Dəyərlər
daşıyıcısı idi
Qayda budur, igid gedər ad qalar,
Yaxşıdan da, yamandan da ağızda bir dad qalar!..
Bəli, insanlar bu dünyanı tərk etdikdən sonra
da doğmaları, dostları, ünsiyyətdə olduqları
adamlar tərəfindən vaxtaşırı
xatırlanırlar.
Nədənsə biz insanları itirdikdən sonra qədirlərini
daha çox bilir, layiq olduqları qiyməti veririk.
Hərdən
sağlıqlarında kifayət qədər dəyər
verdiklərimizin də yerləri boş qaldıqdan sonra o yerin
bir daha "dolmayacağını" ürək
ağrısı ilə dərk edirik...
Söylədiklərimiz daha çox özlərində
xalqımızın milli-mənəvi dəyərlərini, vətənpərvərlik,
müdriklik, səbirlilik, səmimilik, xeyirxahlıq, uzaqgörənlik,
ehtiyacı olana əl tutmaq kimi keyfiyyətlərin
daşıyıcısı sayılan insanlara aiddir.
Həm də
ürək dostlarımıza...
Bütün
bu keyfiyyətlərin daşıyıcılarını isə
yığcam şəkildə Azərbaycan dilinin ən qiymətli
kəlmələrindən sayılan "ağsaqqal",
"yaxşı adam", "mərd
insan" sözləri ilə ifadə edirik.
Bir məqamı
da vurğulayaq:
Xalqımız
heç zaman saqqalı ağ olana
ağsaqqal deməyib!
Sınamadığını,
yaxından tanımadığını, xeyirxah əməllərini
görmədiklərini heç halda yaxşı adam adlandırmayıb!
"Tərəzi funksiyası" daşıyan el
gözü isə heç zaman səhvə yol vermir.
***
Uzun illər Milli Məclisin deputatı olmuş, Respublika
Ağsaqqallar Şurasına rəhbərlik etmiş Fəttah
Heydərovla tanışlığımız elə Milli Məclisdə
başlamışdı.
Parlamentdə "köhnə
deputatlar"ın qeyri-rəsmi şəkildə deputat
İmamverdi İsmayılovun "sinifkom"luğu ilə təsis
etdiyi "Ağsaqqal deputatlar klubu"nda isə
yaxınlığımız yarandı.
Hamımız onu hörmətlə "Fəttah müəllim"
deyə çağırar, o olmayan yerdə "Fəttah
kişi" deyib xatırlayardıq.
Ona "Fəttah dayı" deyənlər də
çox idi.
Adına qoşulan bu üç ifadənin hamısı
ona yaraşardı.
Çünki həyatda bu hörmətli adları öz
əməlləri ilə qazanmışdı.
Bizi yaxınlaşdıran ən mühüm amil isə
hər ikimizin qəzetə olan sevgisi, isti münasibəti idi.
Fəttah Heydərov 1966-cı ildən 1995-ci ilədək
Naxçıvan Vilayət Partiya Komitəsinin təlimatçısı,
sonra iki rayonun birinci katibi, ən nəhayət, muxtar
respublikanın mədəniyyət naziri vəzifəsində
çalışarkən daim mətbuatla işləmiş,
ideoloji işlə məşğul olmuşdu. Odur ki, qəzeti,
qəzetçiliyi yaxşı bilirdi, uğur və
nöqsanları dərhal görür, qiymətləndirir, dəyərli
tövsiyə və fikirlərini söyləyirdi.
O, gündəlik mətbuatı diqqətlə
izləyir, vaxtaşırı özü də məqalələr
yazır, açıqlamalar verir, siyasi həyatda fəal
iştirak edirdi. Söhbətlərindən
aydın görünürdü ki, "Azərbaycan"da gedən
əksər yazıları oxuyur. Uğurlu
yazı görəndə dərhal qeyd edir,
ruhlandırırdı. Nəzərimizdən
qaçan bir nöqsan olanda isə diqqəti ona yönəldir,
ustalıqla, ehmallıqla tənqidi fikirlərini söyləyirdi.
Beləcə, xeyirxahlıq müstəvisində qəzetçilik
dostluğumuz yarandı, sonra Ağsaqqallar Şurasının
tədbirlərində əməkdaşlığa
çevrildi.
Fəttah müəllim geniş
dünyagörüşünə, zəngin təcrübəyə
malik insan idi.
Bir gün belə mütaliədən
qalmırdı. Ən çox oxuduğu da
tariximizə dair bədii və sənədli əsərlər
olardı.
Söhbət əsnasında yeni oxuduğu əsərlərdən
misallar gətirər, müqayisələr aparar, maraqlı,
ibrətamiz nəticələr çıxarmağı
bacarardı.
Həm də oxuduqlarını bizimlə
bölüşərək bizi də zənginləşdirərdi.
Fəttah müəllimin səbrinə və təmkininə
həsəd aparmaq olardı. Hətta daxilən
hirslənsə, hövsələdən çıxsa belə,
üzdə hiss edilməzdi. İnsanları
səbirlə sonadək dinləyər, məsələnin
mahiyyətini aydınlaşdıran suallar verər, sonra öz
qərarını bildirərdi.
Prinsipiallığına isə söz olmazdı. Uzun-uzadı
mübahisə etməyi sevməzdi. Faktlarını,
arqumentlərini söyləyər, dediklərini əsaslandırar,
fikrində qəti olduğunu anladardı. Məsələ
uzadılanda isə, necə deyərlər, ucun tutub
ucuzluğa getməzdi. Son sözünü
söyləyib mövqeyini bir daha açıq göstərər,
fikrində israrlılığını bildirərdi. Ya da son sözünü deyərək məsələnin
bitdiyini anlatmaq mənasında otağı tərk edərdi.
***
Milli Məclisin hər bir üzvü təqribən 30-40
min seçicini təmsil edir. Öz deputatlarına
parlamentə düşmək üçün səs verən
insanlar pozulmuş hüquqlarının bərpası, yaxud
hansısa problemlərinin həlli üçün
vaxtaşırı millət vəkillərinə müraciətlər
edir, məktub yazır, görüşürlər.
Deputatların isə həmin xahiş və tələbləri
ödəmək üçün bir imkanı var: şifahi,
yaxud yazılı formada hansısa ünvana sorğu göndərmək,
məsələnin müsbət həllinə nail olunması
üçün kimdənsə xahiş etmək!
Təbii ki, sözükeçən deputatlar daha
çox insanı razı salır (hərçənd ki,
"yüz faizlik razılıq" mümkün deyil), daha
çox müraciəti müsbət həll edir. Onlardan
"razılıq faizi" də yüksək olur. Ən çox seçici müraciətini uğurla
həll edən deputatlardan biri Fəttah müəllim
sayılırdı.
Əvvəla, insanlara dayaq durmağı, kömək etməyi
sevir, buna həmişə can atırdı.
İkincisi, böyük hörmət sahibi olduğundan
müraciət etdiyi məmurlar, səlahiyyət sahibləri
sorğularına isti yanaşar, həllinə
çalışardılar.
Üstəlik, Respublika Ağsaqqallar Şurasının
sədrinin sözünü kimsə diqqətdən kənarda
saxlamazdı.
Bəzən
biz deputatların da Fəttah müəllimdən xahişləri
olurdu: Onun hörməti hesabına öz seçicimizin
arzusunu gerçəkləşdirmək istəyirdik.
Fəttah müəllim bu məqamda da
ayrı-seçkilik salmaz, düzələn işə dəstək
verərdi.
***
Fəttah Heydərov Respublika Ağsaqqallar
Şurasının sədri seçildikdən sonra bu qurumun fəaliyyəti
xeyli canlandı və genişləndi, nüfuzu yüksəldi. Respublikanın
hörmətli insanları, ziyalıları, alimləri,
tanınmış simaları qurumun işinə cəlb olundu,
keçirilən tədbirlərin sayı və sanbalı daha
da artdı. Özü də Ağsaqqallar
Şurası öz fəaliyyətini təkcə paytaxt
Bakı ilə məhdudlaşdırmır, regionlarda da intensiv
tədbirlər keçirirdi.
Dövlətin siyasətinin izahına, görülən
işlərin təbliğinə, qüvvələrin
qarşıdakı vəzifələrin həllinə səfərbərliyə
alınmasına xidmət edən tədbirlər
üstünlük təşkil edərdi. Ağsaqqal
sözündən, ağsaqqal nüfuzunun gücündən
istifadəyə diqqət artırılardı. Fəttah müəllim hər rayonda, hər şəhərdə
keçirilən tədbirlərə hökmən yerli gənclər
təşkilatının nümayəndələrini,
çoxsaylı gəncləri də dəvət edərdi.
"Qoy dövlətin gördüyü və görəcəyi
işlərdən yaxından xəbərdar olsunlar,
yaşlı nəsildən dövləti sevməyi və ona təmənnasız
xidmət etməyi öyrənsinlər" - deyərdi.
Bir
neçə il ardıcıl rəsmi
dövlət qəzeti olaraq həmin tədbirlərin,
görüş və müzakirələrin
iştirakçısı olduq.
Hər bir tədbirin hazırlanması, həmin
görüşdə hansı mövzunun müzakirəyə
çıxarılması, yaxud hansı yeni kitabın təqdimatının
keçirilməsi, eyni zamanda
çıxışçıların müəyyənləşdirilməsi
və digər məsələləri birlikdə müzakirə
edib razılaşardıq. Fəttah müəllim
heç zaman özünü yuxarı tutmaz, yalnız öz
dediyini, istədiyini yeritməyə çalışmazdı.
Müsahibini eşidərdi, razılaşardı,
mübahisəli məqamda ortaq məxrəcə gəlməyi
bacarardı.
Fəttah müəllim həm də yumşaq ürək
sahibi idi. İnsanlara "yox" deməkdə çətinlik
çəkirdi.
"Dəyirmi masa"larda adətən 8-12 nəfər
çıxışçı nəzərdə tutardıq. Həm tədbir
uzanmasın, həm də insanlar yorulmasın mülahizəsi
ilə... Sonralar regionlarda keçirilən "dəyirmi
masa"lara maraq o qədər artdı ki,
onu nəzərə alaraq tədbirin keçirildiyi yerə
yaxın rayonlardan da nümayəndələr
çağırmağa başladıq. Hər
rayondan bir ağsaqqala və bir nəfər gəncə
söz veriləndə isə
çıxışçıların sayı artır, tədbir
uzun çəkirdi. Fəttah müəllimin səhhətində
müəyyən problem olduğundan hərdən
yorulduğunu hiss edərdim: "Bəlkə siyahıdan kənara
çıxmayaq, digərlərinə söz verməyək"
- deyərək təklif edəndə razılaşmazdı:
"Durub ordan bura gəliblər, necə onlara danışmaq
imkanı yaratmayaq" söyləyərək etiraz edərdi.
Əslində, insanların istəyini ödəmək
üçün narahatlığa dözər, xəstəliyinə
əhəmiyyət verməzdi!
Belə
insan idi Fəttah kişi!
***
Müstəqilliyimizin
ilk illərində, xüsusən 90-cı illərin əvvəllərində
Azərbaycanda ciddi proseslər və çalxalanmalar baş verdi, bəzi insanlarda mövqe müxtəlifliyi,
əqidə dəyişkənliyi yarandı.
Yolundan
azan, müxtəlif vədlərə uyan, yanlış
mövqe tutanlar da az olmadı.
Müxtəlif təsirlərə düşərək yanılanlar, Azərbaycanın fəlakətə doğru getdiyini anlamayanlar da vardı.
Fəttah müəllim bu təlatümlü günlərdə, qanlı-qadalı illərdə bir dəfə də olsun əqidəsindən dönmədi, yalnış hərəkətə yol vermədi.
Ulu Öndər Heydər Əliyevə daim sadiq oldu, Azərbaycanın, müstəqilliyimizin xilasının yalnız bu dahi insandan asılı olduğunu bilirdi, bunu hamıya da çatdırmağa çalışırdı. Ümummilli Liderimiz böyük siyasətdən müvəqqəti ayrılarkən, Naxçıvanda ömrünün ən çətin və sınaqlı günlərini yaşayarkən onun yanından ayrılmadı, tapşırıqlarını qətiyyətlə icra etdi. Həm insan kimi, həm də siyasi xadim kimi müstəqil Azərbaycanın qurtuluş və xilası yoluna sədaqətini dəfələrlə göstərdi.
Zaman hər şeyi öz yerinə qoyandan, Ulu Öndərimiz yenidən ölkə rəhbərliyinə qayıdaraq hakimiyyət sükanı arxasına keçəndən sonra buna ən çox sevinənlərdən biri Fəttah müəllim oldu. Lakin mübarizə hələ bitməmişdi. 1994-cü ilin 4 oktyabr və 1995-ci ilin 13-18 mart dövlət çevrilişi cəhdləri də xalqımız, ölkə vətəndaşlarının hər biri üçün əsl sınağa çevrildi. Bu dəfə də Xalq - Heydər birliyi qalib gəldi.
Çətin quruculuq illəri, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi və əbədiliyə çevrilməsi dövrü başladı. Fəttah müəllim bu dövrdə də öncüllər sırasında idi. Nüfuzlu ağsaqqal sözündən istifadə edərək insanların səfərbərliyə alınmasında, doğru yola yönləndirilməsində köməyini əsirgəmirdi.
Altı dəfə Milli Məclisə deputat seçildi, "Şöhrət", "Şərəf" ordenlərinə layiq görüldü.
"İstiqlal" ordenini isə ona möhtərəm Prezidentimiz cənab İlham Əliyev təqdim etdi, haqqında dəyərli, xoş sözlər söylədi.
Son dövrlərdə bir neçə dəfə yeni çağırış Milli Məclisin ilk iclası keçiriləndə daxili Nizamnaməyə uyğun olaraq onu parlamentin ən yaşlı və ağsaqqal deputatı kimi Fəttah Heydərov açırdı, prosedura uyğun məsələlərin həllində iclasa sədrlik edirdi...
VI çağırış Milli Məclisin payız sessiyasının budəfəki iclasını isə əziz dostumuz və ağsaqqal deputatımız Fəttah Heydərovsuz keçiririk...
Fəttah müəllim Fəxri xiyabanda uyuyaraq əbədi dünyasını yaşayır...
Əziz xatirəsi isə doğmalarının, dostlarının, əqidəli insanların qəlbindədir...
Bəli, nə vaxtsa insan işıqlı dünyadan köçür, xeyirxah əməlləri, qazandığı yaxşı ad, Vətənə sədaqətli xidmət örnəyi isə daim yaşayır...
Bəxtiyar SADIQOV
Azərbaycan.-2022.- 30 sentyabr.- S.4.