun qaçırır, həm də razılaşdırılmış məsələlərin icrasını yerinə yetirmək istəmir. İndiyədək bir neçə dəfə baş vermiş hərbi toqquşmalar bunu təsdiq edir.  Qeyd edək ki, Prezident İlham Əliyev bununla bağlı Ermənistana xəbərdarlıqlarını bildirib. Hələ ötən ilin sentyabrın 27-də Anım günü ilə əlaqədar xalqa müraciətində Prezident İlham Əliyev demişdi: "Erməni faşizmi məhv edilib, ancaq onun təzahürləri görünməkdədir. Bu, çox təhlükəli tendensiyadır, ilk növbədə Ermənistan dövləti üçün. Mən bunu demişəm, bu gün Anım günündə şəhidlərimizin əziz xatirəsi önündə bir daha deyirəm, əgər biz görsək ki, erməni faşizmi baş qaldırır, əgər biz görsək ki, xalqımıza, dövlətimizə yeni təhlükə mənbəyi yaranır, heç tərəddüd etmədən erməni faşizminin başını bir daha əzəcəyik. Bunu hər kəs bilsin! Müharibənin və Qələbənin rəmzi olan "dəmir yumruq" yerindədir, bunu heç kim unutmasın!"

Ötən ilin noyabr ayında dövlət sərhədinin Kəlbəcər və Laçın rayonları istiqamətində baş verənlər Prezident İlham Əliyevin xəbərdarlığından dərs çıxarmaq istəməyən Ermənistan üçün  dərs oldu. Həmin vaxt Azərbaycan Ordusunun döyüş postlarına hücum edən erməni hərbi birləşməsinə qarşı təxirəsalınmaz əməliyyat həyata keçirildi. Darmadağın edilərək geri otuzdurulan düşmənin təxribat planı iflasa uğradı, erməni hərbçiləri tərk-silah edilərək saxlanıldılar, ordumuz tərəfindən xeyli sayda silahsursat qənimət götürüldü.

 

Ermənistanın təxribatı özünə baha başa gəlir

 

Avqustun 3-də keçirilən uğurlu "Qisas" əməliyyatı bir daha göstərdi ki, Azərbaycan Ordusu Ermənistanın istənilən təhdidinin qarşısını qətiyyətlə alacaq. Bir daha təsdiq olundu ki, "dəmir yumruq" istənilən an düşmənin başını əzməyə hazırdır. Ordu bölmələrinin keçirdiyi "Qisas" əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ sisteminin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüldü, şəhidimiz Anar Kazımovun qisası alındı.

Ümumiyyətlə, bütün baş verənlər Ermənistanın münasibətlərin normallaşdırılmasında maraqlı olmadığını, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdığını göstərir. Məlum olduğu kimi, aparılan danışıqlara rəğmən, Ermənistanın siyasi dairələri uzun müddətdir beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparırlar. Sülh danışıqları, kommunikasiyaların açılması, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüslər və atılan addımlar müxtəlif bəhanələrlə Ermənistan tərəfindən sabotaj olunmaqdadır.

Avqustun 31-də keçirilmiş Brüssel görüşündəki bir sıra vacib məsələlərin, o cümlədən sülh sazişi ilə bağlı işlərin davam etdirilməsinin razılaşdırılmasına baxmayaraq, sonrakı günlərdə Ermənistan bunun ziddinə olan fəaliyyət ortaya qoydu. Belə ki, sentyabr ayında Azərbaycan Ordusunun mövqelərinin Ermənistan ərazisindən atəşə tutulması davamlı hal almışdı. Bu yaxınlarda Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumundakı çıxışında isə Ermənistanın baş naziri Nikol Paşinyan faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi və bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu.

 

"Düşməni öhdəliklərini yerinə yetirməyə məcbur edəcəyik"

 

Sentyabrın 12-də gecə saatlarında Ermənistan ordusunun diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefimövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarını minalamaları,  Ermənistanın Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətindən ordumuzun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqelərinin, sığınacaqlarının və dayaq məntəqələrinin müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutmaları düşmənə baha başa gəldi.  "Dəmir yumruğ"un qətiyyətli cavabı nəticəsində Ermənistan ordusunun atəş nöqtələri darmadağın edildi. Qəhrəman ordumuz tərəfindən düşmənin təxribat əməliyyatlarına cəlb olunmuş canlı qüvvəsi və döyüş texnikası ciddi itkilərə məruz qaldı.

Bu döyüşlər bir daha Azərbaycan Ordusunun gücünün, döyüş ruhunun təntənəsi oldu. Dəfələrlə edilən xəbərdarlıqlardan nəticə çıxarmayan İrəvan yenidən "dəmir yumruğ"un zərbəsini hiss etdi. Azərbaycan Ordusu üstünlüyünü bir daha döyüş meydanında sübuta yetirdi.

Eyni zamanda bu hadisə Azərbaycan dövlətinin beynəlxalq birlikdəki mövqelərinin nə qədər möhkəm olduğunu bir daha nümayiş etdirdi. Çünki Ermənistan nə qədər cəhd etsə də, bu hadisələr zamanı beynəlxalq miqyasda özünə dəstək qazana bilmədi. N.Paşinyan gecə saatlarında telefonlardan sallanaraq ora-bura zənglər etsə də, heç nəyə nail ola bilmədi. Ermənistan üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını da öz təxribatçı oyunlarına alət edə bilmədi.

Bir neçə gün əvvəl baş verən döyüşlər tarixə Azərbaycan dövlətinin gücünün növbəti təcəssümü kimi həkk olundu. Sübut olundu ki, Ermənistan hərbi təxribatlarla heç nəyə nail ola bilməyəcək və Azərbaycan onu üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur edəcək.

 

Rəşad CƏFƏRLİ,

 

Azərbaycan.- 2022.- 18 sentyabr.- S.1; 3.