Şəhid Turxan Süleymanovla vida mərasimi keçirilib

 

Sentyabrın 16-da Daşkəsən Şəhidlər xiyabanında Ermənistan silahlı qüvvələrinin Azərbaycanla dövlət sərhədinin Kəlbəcər istiqamətində törətdiyi təxribatların qarşısını alarkən şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 2002-ci il təvəllüdlü Süleymanov Turxan İdris oğlunun nəşi torpağa tapşırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, vida mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Gəncə İmamzadə ziyarətgahının imamı hacı Tahir Abbasov, rayon hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, hərbçilər, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Dəfn mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev bildirib ki, Azərbaycan Ordusu Ermənistanın törətdiyi genişmiqyaslı təxribatın qarşısını yüksək peşəkarlıqla alıb, düşmənə layiqli cavab verib. Ermənistan silahlı qüvvələrinin yüzlərlə canlı qüvvəsi və hərbi texnikası, silah-sursatı məhv edilib. Turxan torpaqlarımızın ərazi bütövlüyü uğrunda Kəlbəcər rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhidimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.

Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağı şəhidin atası İdris Süleymanova təqdim edilib.

Dəfndə fəxri qarovul düzülüb, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib, yaylım atəşi açılıb.

 

Azərbaycan.- 2022.- 18 sentyabr.- S.4.