Cəhənnəmə çevrilən Ermənistan

 

Məğlub ölkə tarixinin ən acınacaqlı və utanc dövrünü yaşayır

 

Son iki il Ermənistan üçün sosial-iqtisadi, ictimai-siyasi müstəvidə vəziyyətin daha da gərginləşməsi, İkinci Qarabağ müharibəsində Azərbaycana məğlubiyyəti ilə xarakterizə olunur. 2020-ci il sentyabrın 27-dən başlanan İkinci Qarabağ müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. İşğalçı Ermənistanın döyüş meydanında diz çökdürülməsi ilə 30 ilə yaxın zəbt edilmiş torpaqlarımız azad olundu. İşğal siyasətinin və Azərbaycanın "dəmir yumruğ"unun nəticəsində Ermənistan tarixinin ən ağır, böhranlı və rüsvayçı dövrünü yaşamaqdadır. Bu böhrandan xilas yolu isə İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamasından keçir.

2020-ci il sentyabrından etibarən bu günə kimi İrəvanda baş verənlərdən sonra ölkədə, demək olar ki, siyasi xaos hökm sürməkdədir. Əhalinin bir qismi hökumətin istefasını tələb edir. Bunu Ermənistanda minlərlə insanın iştirakı ilə keçirilən aksiyalardan da görmək olar. Amma iqtidar küçələrə hərbi və polis qüvvələri çıxararaq sələfləri kimi hakimiyyəti güc yolu ilə saxlamağa çalışır.

 Ölkədə insan hüquqları sahəsində yaşanan problemlərin miqyası sürətlə genişlənməkdə, vəziyyət ifrat həddə pisləşməkdədir. Hakimiyyətin öz maraqlarını təmin etmək məqsədilə repressiv metodlardan daha çox istifadə etməsi etirazları bir qədər də artırıb. Amma iqtidar mənsubları hələ də buna əhəmiyyət verməyərək rəqib və təhlükə saydıqları qüvvələri ən sərt üsullarla neytrallışdırmağa çalışırlar. Ermənistanın "4rd.am" saytı yazır: "Ölkəmiz müharibədəki məğlubiyyət və sülh müqaviləsinin yubadılması fonunda cəhənnəmə çevrilib. Həm kəndlərdə, həm də şəhərlərdə əhalinin 98 faizi yoxsulluq içərisində yaşayır. Ölkə rəhbərliyində xalqı fəlakətə sürükləyən oğrular, fırıldaqçılar, əclaflar, satqınlar əyləşiblər. Bu, sadəcə, sözlər deyil".

Qeyd olunur ki, Ermənistanda polis və məhkəmələr təzyiq alətinə çevrilib. Onlar öz xalqına qarşı Stalin KQB-sindən daha qəddardırlar. Stalin insanları Yakutsk, Sibir, Altaya zorla sürgün edirdi. Amma keçmişindiki hakimiyyət insanları o həddə çatdırıb ki, artıq onlar əsir düşərgələrində əziyyət çəkən babalarının yerlərinə könüllü gedirlər.

Ümumiyyətlə, etiraz aksiyaları ətrafında baş verən proseslər insan haqlarının pozulması, məmur özbaşınalığı, qanunsuz həbslər, məhkəmələrin sifariş əsasında hökmlər çıxarması və bu qəbildən olan digər hallar indi Ermənistanı xarakterizə edən əsas hallardan sayılır. Beynəlxalq miqyasda müxtəlif təşkilatlar, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar bu xüsusda İrəvana dəfələrlə iradlar tutsalar da, reallıqda dəyişən heçyoxdur.

Azərbaycanın tarixi zəfəri ilə başa çatan müharibə ilə bağlı Ermənistanın məğlub ordusuna dair hər gün maraqlı faktlar ortaya çıxmaqdadır. Bu sahə üzrə araşdırmalar aparan erməni jurnalist Andranik Arşakyan bildirir ki, müharibənin başladığı ilk günlərdən  erməni gənclər Qarabağa getməmək üçün ölkədən qaçmağa başlayıblar. Erməni jurnalist yazır ki, savaş müddətində hərbi komissarlıqlar orduya çağırışla bağlı ciddi çətinliklərlə üzləşiblər. Respublika çağırış komissiyasındakı mənbədən əldə etdiyimiz məxfi informasiyaya görə, müharibə vaxtı saxta sağlamlıq vəziyyətinə görə orduya getməyənlərin sayı artmaqla yanaşı, hərbi xidmətə getməmək üçün ölkədən qaçan gənclərin də sayı sürətlə çoxalmışdır. Hətta həmin ildən bu günə kimi orduda xidmətdən xilas olmaq üçün 2000 insan ölkəni tərk edib. Bununla yanaşı, valideynlər böyük məbləğdə pul verərək övladlarını hərbi xidmətdən yayındırıblar. Bütün bunlara səbəb isə kasıbların övladlarının Qarabağa göndərilməsi və orada ölməsi idi.

Ermənistan ordusunda qeydə alınan nizamnamədənkənar münasibətlər də valideynlərin orduya inamını tam sarsıdıb. Belə insidentlər zamanı xəsarət alan hərbi qulluqçuların valideynlərinin Ermənistan Müdafiə Nazirliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, hadisələrin qarşısını almaq mümkün olmur. Digər sahələr üzrə də Ermənistanda vəziyyət sürətlə pisləşir, ölkə fəlakətə yuvarlanır.

Ermənistanda vəziyyəti ağırlaşdıran daha bir məqam postmüharibə dönəmində sosial-iqtisadi vəziyyətin daha da pisləşməsidir. Əhalinin getdikcə dərinləşən sosial problemləri, işsizlik, xarici sərmayənin az olması, istehsalın yoxluğu Ermənistanda vəziyyəti daha da ağırlaşdırır. Hökumət tərəfindən xaricdən alınan borclarla elektrik enerjisi, su təminatı, həmçinin xidmət sahələrində vəziyyətin yaxşılaşacağı deyilsə də, reallıqda bunun əksi müşahidə olunur. Kommunal xidmətlər durmadan bahalaşır, digər sosial xərclər davamlı olaraq artır.

Erməni iqtisadçı Samvel Kasparyanın sözlərinə görə, məhz ağır sosial-iqtisadi durum üzündən, ümumiyyətlə, Ermənistana xarici sərmayələr qoyulmur. Ekspert vurğulayır ki, hazırda bu ölkəyə ancaq hakimiyyətdə güclü dayağı olanlar və elə hakimiyyətin öz nümayəndələri sərmayə yatırırlar. Erməni iqtisadçısı bildirir ki, investisiya ilə bağlı situasiya çox pisdir: "İnvestisiya məsələsində "kədərli" sözü çox yumşaq səslənir. Milli statistika xidmətinin məlumatı bu ilin birinci yarısının yekunları, sərmayə axını əvəzinə, ölkədən daha çox pul çıxarıldığı gerçəyini ortaya qoyub".

Ölkədən pul axınının artımını buradakı ümidsiz vəziyyətlə əlaqələndirən iqtisadçı vurğulayır ki, bunun bir səbəbi insanların öz əmlaklarını sataraq ölkəni tərk etməsidirsə, digər səbəbi onların öz kapitallarını daha təhlükəsiz mühitdə yatırım etmək istəməsidir. Ölkə əhalisinin yarıdan çoxu yoxsulluq həddində yaşayır. Burada orta aylıq əməkhaqqı çox aşağı səviyyədədir. Əvvəllər Ermənistanın mövcudluğu xarici yardımlardan asılı idisə, son dövrlər ölkə bundan da məhrum edilib.

Ümumiyyətlə, real mənzərə göstərir ki, müharibədəki məğlubiyyətdən sonra sülh müqaviləsinin imzalanmasının yubadılması Ermənistanda yaşanan tənəzzülün daha da sürətlənməsi ilə xarakterizə olunub və qarşıdakı dövrdə də bundan nəyə görəsə fərqlənməsi gözlənilmir. Aydın görünür ki, Ermənistan və onun xalqı işğal siyasətinin faciəsini yaşayır. İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan dövlətinin müharibə və postmüharibə dönəmində Ermənistana verdiyi tarixi dərs bu ölkəni dərin fəlakətə sürükləyib.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2022.- 27 sentyabr.- S.18.