"İslam mədəniyyətində birgəyaşayış təcrübəsi" mövzusunda keçirilən beynəlxalq simpozium başa çatdı

 

"İslam mədəniyyətində birgəyaşayış təcrübəsi" mövzusunda keçirilən beynəlxalq simpozium uğurla öz işini yekunlaşdırıb. 

Bağlanış nitqi ilə çıxış edən Azərbaycan İlahiyyat İnstitunun rektoru Aqil Şirinov ikigünlük simpoziumun önəmli mövzuya həsr olunduğunu söyləyərək, tədbirdə iştirak edən elm adamlarına təşəkkür edib.

Qeyd edib ki, birgəyaşayış ənənəsinin müxtəlif aspektlərini özündə ehtiva edən - İslam mədəniyyətində birgəyaşayış prinsipinin konseptual çərçivəsi; birgəyaşayışın vacibliyi; birgəyaşayış mədəniyyətini gücləndirən amillər; cəmiyyətlərdə birgəyaşayış təcrübəsi; birgəyaşayış mədəniyyətinə töhfə verən nümunəvi şəxsiyyətlər; birgəyaşayış qarşısında duran maneələr; müsəlman təfəkküründə cəmiyyət anlayışları; qloballaşmanın birgəyaşayışa təsiri və digər mövzularda məruzələr söyləyən alimlərin çıxışları gələcəkdə kitab şəklində çap olunacaq.

Kırıkkale Universiteti İslam elmləri fakültəsinin dekanı, professor Mevlüt Erten təşkilatçılara təşəkkürünü bildirib. Qeyd edib ki, simpoziumda səsləndirilən tezislərə nəzər saldıqda tədbirdə birgəyaşayış ənənəsinin müxtəlif aspektlərdən araşdırıldığının şahidi olduq. Bildirib ki, nəşr olunacaq simpozium materialları bu ənənənin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi yerə malik olacaq.

Qeyd edək ki, beynəlxalq simpozium açılış mərasimi və panellərlə davam edib. Tədbirdə 100-dən çox məruzə 10 paneldə dinlənilib. Konfransın materiallarının kitab şəklində çap olunması nəzərdə tutulub.

 

Azərbaycan.- 2022.- 23 sentyabr.- S.8.