Azərbaycanı daha da gücləndirən il

 

 

 2021-ci il artıq tarixə qovuşdu. Xalqımıza qazandırdığı nailiyyətlərlə milli dövlətçilik salnaməmizin qürur dolu daha bir səhifəsini yaşadıq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa və bütün dünyada yaşayan soydaşlarımıza müraciəti zamanı 2021-ci ilin dəqiq qiymətini verdi: “İl ərzində qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Azərbaycan uğurla inkişaf etdi və bu gün daha güclü Azərbaycan dünyada tanınır”.

 

 

 

Dünya Azərbaycanın haqlı mövqeyini qəbul etdi

 

 

Dövlət rəhbərimiz beynəlxalq arenada ölkəmizin mövqelərinin möhkəmləndiyini xüsusi diqqətə çatdırdı. Azərbaycanın 2021-ci ildə bir neçə beynəlxalq təşkilat çərçivəsində aktiv fəaliyyəti, xüsusilə Qoşulmama Hərəkatının sədri statusunda qurumun bütün üzv ölkələrinin maraqlarını qətiyyətlə qoruması, beynəlxalq hüququn norma və prinsiplərinin müdafiəsi mövqeyində mətinliklə dayanması bunun sübutudur.

Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycanın quruma sədrliyinin daha bir il uzadılmasına yekdilliklə səs verməsi də ölkəmizin bu təşkilata uğurlu rəhbərliyinə, prinsipiallığına, göstərilmiş etimadı doğrultmasına verilən ən yüksək qiymətin ifadəsidir. Onu da xatırladaq ki, Qoşulmama Hərəkatı hazırda BMT-dən sonra dünyanın ikinci böyük təsisatıdır. Bu qurumda 120 üzv dövlət təmsil olunur. Azərbaycanın bu quruma sədrlik müddətinin daha bir il müddətinə uzadılması 2021-ci ilin ölkəmizin ən böyük tarixi nailiyyətlərindən sayıla bilər. Daha bir nəticə isə Türk Şurasına sədrlik müddətini uğurla başa çatdırandan, bu müddətdə qarşıya qoyulmuş məqsədlərə nail olandan sonra Azərbaycanın Şuraya sədrlik səlahiyyətini qardaş Türkiyəyə ötürməsi oldu.

 

Azərbaycan ötən il ərzində İslam Əməkdaşlıq Təşkilatı, NATO və Avropa İttifaqı kimi nüfuzlu qurumlarla da əməkdaşlığını uğurla davam etdirdi. Ölkəmizin haqlı mövqeyini hər zaman dəstəkləyən İslam Əməkdaşlıq Təşkilatı Vətən müharibəsindəki qələbəmizdən sonra bu qələbənin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasında da daim Azərbaycanın yanında oldu.

 

2021-ci ilin dekabrında dövlət rəhbərimiz Brüsselə uğurlu səfərlər etdi. Öz zirvə görüşlərində mütəmadi olaraq Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul etmiş NATO bu dəfə də ölkəmizə dəstəyini bildirdi. Həmçinin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Zirvə görüşünün yekununda qəbul edilmiş sənəddə ölkələrin ərazi bütövlüyü, suverenliyi bir daha dəstəkləndi. Bütün bunlar İkinci Qarabağ müharibəsinin nəticələrinin, Azərbaycanın tarixi zəfərinin bütün dünyada qəbul olunması deməkdir. Ali Baş Komandan

 

İlham Əliyev döyüş meydanındakı Zəfərimizi diplomatiya meydanındakı ardıcıl qələbələrlə daha da möhkəmləndirir. Artıq hər kəs Azərbaycanın haqlı mövqeyini etiraf etmək məcburiyyətində qalır. Uzun illər ərzində ölkəmizə qarşı ikili standartlar mövqeyindən çıxış edənlər, işğal faktını görməzdən gələnlər, bu mövqeyi 44 günlük Vətən müharibəsi gedişində də davamlı olaraq sərgiləyənlər artıq haqq savaşımızın nəticələri ilə barışırlar. “Hesab edirəm ki, müharibədən sonra cərəyan edən proseslər bizim haqlı olduğumuzu bütün dünyaya bir daha sübut etdi. Bunun çox böyük əhəmiyyəti var”, - dedi Azərbaycan Prezidenti: “Çünki İkinci Qarabağ müharibəsi dövründə bizə qarşı əsassız ittihamlar səsləndirilirdi. Bu əsassız ittihamların heç birinin real təsdiqi olmadı və müharibədən sonrakı dövr bunu bir daha göstərdi. Ona görə də müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək hesab edirəm ki, siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər”.

 

 

 

Milli maraqlarımıza cavab verən regional əməkdaşlıq

 

 

 

2021-ci ilin nəticələri həm də İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni tarixi reallığın bir ili kimi də böyük maraq doğurur. Azərbaycan bu reallığı əməkdaşlıq üçün yeni imkanlar kimi dəyərləndirərək qonşu dövlətlərlə əlaqələrini daha da inkişaf etdirir. Ötən il bu istiqamətdə bir sıra mühüm addımlar atıldı. Bunlardan ən mühümü Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi oldu. Bu sənəd Türkiyə-Azərbaycan müttəfiqliyini rəsmiləşdirdi. Xüsusilə onun Vətən müharibəsindəki Zəfərimizin simvollarından sayılan Şuşa şəhərində imzalanması bu addıma daha bir rəmzi məna qazandırdı.

 

Azərbaycan ötən il Türkiyə ilə yanaşı, region dövlətlərindən olan Rusiya ilə də əlaqələrini uğurla inkişaf etdirdi. Eyni zamanda digər qonşularımız İran və Gürcüstanla da daimi təmaslar, fikir mübadiləsi əsnasında dostluq və tərəfdaşlıq əlaqələri inkişaf etdirildi. “Artıq regionda çoxtərəfli əməkdaşlıq platforması formalaşır və əlbəttə ki, bu, bizim maraqlarımıza cavab verir”, - deyən Azərbaycan Prezidenti dünya azərbaycanlılarına müraciətində qonşularımızla bağlı çox maraqlı bir məqama da toxundu: “Qonşular haqqında danışanda, təbii olaraq, Ermənistanı mən heç vaxt bu kateqoriyadan olan ölkələrə daxil etmirdim. Bu gün də hələ ki daxil etmirəm. Amma ümid edirəm ki, nə vaxtsa Ermənistanla da bizim qonşuluq əlaqələrimiz qurulacaq. Hər halda İkinci Qarabağ müharibəsinin nəticələrini qəbul edərək Ermənistan da regional çərçivədə öz rolunu artıra bilər. Hər halda noyabr və dekabr aylarında Soçi və Brüssel şəhərlərində keçirilmiş görüşlər ümidvericidir və ümid edirəm ki, bu görüşlərdə əldə edilmiş razılaşmalar 2022-ci ildə real həyatda öz əksini tapacaqdır”.

 

Cənubi Qafqaz regionunun gələcək təhlükəsizliyi, inkişafı, xoşbəxtliyi üçün  yeni imkanlar, fürsətlər ili sayıla biləcək 2022-ci ilin başlanğıcında bu, Ermənistana verilən şans kimi dəyərləndirilməlidir. Bu ölkənin gələcək taleyi ona yaradılmış seçim imkanına münasibətindən, əldə edilmiş razılaşmalara hansı şəkildə sadiqlik göstərməsindən asılı olacaqdır.

 

 

 

Müzəffər xalq, qalib ölkə

 

 

 

Azərbaycan xalqı, təbii ki, işğal dövründə törədilmiş vəhşilikləri heç zaman unutmayacaq, xalqımıza tarixi Qələbəni bəxş etmiş şəhidlərimizin xatirəsini daim yaşadacaq. Dövlət rəhbərimiz bildirdi: “Azərbaycan xalqı artıq dünyada müzəffər xalq kimi, Azərbaycan dövləti isə müzəffər ölkə kimi tanınır. Onu da bildirməliyəm ki, bu il Azərbaycana olan ənənəvi dəstək və hörmət daha da artdı və bunun başlıca səbəbi İkinci Qarabağ müharibəsindəki Zəfərimiz, müharibə dövründə bütün müharibə qaydalarına riayət etməyimiz və müharibədən sonra özümüzü ləyaqətlə aparmağımız idi”.

 

Qalibiyyət ruhu ilə Azərbaycan hərbi qüdrətini yüksəltməkdədir. 2021-ci ildə bu istiqamətdə də uğurlu nəticələr əldə olunub. Yeni silahlar, texnikalar alınıb. Bu prosesin yenə davam etdirilməsi nəzərdə tutulur. Eyni zamanda hərbi birləşmələrimizin hazırlıq işinə də böyük əhəmiyyət verilir. Ali Baş Komandan xalqa müraciətində onu da qeyd etdi ki, Müdafiə Nazirliyinin xüsusi təyinatlıları artıq bütün dünyada tanınır, onların qəhrəmanlığı, fədakarlığı, peşəkarlığı dastana çevrilib. Ali Baş Komandan İlham Əliyev bu il artıq Azərbaycanda yeni hərbi birləşmənin - Komando Qüvvələrinin yaradıldığını da diqqətə çatdırdı: “Bu Komando Qüvvələri istənilən hərbi vəzifəni icra etməyə hazırdırlar, onların sayı durmadan artır və artacaq. Beləliklə, yeni çevik, peşəkar və çox böyük imkanlara malik olan silahlı birləşmənin yaradılması onu deməyə əsas verir ki, biz hər an öz torpaqlarımızı, öz sərhədlərimizi qorumağa hazır olmalıyıq. 2021-ci ildə Ermənistan-Azərbaycan sərhədində baş vermiş bəzi insidentlər onu göstərdi ki, Azərbaycan üstünlüyü tam öz əllərində saxlayır”.

 

 

 

“Şuşa ili”

 

 

 

2021-ci il, təbii ki, həm də azad yurdlarımızda quruculuq prosesinin başlanğıcı ili kimi də yadda qaldı. Ötən il Qarabağda, Şərqi Zəngəzurda geniş quruculuq-bərpa işlərinə start verildi. Azərbaycan Prezidenti müraciətində də vurğuladı ki, dünya tarixində müharibələrdən sonra bu sürətlə heç bir yerdə quruculuq-bərpa işləri aparılmayıb: “Bu işlər haqqında Azərbaycan vətəndaşları müntəzəm olaraq məlumatlandırılır. Əgər mən bu haqda danışmağa başlasam, yəqin ki, bir neçə saat vaxt lazım olacaq, hər şey göz qabağındadır. Bizim əsas vəzifəmiz keçmiş köçkünləri tezliklə dədə-baba torpaqlarına qaytarmaqdır və biz buna nail olacağıq”. Bu il dövlət rəhbərimizin Azərbaycanın bölgələrinə 47 səfərinin 32-sinin məhz işğaldan azad edilmiş ərazilərə olması və hazırda ən geniş bərpa işlərinin aparıldığı Şuşa şəhərinə Prezident İlham Əliyevin il ərzində 7 dəfə getməsi quruculuq-abadlıq işlərinə dövlət başçımızın birbaşa nəzarətindən irəli gəlir.

 

Azərbaycan Prezidentinin dünya azərbaycanlılarına müraciəti zamanı 2022-ci ili “Şuşa ili” elan etməsi də bu əzmin, azad yurdlarımızın dirçəlişinə verdiyi yüksək önəmin ifadəsidir. Bu ilin “Şuşa ili” elan edilməsinin daha bir rəmzi məqamı isə 2022-ci ildə Şuşa şəhərinin təməlinin qoyulmasından 270 il keçməsi ilə bağlıdır. Şuşa şəhərinin qurucusu Pənahəli xan bu gözəl məkanın təməl daşını 1752-ci ildə qoyub. Bu il Azərbaycanın mədəniyyət paytaxtının 270 illik yubileyi böyük təntənə ilə qeyd olunacaq. 2022-ci ilin “Şuşa ili” elan olunması bir tərəfdən, ulu yurdun bərpası tədbirlərinin sürətləndirilməsinə xidmət edir, digər tərəfdən də, tarixən azərbaycanlıların tarixi şəhəri olan Şuşanın dünyada tanıdılması üçün daha bir imkandır.

 

 

 

Azərbaycan postböhran dövrünə qədəm qoyub

 

 

 

Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi ilə yanaşı, Azərbaycanın digər bölgələrində də regional inkişaf proqramlarının icrası uğurla davam etdirilir. Geniş infrastruktur layihələrinin icrası, əhalinin rifah halının daha da yüksəlməsi üçün əlavə imkanlar yaradılır. Azərbaycan iqtisadi inkişafı istiqamətində atılmış məqsədyönlü addımlar sayəsində, demək olar ki, artıq postböhran dövrünə qədəm qoyub. Ölkə iqtisadiyyatı bu ilin 11 ayında 5,3 faiz, qeyri-neft iqtisadiyyatı isə 6,4 faiz artıb. Sənaye istehsalı 5,5 faiz, qeyri-neft sektorunda sənaye 20,7 faiz yüksəlib. Valyuta ehtiyatlarımız 2,2 milyard dollar artıb. Ticarət əlaqələrimizin müsbət saldosu 9,4 milyard dollardır. Xarici dövlət borcumuz ümumi daxili məhsulumuzun cəmi 17 faizini təşkil edir və bu il ərzində həm mütləq rəqəmlərdə, həm ümumi daxili məhsula nisbətdə xarici dövlət borcu azalıb.

 

Azərbaycan işğaldan azad edilmiş torpaqlarımızda quruculuq-bərpa işlərini də, regional inkişaf layihələrini də kənardan heç bir yardım, kredit almadan məhz öz iqtisadi gücü hesabına yerinə yetirir. Bu iqtisadi güc, inkişaf göstəriciləri uzunmüddətli, düzgün strategiyanın həyata keçirilməsinin nəticəsidir. Eyni zamanda iqtisadi sahədə aparılan islahatlar, şəffaflıq, korrupsiya və rüşvətxorluqla mübarizə də öz nəticələrini verməkdədir. Prezident İlham Əliyev müraciətində maraqlı bir fakta da diqqət yönəltdi: “Təkcə vergi orqanları sayəsində xəzinəyə proqnozdan əlavə 1,4 milyard manat pul daxil edilib və bu puldan istifadə edərək biz geniş sosial paket tədbirlərini həyata keçiririk. Yanvarın 1-dən maaşlar, pensiyalar, təqaüdlər əhəmiyyətli dərəcədə artırılacaq. İki milyon yüz min insanı əhatə edən bu sosial paketin ümumi həcmi 1,5 milyard manatdır. Baxın, vergi orqanları xəzinəyə ancaq proqnozdan əlavə 1,4 milyard manat pul cəlb ediblər, onun hamısı və artıqlaması ilə sosial məsələlərin həllinə yönəldilib. Mən əvvəllər də demişəm ki, əlavə vəsait toplandıqca, ilk növbədə, biz bu vəsaiti sosial layihələrə yönəldəcəyik. Eyni zamanda azad edilmiş torpaqlarda görülən işlər də sosialyönümlü işlərdir. Çünki o işlərin mütləq əksəriyyəti sosial xarakter daşıyır, keçmiş məcburi köçkünlərin tezliklə o ərazilərə qaytarılmasına hesablanıbdır”. Bütün bu işlərin uğurla davam etdirilməsi üçün Azərbaycan Prezidenti iqtisadi nailiyyətlərimizin daha da artırılmasını əsas vəzifələrdən biri kimi qarşıya qoyub.

 

Pandemiyanın bütün dünya üçün hələ də öz aktuallığını itirmədiyi zamanda əhalinin sağlamlığı da, təbii ki, dövlətimiz üçün əsas prioritetlərdəndir. Azərbaycan 2021-ci ildə COVID-lə mübarizədə yaxşı nəticələr əldə edib. Pandemiyanı tam nəzarət altında saxlamağı bacarıb. Ölkəmiz hazırda bu sahədə durumun qəbuledilən səviyyədə olmasını təmin edən nadir ölkələrdəndir. Aparılan genişmiqyaslı peyvəndlənmə siyasəti nəticəsində əhalinin təxminən 50 faizi artıq 2 doza peyvənd alıb. 18 yaşdan yuxarı olan əhaliyə gəldikdə isə, bu rəqəm 62 faizə çatır. Ümumilikdə 11 milyondan çox doza vaksin vurulub. Prezident İlham Əliyev bu qlobal bəla ilə yeni ildə də ciddi mübarizə aparılacağını qeyd etdi.

 

 

 

2022-ci il də uğurlu olacaq

 

 

 

Dövlət rəhbərimiz Azərbaycanın son illərdəki tarixi nailiyyətlərinə, 2021-ci ildəki nəticələrinə əsaslanaraq əminliyini bildirdi ki, 2022-ci il də xalqımız üçün uğurlu il olacaq: “Çünki ölkədə mövcud olan birlik, həmrəylik və gözəl ab-hava bu reallığı bizə təmin edəcək. Mən isə Prezident kimi, Ali Baş Komandan kimi hər zaman Azərbaycanın maraqlarının keşiyində duracağam, ölkəmizin hərtərəfli inkişafı, hərbi gücünün artırılması, vətəndaşların daha yaxşı yaşaması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.

 

Bu, milli vəhdətimizdən, Azərbaycanın sülh, inkişaf, bəşəriyyətin xoşbəxtliyi məramından irəli gələn əminlikdir. Belə bir ümid işığında xalqımız Prezident İlham Əliyevin liderliyi ilə 2022-ci ili də uğur tarixinə çevirəcək.

 

 

 

İradə ƏLİYEVA,

Azərbaycan.-2022.- 7 yanvar.- S.1;3.