Hərbi
gücümüz müstəqilliyimizin təminatçısıdır
Sentyabrın
27-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli
rayonuna səfər ediblər.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində
27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə
lövhəsinin önünə gül dəstələri
qoyublar.
Azərbaycan Prezidenti burada çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Bu gün Azərbaycanda Anım Günüdür.
Bütün Azərbaycan xalqı
şəhidlərimizin əziz
xatirəsini yad edir. Allah bütün
şəhidlərimizə rəhmət
etsin. Şəhidlərimiz Vətən, torpaq
uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə
fəxr edirik. Qəhrəman əsgər və
zabitlərimizlə fəxr
edirik. Şəhidlərimizin qanı yerdə
qalmadı, biz şəhidlərimizin
qanını aldıq.
Döyüş meydanında qisasımızı
aldıq. Doğma torpaqlarımızı
düşməndən azad
etdik, ölkəmizin ərazi bütövlüyünü
bərpa etdik.
44 günlük Vətən
müharibəsi şanlı
tariximizdir. Azərbaycan xalqı bütün
gücünü səfərbər
edib yumruq kimi birləşərək
düşməni doğma
torpaqlarımızdan qovdu.
Bütün Azərbaycan xalqı
birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı,
qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub-yaradırıq, şəhərlərimizi,
kəndlərimizi bərpa
edirik və həm də şanlı Zəfərimizlə
fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz - bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq.
Şəhidlərimizin şərəfinə bu abidə - bu qaya parçası burada, Qaraxanbəyli kəndinin yaxınlığında
ucaldılıb. Qaraxanbəyli kəndi və digər beş
kənd İkinci Qarabağ müharibəsinin
ilk günündə azad
edilmişdir. Qaraxanbəyli,
Qərvənd, kənd
Horadiz, Yuxarı Əbdürrəhmanlı - Füzuli
rayonunun kəndləri
və Cəbrayıl rayonunun kəndləri - Böyük Mərcanlı
və Nüzgar kəndi müharibənin
ilk günündə azad
edilmişdir. İlk şəhidləri
biz məhz burada, bu yerdə vermişik.
Bu abidənin yanında düşmənin
səngəri yerləşirdi.
Bu istiqamətdə beş-altı müdafiə
xətti mövcud idi. Azərbaycan əsgəri, Azərbaycan
zabiti bu müdafiə xəttini və bundan sonrakı müdafiə xətlərini yarmaq üçün ölümə
gedirdi. Sözün əsl mənasında,
ölümə gedirdi,
öz canını fəda edirdi ki, üçrəngli Bayrağımız Şuşada
və o vaxt işğal altında olan digər bütün torpaqlarda dalğalansın. Öz canını
fəda edirdi ki, Azərbaycan xalqı ləyaqətini bərpa etsin, ədaləti bərpa etsin və xalqımız
öz torpaqlarına qayıtsın.
Bu istiqamətdən düşmənin birinci müdafiə xəttini yararaq bizim Zəfər yürüşümüz başlamışdır. 44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi. Dayanmadan, durmadan, usanmadan hər gün qan tökərək, şəhidlər verərək irəliyə gedirdi, Zəfərə doğru gedirdi. Bir gün belə dayanmadı, bir gün belə geriyə addım atmadı, ancaq irəli getdi, düşməni qova-qova döyüş meydanında tarixi Zəfər çaldı. 44 gün ərzində 300-ə yaxın şəhər və kənd düşməndən azad edilmişdir. Düşmən məcbur olub kapitulyasiya aktını imzalayaraq məğlubiyyətini qəbul etdi və o vaxt hələ işğal altında olan torpaqlardan çıxmağa məcbur olmuşdur.
Biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb. Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq.
Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır.
Bir
daha şəhidlərimizə rəhmət diləyərək
qeyd etməliyəm, bildirməliyəm ki, onların əziz
xatirəsi Azərbaycan xalqının qəlbində əbədi
yaşayacaqdır.
x x x
Sonra Prezident
İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin
xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Azərbaycan $g 2022.- 28 sentyabr.- S.2.