İşğal zamanı Azərbaycanın ən gözəl inciləri məhv edildi

 

Arxeoloji qazıntılar Azərbaycanın bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biri olduğunu təsdiqləyib. Ulu əcdadlarımız əsrlər, minilliklər boyu yaratdıqları çoxsaylı abidələrlə həm də bizə öz həyata baxışları, məişətləri, arzuları, xəyalları barədə məlumatlar ötürüblər. Bu abidələr yalnız Azərbaycanın deyil, dünya və Şərq memarlığının da ən gözəl inciləridir.

 

Qarabağ və Şərqi Zəngəzurda erməni vandallarının insanlığa sığmayan əməlləri

 

Azərbaycan xalqı və dövləti öz tarixi irs nümunələrinə daim ehtiramla yanaşır, qorunması və mühafizəsi istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Təəssüf ki, ölkəmizin bütün ərazilərində hər zaman bu işləri aparmaq mümkün olmadı. 1990-cı illərdə Azərbaycanın əzəli ərazilərini işğal edən təcavüzkar ermənilər yerli əhaliyə məxsus mülki və təsərrüfat obyektlərini məhv etdilər. İşğalçılar Azərbaycanın misilsiz mədəniyyət abidələrini də amansızlıqla dağıtdılar. Ermənistan tərəfindən işğal edilmiş ərazilərimizdə 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri mövcud idi. Eyni zamanda 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı, 4 rəsm qalereyası, 85 musiqi məktəbi işğal olunmuş ərazilərdə qaldı.

İşğal olunan ərazilərimizdəki maddi-mədəniyyət abidələrimizə yağı düşmən əlləri uzandı. Onların təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün misilsiz dəyərlərə malik olduğunu nəzərə almadılar. Tarixi, mədəni, dini abidələrin zənginliyi ilə diqqəti cəlb edən Qarabağ və Şərqi Zəngəzurda fəaliyyət göstərən bütün abidələr, muzeylər, məscidlər, ziyarətgahlar Ermənistanın işğalı nəticəsində yerləyeksan oldu. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərliktəpə kurqanları Ermənistan silahlı qüvvələri tərəfindən hərbi məqsədlər üçün istifadə olundu, qəsdən dağıdıldı. Xocalı, Ağdam, Ağdərə, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki qəbiristanlıqlar, türbələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus abidələr və digər milli irsimizə qarşı vandallıq törədildi.

Beş minə yaxın eksponatı olan Şuşa Tarix Muzeyi, Dövlət Xalça Muzeyinin filialı və Xalq Tətbiqi Sənəti Muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, Laçın rayonundakı Ağoğlan məbədi, Xocalıdakı Əsgəran qalası, Kəlbəcər Tarix Muzeyinin və digər mədəniyyət ocaqlarının, rəsm qalereyalarının bənzərsiz ekspozisiyaları da talandı. Kitabxanalar yandırıldı, misilsiz əlyazma nümunələri məhv edildi. Təcavüzkar ermənilər müqəddəs məbəd və məscidlərimizi təhqir etməyi belə özlərinə rəva gördülər.

 

Gəlmə ermənilər özlərinə saxta  "tarix yaratmağa" çalışıblar

 

Tarixi mənbələr təsdiq edir ki, bu torpaqlarda ermənilər yaşamayıblar. Yalnız XIX əsrdən etibarən ərazilərimizə erməni ailələri köçürülməyə başlanılıb. Təbii ki, ermənilərin sonradan gətirilib yerləşdirildikləri yerlərdə onların tarixi abidələri də olmayıb. Hər kəsə gün kimi aydın olan bu həqiqəti ört-basdır etmək üçün ermənilər uzun illər canfəşanlıq göstəriblər. Azərbaycan tarixini saxtalaşdırmaqla özlərinə "tarix yaratmağa" çalışıblar. Bu məqsədlə ölkə və dünya əhəmiyyətli qədim abidələrimizi erməniləşdirmək üçün hər vasitəyə əl atıblar.

XX əsrin sonlarında Azərbaycandan yeni ərazilər qoparmaq məqsədilə təxribatlar törədən təcavüzkar ermənilər münaqişələr yaratmağa nail olublar. 1990-cı illərdə isə ərazilərimizin iyirmi faizini işğal ediblər. Otuz il davam edən işğal müddətində genişmiqyaslı arxeoloji qazıntı işləri aparan ermənilər kurqanlarımızı dağıdıb, dünya əhəmiyyətli tapıntıları qarət edərək Ermənistana daşıyıblar. Dünya əhəmiyyətli arxeoloji abidə sayılan Paleolit dövrünə aid Azıx mağarası da uzun illər işğal altında qalıb. Hələ 1968-ci ildə Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan arxeoloji qazıntılar bu mağaranın bütün bəşəriyyətin tarixini əks etdirməsi baxımından əhəmiyyətini üzə çıxarmışdı. İşğal illərində Azıx mağarasında ermənilər tərəfindən bütün beynəlxalq hüququn norma va prinsiplərinə zidd arxeoloji qazıntılar həyata keçirilmişdi.

 

İşğaldan azad edilən ərazilərimizdəki tarixi abidələr bərpa edilir

 

 2020-ci ildə Müzəffər Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlub etdi. Otuz ilə yaxın işğalda qalan torpaqlarımız xilas olundu. Bütün dünya işğalçı Ermənistanın beynəlxalq konvensiyaları, xüsusilə "Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında" 1954-cü il Haaqa Konvensiyasını və ona dair protokolları, eləcə də UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" Konvensiyasının pozulması, Qarabağda, Şərqi Zəngəzurda qədim abidələrin, tarixi memarlıq irsinin erməni vandalları tərəfindən qəsdən məhv edilməsi faktlarını öz gözləri ilə gördü.

Bu gün Azərbaycan dövləti həmin ərazilərdə genişmiqyaslı tikinti-quruculuq, bərpa işləri həyata keçirir. Azad Qarabağda və Şərqi Zəngəzurda qədim dövrlərdən qorunub saxlanılan və işğal nəticəsində böyük ziyan görmüş Azərbaycan abidələrinin, memarlıq irsinin bərpası və qorunması istiqamətində də çox mühüm, olduqca əhəmiyyətli işlər görülür.

Azad olunan ərazilərimizdə 706-sı dövlət qeydiyyatında olmaqla 2600-dən çox tarix-mədəniyyət abidəsi var. Şuşa qalası, Xudafərin körpüləri, Gəncəsər, Xudavəng monastırları, Qutlu Musa türbəsi, Azıx mağarası Qarabağ və Şərqi Zəngəzurda dünya əhəmiyyətli tarix-mədəniyyət abidələridir. Onlardan bəziləri bərpa edilib. Bununla yanaşı, Üzərliktəpədə də arxeoloji işlər həyata keçirilir. Həmçinin Üzeyir bəy Hacıbəylinin heykəli, Molla Pənah Vaqifin büstü və məqbərəsi, Bülbülün ev-muzeyi artıq bərpa olunub. Aşağı və Yuxarı Gövhər ağa, Saatlı, Ağdam Cümə məscidlərinin bərpası işləri isə davam etdirilir. Qiyaslı məscidinin bərpasına başlanılması nəzərdə tutulub.

Tariximizi yaşadan, əcdadlarımızdan yadigar qalanotuzillik işğal dövründə düşmənlərimiz tərəfindən məhv edilən, saxtalaşdırılan memarlıq abidələrimizin bərpası və mühafizəsi yalnız Azərbaycan dövləti və Azərbaycan xalqı üçün deyil, dünya irsinin qorunması baxımından da mühümdür.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 24 sentyabr.- S.6.