Yüksək qlobal nüfuzun və ehtiramın təcəssümü

 

Sentyabrın 12-14-də dövlət sərhədində hərbi təxribatlar törədən Ermənistanın əsas məqsədlərindən biri Azərbaycana qarşı beynəlxalq təzyiqlərin edilməsinə nail olmaq idi.

Buna qədər üçtərəfli bəyanatları sabotaj edən, üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçıran İrəvan bu minvalla status-kvonu öz xeyrinə dəyişəcəyinə ümid edirdi. Lakin  elə ilk saatlardan Azərbaycan Ermənistanın bütün planlarını həm döyüş meydanında, həm diplomatiya cəbhəsində iflasa uğratdı.

Bu hadisələrdən sonraya təsadüf edən Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində Prezident İlham Əliyevin keçirdiyi görüşlər isə Azərbaycana göstərilən qlobal ehtiramın və dəstəyin növbəti nümunəsi oldu.

 

Azərbaycanın ŞƏT ilə əməkdaşlığı ölkəmizin maraqlarına cavab verir

 

Azərbaycan 2001-ci ildə yaradılmış Şanxay Əməkdaşlıq Təşkilatının üzvü deyil. Bu təşkilat Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Sonrakı dövrdə Pakistan və Hindistanın da daxil olmasından sonra təşkilat üzvlərinin sayı 8-ə çatıb. Sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən sonuncu sammitdə isə İran ŞƏT-ə üzv olmaq üçün memorandum imzalayıb.

Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimadqonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elmtexnologiya, mədəniyyət, o cümlədən təhsil, enerji, nəqliyyat, turizm, ətraf mühitin qorunması və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi, regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasiiqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılmasından ibarətdir.

Hazırda bir neçə ölkə ŞƏT-in dialoq tərəfdaşıdır ki, onlardan biri də Azərbaycandır. 2015-ci ilin 9-10 iyul tarixlərində Rusiyanın Ufa şəhərində keçirilmiş ŞƏT-in zirvə toplantısı zamanı qəbul edilmiş qərara əsasən Azərbaycana bu təşkilatda dialoq üzrə tərəfdaş statusu verilib. 2016-cı ildə isə "Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında" memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizmseparatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

ŞƏT tərəfindən qəbul olunmuş sənədlərdə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət, terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə kimi tədbirlər də qəti şəkildə öz əksini tapıb ki, bu da Azərbaycanın bu təşkilatla əməkdaşlığını daha da gücləndirən məsələlərdən biridir.

 

Dostluq, qardaşlıq, strateji tərəfdaşlıq...

 

ŞƏT-ə üzv dövlətlərin əksəriyyəti ilə Azərbaycanı yaxın dostluq, bir qismi ilə qardaşlıq, strateji tərəfdaşlıq münasibətləri birləşdirir.  Təsadüfi deyil ki, Prezident İlham Əliyev Səmərqənddə keçirilən sammitdə Azərbaycana dostqardaş, strateji tərəfdaş olan Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edirdi. Bu dəvət Azərbaycan-Özbəkistan münasibətlərinin dərin məzmununu, hər iki dövlətin prezidentləri arasındakı dostluq münasibətlərini ifadə etməklə yanaşı, Prezident İlham Əliyevin qlobalregional nüfuzunun təcəssümüdür.

Prezident İlham Əliyevin sammit çərçivəsində keçirdiyi hər bir görüş də Azərbaycanın regionda və dünyadakı mövqelərinin ifadəsi, rəsmi Bakının malik olduğu qlobal nüfuzun təsdiqi və ölkəmizə göstərilən beynəlxalq dəstək baxımından məhsuldar və effektiv oldu. Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə Azərbaycanın və Türkiyənin daim bir-birinin yanında olduqları bir daha qeyd edildi, ölkələrimizin strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.

Azərbaycan Prezidentinin Pakistanın Baş naziri ilə görüşü isə iki dövlət arasındakı sarsılmaz qardaşlığın növbəti təcəssümü oldu. Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatların qarşısının alınması zamanı həlak olan şəhidlərimizlə bağlı Prezident İlham Əliyevə və Azərbaycan xalqına başsağlığı verən Baş nazir Şahbaz Şərifin "Pakistan və Azərbaycan bir bədəndə olan iki ürəkdir. Azərbaycan ilə Pakistan arasında qardaşlıq və dostluq əlaqələri var. Biz Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləyəcəyik" sözləri həm də dünyaya verilən önəmli bir mesaj idi.

Görüşdə Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan da Cəmmu və Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəkləyir və bu məsələdə qardaş dövlətlə həmrəydir. 

 

Çindən Azərbaycana birmənalı dəstək

 

Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələr dostluğa, qarşılıqlı etimada və çoxşaxəli tərəfdaşlığa əsaslanmaqla yüksək inkişaf dinamikası ilə seçilir. Hər iki dövlət həmişə bir-birinin milli maraqlarına qarşılıqlı dəstək nümayiş etdiriblər. Belə ki, Azərbaycan Çinin "Vahid Çin" siyasətini hər zaman dəstəkləyib. Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığına daim dəstək nümayiş etdirib.

Çin tərəfindən irəli sürülmüş "Bir kəmər bir yol" təşəbbüsü isə ikitərəfli münasibətlərin genişləndirilməsinə və dərinləşməsinə yeni imkanlar yaradıb və Azərbaycan bu məsələdə Çinin əsas tərəfdaşlarından biridir. Pandemiya ilə mübarizə zamanı isə Çin Azərbaycanla əlaqələrə sadiq olaraq ölkəmizə vaksin idxal etmişdi. Həmçinin çinli mütəxəssislər ölkəmizdə pandemiyaya qarşı mübarizə tədbirlərində fəal olmuşdular.

Sentyabrın 15-də Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ÇXR Sədri Si Cinpin ilə görüşündə bu məsələlər bir daha diqqətə çatdırıldı. Si Cinpinin Azərbaycanla Çin arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və yüksək səviyyədə inkişaf etdiyini bəyan etməsi Pekinin Bakı ilə münasibətlərə verdiyi böyük önəmin təzahürü idi. Görüşün əsas məqamı isə təbii ki, Si Cinpinin Çinin Azərbaycanın ərazi bütövlüyünüsuverenliyini dəstəkləməsini bəyan etməsi oldu. Bu, hazırkı beynəlxalq münasibətlər sisteminin reallıqları fonunda Azərbaycana göstərilən qlobal dəstəyin ən böyük nümunələrindən biri olmaqla yanaşı, həm də Prezident İlham Əliyevin xarici siyasət kursununmüdrik diplomatiyasının uğurlu nəticəsidir.

Bütövlükdə Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənd sammiti çərçivəsində keçirdiyi bütün görüşlər Azərbaycanın güclü qlobal mövqelərinin təsdiqidir. Eyni zamanda bu görüşlərin hər biri Ermənistanın təxribatlarını darmadağın edən mühüm siyasi hadisələrdir.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.- 17 sentyabr.- S.1; 5.