Əlcəzair ictimaiyyətinə Ermənistanın təxribatları haqqında məlumat verilib

 

Əlcəzair ictimaiyyətinə Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatlarla bağlı məlumat verilib.

AZƏRTAC xəbər verir ki, ölkəmizin Əlcəzairdəki müvəqqəti işlər vəkili Rəfail Bağırov “Əl Hərir” qəzetində dərc olunmuş məqaləsində sülh prosesinə zərbə vuranyeni təxribatlar törədən Ermənistan rəhbərliyinin qeyri-konstruktiv siyasəti, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilərin və təminat yollarının minalanmasını həyata keçirməsi, Ordumuzun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki mövqelərini müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutması barədə ətraflı məlumat verib.

“Əl Hərir” portalı Əlcəzairdəki Azərbaycan icmasının üzvlərinin də Ermənistanın təxribatları ilə bağlı bəyanatını yayımlayıb.

 

Azərbaycan.- 2022.- 17 sentyabr.- S.8.