Şərqi Zəngəzurun "hava qapısı"

 

Zəngilan Beynəlxalq Hava Limanına ilk təyyarəmiz uğurla eniş etdi

 

44 günlük Vətən müharibəsində qazandığımız şanlı zəfər 30 illik işğala son qoydu və haqq-ədaləti bərpa edərək Vətən torpaqlarımızın bütün qapılarını taybatay üzümüzə açdı. Bu gün biz tarixi yurdlarımıza Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun həm havadan, həm də qurudan açdığı zəfər yolları ilə qayıdış edirik...

 

"Bu hava limanının bir məqsədi də xarici qonaqların Şuşaya rahat gəlişini təmin etməkdir"

 

Hələ ötən ilin 5 sentyabrında xalqımız Böyük qayıdışın möhtəşəm addımlarından sayılan unudulmaz bir tarixi məqama qürurla şahidlik etmişdi. Həmin tarixdə Bakıdan qanadlanan "Qarabağ" adlı hava gəmisi Füzuli Beynəlxalq Hava Limanına, "Qarabağın hava qapısı"na enmişdi.

Ötən il yanvarın 14-də Prezident İlham Əliyev Füzuli Beynəlxalq Hava Limanının təməlini qoyan zaman onun vacib əhəmiyyətindən danışaraq bildirmişdi ki, bu, azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli bir layihədir. Bu hava limanının əsas məqsədi xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə o qədər də böyük deyil.

Dünya standartlarına uyğun tikilmiş Füzuli Beynəlxalq Hava Limanının təntənəli açılışı isə ötən il oktyabrın 26-da Prezident İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutmuşdu.

Füzuli Beynəlxalq Hava Limanı ən müasir səviyyədə inşa olunub. Bu hava limanının istənilən tip hava gəmisini qəbul etmək imkanları var. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. Burada görülən bütün işlər beynəlxalq normastandartlara uyğun şəkildə həyata keçirilib. Hava limanının ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb. Burada avtomatlaşdırılmış sistemlərlə təchiz olunan hava hərəkətini idarəetmə qülləsi tikilib. Bu isə Füzuli Beynəlxalq Hava Limanında ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanmasını mümkün edir. Hava limanında baqaj konveyerləri, qeydiyyat sistemi, VIP zallar, mağazalar, restoranlar və digər zəruri məntəqələr yaradılıb. Burada sərnişinlərin rahatlığı üçün bütün meyarlara diqqət yetirilib.

 

Zəngilan Beynəlxalq Hava Limanı dünya standartlarına cavab verir

 

İşğaldan azad edilmiş ərazilərdə gecikmədən müasir kommunikasiyaların qurulması sahəsində mühüm işlərin həyata keçirilməsinə başlandı. Onların sırasında iqtisadi, strateji baxımdan əhəmiyyətli olan Füzuli, Zəngilan və Laçın rayonlarında beynəlxalq hava limanlarının tikintisivar idi. Artıq Füzuli hava limanı fəaliyyət göstərir.

Tezliklə Şərqi Zəngəzurun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanının da açılışı olacaq.

Sentyabrın 9-da "Azərbaycan Hava Yolları"nın (AZAL) ən böyük sərnişin təyyarəsi "Airbus A340-500" ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirib və Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən bildirilib ki, sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təqribən 45 dəqiqə təşkil edib. "Uzun illik işğaldan azad olunmuş Azərbaycan ərazisində beynəlxalq hava limanlarının tikintisi və fəaliyyəti ölkə Prezidenti İlham Əliyevin qərarı və tapşırığı sayəsində mümkün olub", - deyə söyləyən AZAL-ın prezidenti Cahangir Əsgərov məlumat verib ki, işğaldan azad edilmiş ərazilərdə artıq ilk beynəlxalq hava limanı fəaliyyət göstərir, tezliklə açılışı nəzərdə tutulan ikinci beynəlxalq hava limanının da uçuş-enmə zolağı istifadəyə veriləcək. Zəngilan hava limanı çoxfunksiyalı hava limanı olaraq, regionun iqtisadi, nəqliyyat və sosial məsələlərinin həlli üçün mühüm alət olacaq. Ölkənin digər beynəlxalq hava limanları kimi, müasir tipli böyük təyyarələri qəbul edə bilən bu hava limanı da dünya standartlarına və tələblərinə cavab verir".

Zəngilandakı yeni hava limanı üçün ICAO və IATA-nın beynəlxalq kodları (müvafiq olaraq UBBZ və ZZE), həmçinin EUROCONTROL təşkilatının naviqasiya vasitələrinin bütün çağırış siqnalları təyin edilib.

Aerodrom ICAO-nun bütün tələblərinə əsasən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün cihazlar üzrə enmə və naviqasiya sistemləri, işıq-texniki sistemlər, birinciliikincili müşahidə radiolokasiya stansiyası ilə tam təchiz olunub. Perronun sahəsi 60 min kvadratmetrdir.

Zəngilan hava limanı texniki cəhətdən tam komplektləşdirilib və bütün tələb olunan aeronaviqasiya avadanlıqları ilə təmin edilib. Hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz edilən hava hərəkəti idarəsi qülləsinin tikintisi başa çatdırılıb.

 

Azərbaycanın dəniz səviyyəsindən ən yüksəkdə yerləşən aeroportu

 

Laçın Beynəlxalq Hava Limanının təməli isə ötən il avqustun 16-da Prezident İlham Əliyev tərəfindən qoyulub.

Rayonun Qorçu kəndinin ərazisində inşa edilən hava limanı bir neçə mühüm amili özündə ehtiva edir. İlk növbədə, burada aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu logistik mərkəzlərin yaradılmasına da töhfə verəcək. Laçın hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.

 

İndi bütün yollar bizi Qarabağa və Şərqi Zəngəzura aparır

 

Ekspertlər də bildirirlər ki, Füzulidə, Zəngilanda və Laçında aeroportların tikilməsi artıq bu bölgələrimizin nəqliyyat habına çevrilməsinə imkan yaradır. Həmçinin işğaldan azad edilmiş ərazilərimizdə aeroportların tikilməsi xarici adamlarının bu bölgəyə investisiya yatırmaq imkanlarını, bölgəyə turist axınını da stimullaşdırır.

İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri, beynəlxalq nəqliyyat layihələri və digər qlobal işlər ölkəmizin bu bölgədə əbədi varlığının əyani göstəricisidir.

İndi bütün yollar bizi Qarabağa və Şərqi Zəngəzura aparır...

 

Yasəmən MUSAYEVA

 

Azərbaycan.- 2022.-10 sentyabr.- S.1; 6.