Yolumuzu teatrdan sala biləcəyikmi...

 

Nədən həyatı səhnədə yaşadan sənətə maraq bu qədər azalıb?

 

 

 

Nəhayət ki, uzun fasilədən sonra həftəsonu teatr sevgimə qovuşdum. Səbirsizliklə tamaşanın keçirildiyi məkana tərəf sürətlə irəliləyirdim və o anlarda qeyri-ixtiyari pandemiyadan öncəki teatr xatirələrim yaddaşımda baş qaldırırdı...

Ən çox yadıma düşən isə hər dəfə tamaşanın bitməsi ilə bağlı keçirdiyim təəssüf hissi idi... Teatrdan aldığım mənəvi zövqün bitməsini heç istəmirdim...

Birzalda mənimlə bərabər adda-budda oturmuş tamaşaçıları görür, tamaşa bitdikdən sonra çıxıb getməyə hazırlaşdığım ərəfədə isə gələn dəfə bütün yerlərin dolu olacağına, hətta bilet tapmaqda çətinlik çəkəcəyimə olan böyük ümidlərlə teatrla xüdahafizləşirdim. Axı teatr mədəniyyətinin parlaq şölələri bütün qəlblərə işıq saçmağa və hər kəsi özünə cəlb etməyə qadirdir.

 

 

 

Teatrlarımız zamanla ayaqlaşmaqda çətinlik çəkir

 

 

 

Dünyanı çənginə almış pandemiyanın hər an bizimlə birgə addımlaması hələ də davam edərkən bir çox sahələrdə qaydalarda yumşaldılmaların tətbiqi, o cümlədən teatrların yenidən fəaliyyətinin bərpası bütün teatrsevərlərin uzunsürən həsrətinə son qoymuşdu.

Xeyli fasilədən sonra mən də yenidən böyük sevinclə teatra üz tutdum. Tamaşa zalına daxil olanda sevincdən gözlərimə inanmadım, demək olar ki, bütün oturacaqlar dolu idi, tək-tük boş yer qalmışdı. Uşaqdan böyüyə hər kəs həyəcanla pərdələrin açılmasını, tamaşanın başlamasını gözləyirdi...

Lakin teatrlarda, həyatın səhnədə yaşandığı bu mədəniyyət məbədlərində bir-iki yerin belə boş qalması da tamaşaçı çatışmazlığı kimi qiymətləndirilməlidir. Həm də pandemiya səbəbindən uzun müddət evdə qapalı qalan şəxslərin teatrlara üz tutması reallığının fonunda, həyat normala dönəndə yenidən teatrlarımızın tamaşaçı kasadlığı çəkməyəcəyinə tam inam yoxdur.

Bəs teatrlarımızı tamaşaçı sevgisindən uzaq salan səbəblər hansılardır? Daha tamaşaçılar konsertlərə, tamaşalara getmək istəmirlər? Bu versiyanın üzərində durub günahı tamaşaçılarda o halda axtarardıq ki, ölkəmizə konsert üçün qonşu dövlətlərdən gələn sənətçilərin satışa çıxarılan biletlərinin 2-3 ay öncədən bitdiyi faktlarını bilməsəydik...

Bəlkə, tamaşaçılar səhnədə oynayan aktyor və aktrisalarımızın performanslarından narazıdır? Yaxud teatrlardan tamaşaçıların üz döndərməsinə rejissorlar, tamaşaçını cəlb edə bilməyən teatr nümayəndələri səbəb olurlar? Bütün bu suallara elə teatr mütəxəssisləri ilə cavab tapmağa çalışdıq.

Teatrşünas Elçin Cəfərov bildirir ki, teatrlara olan marağın azlığının dəqiq səbəbini müəyyənləşdirmək çətindir. Bu problemin həlli ilə teatr sosiologiyası məşğul olmalıdır. Azərbaycanda isə bu sahə, demək olar ki, inkişaf etməyib: “Ümumilikdə, ölkəmizdə insanların nəinki teatra, eləcə də digər incəsənət növlərinə marağı arzuolunan səviyyədə deyil. Obyektiv səbəb ondan ibarətdir ki, teatrlarımız, yumşaq desək, bir qədər zamanla ayaqlaşmaqda çətinlik çəkir. Teatrlarımızın repertuarında olan tamaşaların əksəriyyəti müasir cəmiyyəti narahat edən aktual problemləri səhnəyə gətirə bilmədiyi üçün belə məqamlarla üzləşirik”.

Ekspert əlavə edir ki, digər səbəblərdən biri teatr sənəti sahəsində PR işlərinin qeyri-mütəşəkkil və pərakəndə şəkildə həyata keçirilməsi ilə bağlıdır. Teatrların əksəriyyətində PR işi ilə məşğul olan peşəkar kadrlar, şöbələr fəaliyyət göstərmir. Bu işi, bir qayda olaraq, ədəbi hissə müdiri, yaxud mətbuat katibi vəzifəsində çalışan insanlar həyata keçirirlər. Mütləqdir ki, kütləni cəlb etmək işinin uğurla həyata keçirilməsi üçün müəyyən qüvvə və vəsait ayrılsın.

Pantomim aktyoru, rejissor Pərviz Məmmədrzayev isə hesab edir ki, səhnə tamaşaçıya aşıladığı mövzu vasitəsilə maraqlı olmaqla bərabər, aktyorların müvəfəqiyyətli çıxışları ilə də fərqləndirici rəğbət qazanmalıdır. Aktyordan səhnədə səmimilik, həyatilik, insani hisslərin ən zərif şəkildə təqdimatı gözlənilir. Bunları özündə ehtiva edib canlandıra bilməyən aktyorlara inanmayan tamaşaçı da teatrdan əlini üzür. Digər bir məqam isə rejissorun tamaşanın müasir, maraqlı və cəzbedici şəkildə quruluşunu həyata keçirməsidir: “Əgər rejissor öz yaradıcılığında qurduğu tamaşaya yalnız “bu əsərə də quruluş verdimdeyib üzərindən keçmək fikri ilə yanaşacaqsa, o tamaşa uğurlu olmayacaq.

 

 

Müasir müəlliflərin əsasən serial bazarına üz tutması teatrlara pyeslər təqdim edilməsini kölgədə qoyur

 

 

Sadalanan problemlər bəlli olsa da, nəticənin əldə edilməsi üçün addımlar müntəzəm atılmalıdır. Adətən, problemlərə istiqamətlənərək onun həllinin əsas göz önündə tutulmalı olduğu unudulur. “Alternativ olmayan yerdə problem yoxdur”, - deyən James Burnham da istənilən məsələnin həllinin mümkün olduğuna işarə edir.

Teatrlara daha geniş auditoriyanın cəlb edilməsi məqsədilə bir sıra layihələrin həyata keçirilməsi zəruridir. Ekspert Elçin Cəfərov qeyd edir ki, ölkəmizdə teatr sənətinə dair mətbuat orqanları, demək olar ki, yoxdur. “Teatro.azistisna olmaqla ölkədə bu sahədə ixtisaslaşmış heç bir qəzet, jurnal, sayt fəaliyyət göstərmir, o cümlədən də televiziya proqramına rast gəlinmir. Bu fakt ölkədə teatr sahəsi ilə əlaqəli maarifləndirmə işlərinin aparılmasına mane olur. Teatrın təbliğini canlandırmaq üçün televiziyanın, o cümlədən son illər bütün dünyada ən vacib təbliğat maşınlarından birinə çevrilmiş sosial medianın imkanlarından maksimum yararlanmaq lazımdır.

Onun fikrincə, yeni teatr formalarının yaranması, tamaşaçı rəyinin öyrənilməsi və fəaliyyət zamanı bu rəylərin nəzərə alınması kütlənin marağını cəlb etmək baxımından faydalı ola bilər. 

Pərviz Məmmədrzayev isə bu məsələlərin həllində dramaturgiyanın əhəmiyyətini ön plana çəkir. Hazırda bir çox müasir müəlliflərin əsasən serial bazarına üz tutması teatrlara pyeslər təqdim edilməsini kölgədə qoyur. Buna görə də teatrlar yeni əsərlərsiz qalır. Şübhəsiz ki, güclü pyeslər hazırlanıb tamaşaya qoyulduğu təqdirdə Azərbaycanın teatr sənəti də dünya teatr müstəvisinin standartlarına cavab verə bilər.

 

 

 

Belə olarsa, birmüddətsonrayenidənteatrlardatamaşaçı problemiyaşanacaq

 

 

 

Pandemiyanın hökmünün bir çox sahələrin ona baş əyməsinə və çarəsizliyinə səbəb olduğu faktı daha çox rastlaşdığımız məqamlardandır. Bununla belə, qadağaların yumşaldılması ilə bəzi sahələrdə canlanmanın da şahidi oluruq. Bu sevindirici məqam teatrlarda da müşahidə olunur.

Araşdırmalar və müşahidələr göstərir ki, dünyanın COVID-19-la mübarizəsindən öncə Azərbaycanda teatrlara üz tutan tamaşaçıların sayı ilə karantin qaydalarının son yumşaldılmalarından sonra satılan biletlərin sayında müsbət istiqamətdə dəyişiklik var. Pərviz Məmmədrzayev bu halı insanların evə qapanmalardan sonra canlı ünsiyyətə daha çox ehtiyac duyması ilə izah edir. O bildirir ki, indi əgər teatr rəhbərləri, rejissorlar düzgün taktika və əsaslı üsullardan istifadə etsələr, bu vəziyyəti daimi müsbətə doğru dəyişə bilərlər. Əks halda bir müddət sonra yenidən pandemiyadan əvvəl olduğu kimi tamaşaçı problemi yaşanacaq.

Teatr sahəsindəki son dəyişiklikləri dirçəliş kimi ifadə edən Elçin Cəfərov teatrın cəmiyyətə lazım olduğu qənaətindədir. O, qeyd edir ki, əsasən imitasiya üzərində qurulan teatr sənətimiz hələ canlı hüceyrələrini itirməyib: “Yenicə yaranmış marağın itməsinə, teatrların yenidən inersiya vəziyyətinə qayıtmasına yol vermək olmaz. Məhz bu canlı prosesi qorumaq, stimullaşdırmaq lazımdır ki, teatr sənətini gərəksizlik sindromundan qurtarainkişaf etdirə bilək. Pandemiya teatrların fəaliyyətinə fasilə versə də, düşünməyə, milli teatrı inkişaf etdirmək üçün yeni yollar axtarmağa imkan yaratdı. Təbii ki, bir-iki layihə ilə buna nail olmaq qeyri-mümkündür. Kompleks tədbirlər görülməli, yeri gəldikcə radikal addımlar atılmalıdır ki, Azərbaycan teatrının daha işıqlı sabahına şahidlik edə bilək”.

Ekspert dəyərləndirmələrindən də məlum olur ki, teatrlarımıza tamaşaçı sevgisinin az olması tək bir nüansla, yaxud aktyor, rejissor, dramaturq və sair ilə bağlı deyil, ümumilikdə söylənənlərin hamısını və digər  problemləri özündə ehtiva edir. Əgər sadalanan çatışmazlıqlar kompleks şəkildə həllini taparsa, tezliklə teatrlarımızda zallar tamaşaçılarla aşıb-daşar, tamaşalar anşlaqla keçər.

o da reallıqdır ki, tamaşanın uğuru könüllü alınan biletlə ölçülür...

 

 Aydan XƏLİLOVA,

Azərbaycan.-2022.- 7 yanvar.- S.7.