"Shusha Chess 2022"

 

Mədəniyyət paytaxtımızda ilk rəsmi beynəlxalq yarış başlayır

 

Bu gün mədəniyyət paytaxtımız Şuşada ilk rəsmi beynəlxalq idman yarışı  başlayır.  Görkəmli şair və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuş turnirin açılış mərasimindən sonra püşkatma olacaq.

Bu gün həmçinin yarışda ilk turun görüşləri keçiriləcək. İki kateqoriya - kişilər və qadınlar arasında təşkil olunacaq turnirdə iştirakçılar rapidblits üzrə yarışacaqlar. Hər kateqoriyada 10 şahmatçı mübarizə aparacaq.  Həm kişilər, həm də qadınların yarışında qaliblər rapidblits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək.

Kişilərin yarışında Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Qədir Hüseynov, Rauf Məmmədov və Vasif Durarbəylidən başqa, çinli Van Xao, hindistanlı Santoş Gujrathi Vidit, iranlı Parham Maqsudlu, Türkiyə çempionu Mustafa Yılmaz və əfsanəvi özbək şahmatçı, 2004-cü ildə FİDE versiyası üzrə dünya çempionu olmuş Rüstəm Kasımcanov iştirak edəcəklər.

Qadınların turnirində isə milli komandamızın üzvləri Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xanım Balacayeva, Gövhər Beydullayeva ilə yanaşı Gürcüstan şahmatçıları Nana DzaqnidzeMeri Arabidze, israilli Marsel Efroimski, polşalı Yolanta Zavadzka və Türkiyə çempionu Kübra Öztürk Örenli mübarizə aparacaqlar.

"Shusha Chess 2022" şahmat turnirinin ümumi mükafat fondu 150 min manat təşkil edir.

Bu turnir nəinki Şuşada, ümumilikdə Qarabağda Beynəlxalq Şahmat Federasiyasının (FİDE) bayrağı altında keçiriləcək ilk rəsmi beynəlxalq şahmat yarışı olacaq.

 

Rizvan HİLALOĞLU,

Azərbaycan.-2022.- 21 sentyabr.- S.7.