Vətənin zəfər rəmzləri

 

Deyirlər, şəhidlik Tanrı dərgahındakı ucalıqdır. Şəhadət məqamı ölüm üzərinə qorxmadan yürüyən qəhrəman oğulların sinələri ilə ana torpağa sipər olaraq, Vətənə tən gəlmək zamanıdır.

2020-ci ilin 27 sentyabrından 8 noyabrına qədər olan 44 günlük Vətən müharibəsində də qəhrəman Azərbaycan oğulları bir daha sübut etdilər ki, "Torpaq əgər uğrunda ölən varsa, Vətəndir".

 

Haqq yolunda öldü var,  döndü yox

 

27 sentyabr 2020-ci il...

Ali Baş Komandan İlham Əliyevin "İrəli" əmri ilə Zəfər yürüşünə çıxan qəhrəman Azərbaycan oğullarının qəzəbli nərəsi yeri-göyü lərzəyə salmışdı. Ana yurdun harayına tələsən ərənlərin qisas odu saçan iti baxışları mənfur düşmənin bağrını ox kimi dəlib keçmişdi. Həmin gün mərd oğullarımız Vətən uğrunda canından keçən bütün şəhidlərimizin müqəddəs ruhuna, ürəklərinin üzərində gəzdirdikləri ay-ulduzlu, üçrəngli Azərbaycan bayrağına and içmişdilər.

And içmişdilər ki, çıxdıqları bu haqq yoldan öldü var, döndü yox. Son damla qanlarınadək çarpışıb, vuruşub düşməni məhv edəcəklər,  müqəddəs bayrağımızı qürurla Qarabağın ən hündür zirvələrində, Şuşada dalğalandıracaqlar, Qələbə qazanacaqlar.

bu uğurda lazım gəlsə, sinələrini düşmən gülləsinə sipər edəcəklər, canlarıyla qoruyacaqlar ana torpağı.

 

İgidlərimiz Zəfər yolu ilə irəliləyib düşməni məhv etdilər

 

O gün, sentyabrın 27-də qəhrəman Azərbaycan oğulları düşmənə qisas hissi ilə yollandılar ön cəbhəyə, işğalçıya həddini bildirməyə.

 "Dəmir yumruğ"a çevrilib mənfurların başını əzərək addım-addım Vətən torpaqlarımızı azadlığına qovuşduran cəsur igidlərimiz doğma nəfəsləri ilə yaralı yurdlarımıza can verdilər, cəmi 44 günə işğalçılardan qisas aldılar.

O 44 gündə cəbhədən qulaqlarımıza top-tüfəng səsi gəldi, bomba partlayışlarını eşitdik, düşmənin mülki əhalimizə qarşı terrorunun da şahidi olduq. Hər zamankı kimi döyüş meydanında igidlərimizin qarşısından qorxaqcasına qaçan namərd düşmən son çarəni yenə də silahını mülki əhalimizə tuşlamaqda gördü. Amma rəşadətli Azərbaycan əsgəri bu terrorçulara bütün qanlı əməllərinin hesabını ödətdi.

İşğalçıların murdar ayağını tarixi torpaqlarımızdan qazıyıb atan ərənlərimiz çox çətinliklərdən keçdilər, minaların üzərindən adlamalı oldular, uca dağlardan, dərin dərələrdən keçdilər, sıldırımlara dırmaşdılar, Zəfər yolu ilə irəliləyib düşməni məhvə məhkum etdilər.

44 günlük Vətən müharibəsinin hər bir günündə Müzəffər Ali Baş Komandan İlham Əliyev ön səngərdən gələn qələbə müjdələrini Azərbaycan xalqına çatdırdı.

Qələbə şadyanalığını yaşayan xalqımız üzlərində gülüş, gözlərində sevinc gözyaşları, əllərdə ay-ulduzlu, üçrəngli bayraqlarımız Zəfər sevincini bölüşmək üçün küçələrə, meydanlara axışdı.

 

Haqq nahaqqa qalib gəldi

 

Döyüş meydanlarında zəfər nəğmələri hayqıran igidlər bütün el-obamıza illərdir həsrətində olduğumuz Qələbə sevincini yaşatdılar. Öz dədə-baba torpaqlarından didərgin salınan yüz minlərlə vətəndaşımızın yurd həsrətini bitirdilər, Vətən torpaqlarımızı bütövləşdirdilər, haqqın nahaqqa qalib gəldiyini bütün dünyaya göstərdilər.

Bəli, heç zaman haqsızlıqla, ədalətsizliklə barışmayan Azərbaycan oğulları düşməndən çəkdiyimiz bütün zülmlərin intiqamını alaraq Vətən müharibəsinin hər günündə şanlı tarix yazdılar. Sinələrini Vətənə sipər edərək yurdumuzu yağı tapdağından azad etdilər. Bizə təqvimimizdəki al-qırmızı Zəfər gününü - Qarabağımızın mirvarisi Şuşanın qürurlu azadlıq gününü bəxş etdilər, hərb salnamələrimizin min illər sonra belə qürurla anılacaq şərəfli tarixini yazdılar.

Bu günigid əsgərlərimiz dəyanətlə, qətiyyətlə torpaqlarımızın keşiyindədirlər. Vətənimizin müdafiəsi üçün çarpışıb vuruşmağa, lazım gəlsə bu yolda canlarından keçməyə də hər an hazırdırlar.

Vətənpərvər Azərbaycan oğulları, gücünüzlə, qüvvətinizlə, qüdrətinizlə, biləyinizin haqqı ilə qazandığınız bu Qələbə ilə fəxr edirik!

Ulu ruhlu şəhidlərimiz, amalınızla, qorxmazlığınızla, şücaətinizlə, uca şəhid adınızla qürur duyuruq!

Bir ömürboyu sizi sayğıyla anacağıq, minnətdarlıqla yad edəcəyik!

Ruhunuz şad olsun!

 

Vasif HƏSƏNOV,

BDU-nun Karyera və məzunlarla əlaqə sektorunun müdiri

 

Azərbaycan.- 2022.- 27 sentyabr.- S.14.