Vətən fədaisi

 

44 gün davam edən Zəfər tariximizə adı yazılan minlərlə igidlərimiz oldu. Bu zəfərdə şəhadətə ucalan qəhrəman oğullarımız daim ehtiramla yad olunur, ailələri ziyarət edilir. Sağlamlığını itirən qazilərimizə, Vətən müharibəsi iştirakçılarına hər zaman dövlətimiz tərəfindən  diqqət və qayğı göstərilir. Onların müalicələri istər ölkə daxilində, istərsə də  xaricdə davam etdirilir. Bəzən bütün bu səylərə baxmayaraq, müharibənin vurduğu yaralar nəticəsində həyatını itirən oğullarımız olur. Elşən Həsənov kimi...

Cəbrayıl uğrunda gedən döyüşlərdə müxtəlif bədən xəsarətləri alan igidimizin ordudan tərxis olunduqdan sonra müalicəsi uzun müddət Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında və digər sağlamlıq mərkəzlərində, eləcə də xaricdə  davam etdirilib. Çox təəssüf ki, bu müalicələrin heç bir faydası olmayıb. O, avqustun 15-də Rusiya Federasiyasının Sankt-Peterburq vilayətində  müalicə aldığı xəstəxanada  dünyasını dəyişib.

Avqustun 19-da E.Həsənovun nəşi doğulduğu Qiyamadınlı kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, RİHB Aparatının məsul işçiləri, hüquq-mühafizə  orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Dəfn mərasimində çıxış edən rayon rəhbəri bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz  30 ildən sonra işğal altında olan torpaqlarımızı azad etdi. R.Hüseynov vurğulayıb ki, Vətənimizin bütövlüyü uğrunda canından keçənlər heç zaman unudulmayacaq, onlar daim qəlbimizdə yaşayacaqlar. Sonra Azərbaycan Respublikasının Dövlət Bayrağı E.Həsənovun atasına təqdim edilib.

Qeyd edək ki, Həsənov Elşən Etibar oğlu 31 dekabr 1997-ci ildə rayonun Qiyamadınlı kəndində anadan olub. Uşaqkən ailəsi ilə birgə Rusiya Federasiyasına köçüb. Bir müddət burada yaşadıqdan sonra yenidən doğma kəndlərinə qayıdıb.

E.Həsənov 2015-ci ildə Qiyamadınlı kənd tam orta məktəbini bitirib. O, həqiqi hərbi xidmətini 2016-2017-ci  illərdə Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissədə başa vurub.

II Qarabağ müharibəsi zamanı Vətən eşqi ilə yaşayan gənclərimiz kimi, Elşən də müharibəyə yollanıb. 29 sentyabr 2020-ci ildən döyüşlərə qatılıb və Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. Göstərdiyi igidliklərə görə Prezident İlham Əliyevin sərəncamlarına uyğun olaraq, Elşən Həsənov "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Rəmziyyə HƏSƏNOVA,

Ağcabədidə çıxan "Aran" qəzetinin əməkdaşı

Azərbaycan.-2022.- 28 sentyabr.- S.6.