Ölümsüzlük
yolçuları
Onu bütün Azərbaycan tanıyır. Onu Azərbaycan əsgərinin siması sananlar da var, ona Azərbaycan əsgərinin gülən üzü deyənlər də... O, 44 günlük Zəfər müharibəsinin qəhrəmanlıq simvollarından biri, ölümü ilə ölümsüzlük qazanandır. O, "XTQ-nin son silahı ölümdür. O silahı onlardan heç kim ala bilməz", - deyən ölümün üstünə məğrurcasına yeriyib 22 yaşındaykən xalqımızın qəhrəmanlıq tarixini yazanlardandır.
Kərimin doğum günü idi. Səhərin yenicə açılmasına baxmayaraq, göydən od ələnirdi. Alpout kəndinin mərkəzi küçəsində bir qələbəlik, bir izdiham var idi. İnsanlar kənd qəbiristanlığına, xalqımızın qəhrəman oğlu Kərim Əliyevin məzarını ziyarət etməyə axışırdılar.
Maşınımızı "Kərim bulağı"nın yanında saxlayıb su içmək istəyirik.
Qıvrımsaçlı bir oğlan uşağı qiymətli bir şey tapıbmış kimi üzünü bizə tutub:
-Əmi, siz də qəhrəman olmaq üçün Kərim bulağından su içirsiniz? Müəllimimiz deyir ki, kim Kərimin bulağından su içərsə, o da qəhrəman olar. Biz də hər gün dərsə gedəndə və dərsdən gələndə bu bulaqdan su içirik. Təkcə biz yox, yoldan keçənlər də maşınlarını saxlayıb bu bulaqdan su içirlər. Yəqin onlar da qəhrəman olmaq istəyirlər?
Sonra qəhrəmanın evinə gedirik. Atası, Birinci Qarabağ savaşının qəhrəman döyüşçüsü, Qarabağ qazisi Məhəmmədəli Əliyevlə söhbətləşirik:
- Kərim cənnətə gedən gündən küçə qapısını bağlamırıq. Sağ olsun xalqımızı, bizi tək qoymurlar. Hər gün evimiz insanlarla dolub-boşalır…
Məhəmmədəlinin mənalı, dərin çuxura düşmüş qəmli gözləri üzümə zillənir. Kirpiklərindən dənələnib süzülən gözyaşı yanağını isladır. Araya lal bir sükut çökür. Həyətdə də qəribə bir sakitlik var... Məhəmmədəli kişi əlinin arxası ilə sellənən gözyaşını silməyə çalışır.
- Yox, yox, ağlamıram. Qəhrəmanı ağlamazlar… oğlumla - Kərimimlə fəxr edirəm. Oğlum fərari olsaydı, döyüşməyib baş girrəsəydi, düşmən qabağından qaçsaydı, fərsiz övlad böyütdüyüm üçün ağlayardım, deyir. Mən özüm Qarabağ qazisiyəm. Haralarda döyüşməmişəm?! Şuşa… Laçın… Qubadlı, Göranboy, Tərtər istiqamətində gedən qanlı döyüşlərdən çıxmışam. Çox şükür, bizim edə bilmədiklərimizi gənclər etdilər. Mənim gedə bilmədiyim yolu Kərim getdi…
Evdə otaqların birində Kərimin ev-muzeyi yaradılıb. Burada qəhrəmana məxsus əşyalar, fotoşəkillər, əsgər forması, bir də ucaboylu, gül üzlü Kərimin səliqə-sahmanla düzəldilmiş cansız maketi var. Sanki bu dəqiqə dil açıb bizimlə danışacaq …
Kərimin anası İlhamə xanımla qarşılaşırıq. Atası Məhəmmədəli deyir ki, İlhamə xanım Kərim şəhid olan gündən bu otaqda, bu əşyalarla baş-başa qalıb daha çox tək olmaq, sonbeşiyi ilə dərdləşmək istəyir.
- Hə qardaş, mən ömrümün sonuna kimi bu otaqda Kərimimlə baş-başa qalacağam. Onun gül üzündən, səsindən doymadım. Heç gedəndə bağrıma basıb qoxusunu ürəyimə, içimə doyunca çəkmədim. Keşkə… "Ana təlimə gedirəm, tezliklə gələcəm", - dedi. Mən onun haqqında heç nə danışa bilmirəm. Hər yerdə gözüm Kərimimi gəzir. Elə bilirəm ki, indi qapı açılacaq, Kərim girəcək içəri…
Söhbəti atası davam etdirir:
- Müharibəyə getdiyini bizə bildirmədi. İsmayıllıda təlimdə idi. Vaxtaşırı evə gəlirdi. Sonuncu dəfə gələndə gecədən xeyli keçməsinə baxmayaraq, hiss etdim ki, Kərim yatmayıb. Düşüb həyətdə gəzir, eyvanda oturub tamaşa edir… Nə isə fikirləşirdi. Nə qədər etdim, bir söz demədi. Səhər gedəndə məni bağrına basıb bərk-bərk qucaqladı və "veteran, özünü qoru", - dedi. Dedim sən də özünü qoru, sən əsgərsən… Sentyabrın 27-də müharibənin başlaması xəbərini eşitdim, başa düşüdüm ki, Kərim niyə yatmırmış, nəyi fikirləşirmiş. Anası danışığımızı eşitməsin deyə bağa tərəf gedib Kərimə zəng vurdum. Döyüşdə idi… Mənə zarafatca dedi ki, "Ey, Qarabağ qəhrəmanı, qazi atam, özün müharibə görmüş kişisən. Müharibədir, haqqını halal eylə. Bu yolun gedişi olur, bəzən dönüşü olmur… Ya torpaqları azad edən qəhrəmanlardan olacam, ya da torpaq, vətən uğrunda namusla döyüşüb şəhid olacağam, üçrəngli bayrağa bükülüb gələcəyəm…"
Dedim ehtiyatlı ol. Evə
gəldim, gördüm anası özündə deyil. Dedim nə olub, nə
eşitmisən?
Söhbətə İlhamə
xanım qoşulur:
- Səhər
təzəcə açılmışdı. Kərimdən
zəng gəldi. Bu vaxtlar Kərim zəng
etməzdi. Amma kefi kök, şən idi.
Silah səsi gəlirdi. Dedim ki, Kərim
haradasan? O nə səs-küydür? Dedi ki, ana qorxma və məndən
narahat olma. Qarabağdayam. Zəng
etdim ki, səndən halallıq alam. Haqqını halal et. Əgər şəhid olsam,
məni ağlama. Mərd ol, möhkəm
ol. Şəhid olsam, bil ki, qorxaq kimi deyil,
qəhrəman kimi şəhid olmuşam. Mənimlə
bütün həyatın boyu fəxr edəcəksən.
Dedim ki, Kərim, mən sizinlə həmişə iftixar
duymuşam. Çalış ki, mənə bu acını
yaşatmayasan…
Söhbət qəhrəmanlıq
dastanımızın yaradıcılarından, qısa
ömrü bir dastana sığmayan, xalqımızın qəhrəman
oğlu Kərim Məhəmmədəli oğlu Əliyevdən
gedir. Onun keçdiyi şərəfli yola gəlin birlikdə
nəzər salaq.
Əliyev Kərim Məhəmmədəli
oğlu 31 avqust 1998-ci ildə Ucar rayonunun Alpout kəndində
anadan olub. 2015-ci ildə Alpout kənd orta məktəbini
bitirib. Elə həmin il də ali məktəbə
daxil olmaq üçün keçid balını toplayan Kərim
Əliyev sonradan təhsil almaq fikrindən daşınaraq, Vətənə
qulluq etmək üçün hərbi xidmətə
yollanıb.
2016-cı ilin oktyabr
ayından Dövlət Sərhəd Xidmətində qulluq edən
Kərim Əliyev həmişə torpaqlarımızın ərazi
bütövlüyünün bərpasını
düşünürmüş.
2018-ci ildən Azərbaycan
Ordusu sıralarında müddətdən artıq hərbi
qulluqçu kimi xidmətə qəbul olunub ön cəbhəyə
gedir. Kərim Əliyev 2019-cu ildə XTQ-nin (Xüsusi Təyinatlı
Qüvvələr) kursunu müvəffəqiyyətlə
başa vuraraq kəşfiyyatçı gizir kimi xidmətini
davam etdirir.
Azərbaycan Ordusunun kiçik giziri
olan Kərim Əliyev 2020-ci il sentyabrın
27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Ermənistanın işğalı altında olan ərazilərin
azad edilməsi uğrunda başlanan Vətən müharibəsi
zamanı Cəbrayılın, Füzulinin və Qubadlının
azadlığı uğrunda gedən döyüşlərdə
qəhrəmanlıq nümunəsi göstərir. Kərim Əliyev 19 oktyabrda Xocavənd-Qubadlı
istiqamətində gedən ağır döyüşlər
zamanı qəhrəmancasına şəhid olur.
Azərbaycanın ərazi
bütövlüyünün təmin edilməsi uğrunda
döyüş əməliyyatlarına qatılan və hərbi
hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyinə görə
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə
Kərim Əliyev ölümündən sonra "Vətən
uğrunda" və "Cəbrayılın azad olunmasına
görə" medalları, habelə "Azərbaycan
Bayrağı" ordeni ilə təltif edilib.
Orta məktəb müəllimi Afət
Kərimova danışır:
- Qətiyyətlə deyə bilərəm
ki, müəllim öz övladından başqa dərs dediyi
şagirdin uğuruna hamıdan çox sevinə, kədərinə
hamıdan çox üzülən insanlardandır. Bu gün iftixar hissi ilə, bir zamanlar qarşımda
oturan, günəşgözlüm, nurüzlüm Kərim
haqqında qürurla danışıram. Az
qala bütün mötəbər məclislərdə, məktəbdə,
sinifdə hər yerdə deyəm ki, mən də Kərimin
müəllimiyəm. Mən ona nə isə
öyrətmişəm demək istəmirəm. Bunun da özəl səbəbi var. Kərim kimilər
öyrədilib qəhrəman olmurlar. Anadan
qəhrəman doğulurlar. Kərim
uşaqlıqdan, orta məktəb illərindən bir qəhrəman
idi. Allah ona özündən böyük
ürək, cəsarət, ən başlıcası da mərifət
vermişdi. Kərimin döyüş
yoldaşları, komandirləri, və ondan bizə yadigar qalan
videogörüntüləri izlədikcə adamın ürəyi
dağa dönür. Ölümü
öldürən bir qəhrəman olub. Kərim qəhrəmanlıq
tariximizi yaradanlardandır… Kərim çox vətənpərvər,
qeyrətçəkən oğul idi. Bütün
müəllimlər Kərim oxuduğu sinfə dərs deməyə
həvəslə tələsirdilər. O olan yerdə
gülüş vardı, sevgi vardı, həyat vardı. Çox həyata bağlı bir insan idi.
Rüstəm Məsimov,
döyüşçü yoldaşı:
- Soruşsanız Kərim
necə döyüşçü idi. Deyərəm
ki, Kərim ürəklə döyüşən və
lazım gəldiyi məqamda özünü fəda etməyi
bacaran döyüşçü idi. Kərimlə
bütün döyüşlərin
iştirakçısı olmuşam. Sonuncu
birgə döyüşümüz Xocavənd-Qubadlı
istiqamətində gedirdi. Xocəvənddə
"720" deyilən yüksəklik var idi. Bizə o yüksəkliyi götürmək əmr
olunmuşdu. Ermənilər yüksək
dağ zirvəsində mövqe tutmuşdular. Biz 17 oktyabrda həmin əraziyə
yaxınlaşıb müşahidəyə başladıq.
Düşmən sayca çox üstün idi.
Biz XTQ-nin xüsusi kəşfiyyat
bölüyünün mobil qrupu idik. Qrup
halında irəliləyib dağətəyi zonada mövqelənmişdik.
Buradan bütün istiqamətə yollar gedirdi.
Dağlı-dərəli bir ərazi idi. Bizim qrup dağın ətəyində,
çılpaq bir ərazidə mövqelənmişdi. Belə deyək ki, müşahidə
aparırdıq. Düşmənin burada
çox böyük canlı qüvvəsi və texnikası
cəmlənmişdi. Hiss edirdik ki, düşmən də
bizi hər tərəfdən müşahidə edir. Oktyabrın 17-də ermənilər döyüş
yoldaşımızdan ikisini snayperlə vuraraq ağır
yaraladılar. Arabir minaatanlardan da atəş
açırdılar… Oktyabrın 19-da, axşam saat 6-da
düşmən sayca az olduğumuzu biləndən
sonra böyük bir qüvvə ilə üstümüzə
hücuma keçdi. Göydən od ələnirdi.
Barıt qoxusu, yaralıların səsi adamı
dəhşətə gətirirdi. Biz bu
döyüşdə ermənilərin böyük bir
canlı qüvvəsini məhv edə bildik. Haradasa ərazidə 200-ə yaxın erməni meyiti
qalmışdı. Bu döyüşdə
Kərim qıçından ciddi yara aldı. Onun qıçını rezinlə bağlayıb səngərdə
qalması, təxliyəni gözləməsi, əsas
hücum qrupundan çıxarılması əmr olundu. Kərim səngərdə qalmaq istəmirdi, qəti
surətdə etiraz edirdi. Hətta bildirdi
ki, əgər ona döyüşməyə imkan verməsə
öz silahıyla özünü qətlə yetirəcək.
Kərimə döyüş
qabiliyyətində olmadığını anlatmağa
çalışırdıq. O, özünü
razılaşır kimi göstərdi. Hücumu
davam etdirərək bir qədər irəliləmişdik ki,
Kərimin bizə gəlib çatdığının,
yaralı aslan kimi döyüşdüyünü
gördük. Kərimdən niyə belə
etdiyini soruşduqda "Sizi az qüvvə ilə buraxıb
öz canımın hayına qala bilməzdim. Şəhid
olacağıqsa hamımız birlikdə şəhid
olacağıq", - dedi. Ermənilər bizi irəli
buraxıb, daha böyük qüvvə ilə qrupumuzu
mühasirəyə salmağa çalışırdılar.
Kərim həm qolundan, həm də
qıçından yaralanmışdı. Biz geriyə hərəkət etməyə
çalışırdıq. Bu, qorxub geri
çəkilmək deyildi. Məqsəd
erməniləri ardımızca düzənlik, şumluq olan əraziyə
çıxarmaq idi. Kərim yaralı
olduğu üçün bizdən bir qədər kənarda
mövqelənmişdi. Kərim
bütün hərəkətləri ilə düşməni
öz üzərinə çəkməyə
çalışırdı ki, biz ərazidən uzaqlaşa
bilək. Bu arada Kərimin yaxın dostu,
silah qardaşı Elyar Vəliyev geri dönüb Kərimi də
özü ilə çıxarmaq istədi. Bunu görən düşmən qumbaratanla Elyarı
vurdu. Elyar Kərimə çata bilmədən
şəhid oldu. Hiss olunurdu ki, Kərimin
döyüş sursatı tükənir və o, bu səbəbdən
aram-aram atəş açırdı. Ermənilər də
bunu hiss etmişdilər. Kərimin gülləsi
bitdikdən, tam sakitlik yarandıqdan sonra 10-dan artıq erməni
onu əsir götürmək niyyəti ilə irəlilədi.
Ermənilər yaxınlaşanda Kərim qumbaranı
partladaraq həm onları oldürdü, həm də
özü şəhid oldu… Bu döyüşdə Kərimlə
birlikdə bizim cəngavər döyüşçülərimiz
Elyar Vəliyev, Sübhan Cəbrayılov, Şəhriyar
Quliyev, Tarzan Həşimov, Elton Qənbərli, Simair Qaflanov,
Beyrək Fərzəliyev qəhrəmancasına şəhd oldular.
İki gündən sonra biz daha böyük
qüvvə ilə əks-hücuma keçib həmin ərazini
düşməndən azad etdik. Düşmən
iki gün öncə şəhid olub, nəşləri səngərdə
qalmış qardaşlarımızın yerini bilməyək
deyə üstünü torpaqla örtmüşdü. Mən Vətən uğrunda canlarını fəda
etmiş qəhrəman döyüşçülərin
basdırıldığı yeri dəqiqləşdirərək
öz əllərimlə torpağı qazıb nəşlərini
götürə bildim.
Kərim öz əməli, qəhrəmanlığı
ilə bir nümunə yaratdı…
Elşən
QƏNİYEV
Azərbaycan.- 2022.-27 sentyabr.- S.16.