Ağcabədidə Anım günü ilə bağlı ümumrayon tədbiri keçirilib

 

Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından artıq 2 il ötür. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli  Sərəncamına əsasən hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd edilir.

Ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də Anım günü münasibəti ilə ümumrayon tədbiri keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi Rayon Təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri Muğanlı kəndində Qəhrəmanlar parkını və Hindarx qəsəbəsində Şəhidlər xiyabanını ziyarət ediblər. Sonra şəhər ərazisində tədbir davam etdirilib. Ağcabədi Bayraq meydanından Qəhrəmanlar parkına qədər yürüş keçirilib. Yürüş iştirakçıları əllərində üçrəngli  bayrağımız  və şəhidlərimizin şəkilləri olan plakatlar daşıyaraq "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qarabağ Azərbaycandır!",  "Hər şey vətən üçün!" və digər şüarlar səsləndiriblər. Qəhrəmanlar parkında torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş oğullarımızın məzarları ziyarət olunub, üzərilərinə tər çiçəklər düzülüb.

Tədbirin növbəti hissəsi şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısında keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ağcabədi şəhər Cümə məscidinin imamı şəhidlərimizin ruhuna dualar oxuyub.

Anım tədbirində çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçisi Rafil Hüseynov 2020-ci il sentyabrın 27-də başlanmış və Zəfərimizlə başa  çatmış Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlblərdə yaşayacağını bildirib, onların ailələrinin, o cümlədən  qazilərimizin daim diqqətdə saxlanıldığını, dövlətimiz tərəfindən onlara qayğı göstərildiyini diqqətə çatdırıb.

Tədbirdə şəhid ailələrinin üzvləri Aqil Talıbov, Aynur Kərimova, Qumru Süleymanova çıxış ediblər. Məktəblilərin və şəhid övladlarının ifasında şeirlər səsləndirilib.

Sonda Qəhrəmanlar parkında ağacəkmə aksiyası keçirilib.

Saat 12-00-da şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

 

Məhsəti MUSA,

Ağcabədidə çıxan "Aran" qəzetinin redaktoru

Azərbaycan.-2022.- 29 sentyabr.- S.9.