Azərbaycanda ordu quruculuğu yeni mərhələyə yüksəlib

 

Silahlı Qüvvələrimiz 2021-ci ildə müdafiə qabiliyyətini və döyüş imkanlarını daha da gücləndirib

 

 

Müdafiə qabiliyyətini və milli təhlükəsizliyini daim gücləndirən Azərbaycan üçün dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitin ildən-ilə artırılması hər zaman prioritet olub. Bu, respublikamızın hərbi müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, Silahlı Qüvvələrimizin döyüş imkanlarının artırılmasına, maddi-texniki bazasının daha da müasirləşdirilməsinə, bütövlükdə ordu quruculuğunun daim inkişaf etdirilməsinə imkan verib.

 

 

Ötən il əsas prioritetlərdən biri ordu quruculuğu olub

 

 

 

Azərbaycan 2020-ci ildə aparılan 44 günlük Vətən müharibəsindən sonra da ordu quruculuğu prosesini dayandırmayıb. Əksinə, postmüharibə ili olan 2021-ci ildə ordunun döyüş imkanlarının artırılması istiqamətində islahatlar davam etdirilib. Hərbi quruculuq, bütün qoşun növlərinin texnika və silah-sursatla təchizatının modernləşdirilməsi, hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması üçün hərbi sahəyə ayrılan xərclər artırılıb. Müharibədən sonra imzalanmış yeni müqavilələr əsasında Azərbaycana ən müasir hərbi texnikalar, silahlar gətirilib.

Respublikamız ötən il yalnız yeni silah və texnikaların alınması ilə kifayətlənməyib. İşğaldan azad edilmiş ərazilərimizdə hərbi infrastrukturun qurulması, sərhəd mühafizə zolaqlarının yaradılması əsas vəzifələrdən biri olduğundan ötən il bu istiqamət üzrə də bir çox işlər görülüb. 2021-ci ilin dekabrında işğaldan azad edilmiş Xocavənd rayonunda istifadəyə verilmiş yeni hərbi hissə yola saldığımız ildə hərbi infrastukturun yaradılması istiqamətində görülən ən son işlərdən biri sayıla bilər.  Azərbaycan Ordusunun öz peşəkarlığını daha da artırması üçün ötən il ərzində ilk dəfə yeni hərbi birləşmə - Komando Qüvvələri yaradılıb ki, bu da dövlətin hərbi sahədə apardığı islahatlardan biridir. İstənilən hərbi vəzifəni icra etməyə hazır, çevik, çox böyük imkanlara malik olan Komando briqadalarının sayının artırılması nəzərdə tutulur.

 

Ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir hərbi texnika və silah-sursatla təchizatı, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər tədbirlərin icrası məqsədilə maliyyə təminatının yaradılması 2022-ci il üçün də dövlət büdcəsinin əsas  xərc istiqamətlərindən biridir. 2022-ci il üçün icmal büdcəsində xərclərin əhəmiyyətli hissəsinin - təxminən 4 milyard 490 milyon manat vəsaitin müdafiə və təhlükəsizlik məsələlərinə yönəldilməsi, bu istiqamət üzrə ayrılmış vəsaitin Vətən müharibəsinin aparıldığı 2020-ci ildən də çox olması sadalanan işlərin daha mükəmməl şəkildə aparılmasına imkan verəcək.

 

Ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlərlə yanaşı, Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların əməkhaqlarının davamlı olaraq artırılması, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi, onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət problemlərinin həlli 2021-ci ildə diqqət yetirilən məsələlərdən biri olub. Bu tədbirlərin həyata keçirilməsi üçün 2021-ci il də daxil olmaqla, hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılıb. Hərbi sahədə ötən il ərzində görülən bütün işlər Azərbaycan Ordusunun peşəkarlığını, döyüş qabiliyyətini artırmaqla yanaşı, onun dünyanın ən güclü orduları arasında tutduğu mövqeyinin də möhkəmlənməsinə təsir göstərib.

 

 

 

İşğaldan azad edilən ərazilərdə yeni hərbi infrastruktur yaradılıb

 

 

 

Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirir ki, ötən il ərzində hərbi sahədə bütün işlər düzgün istiqamət üzrə aparılıb. Deputatın sözlərinə görə, torpaqlarımızın işğaldan azad edilməsindən sonra 2021-ci ildə hərbi büdcənin qurulması xüsusi diqqət tələb edirdi. Müharibə dövründə sıradan çıxmış texnikanın yenisi ilə əvəz edilməsi, müasir silahların alınması, azad edilmiş ərazilərdə hərbi infrastrukturun yeni dövrün tələblərinə cavab verən səviyyədə qurulması - bütün bunların hamısı 2021-ci ilin büdcəsinin əvvəlki illərdən fərqli qurulmasını tələb edirdi. Ona görə bu büdcə əvvəlki illərdən az ola bilməzdi: “İşğaldan azad edilmiş ərazilərin hərbi infrastrukturunun yaradılması dövlət qarşısında duran əsas məsələlərdən idi. Yolların çəkilməsi, hərbi hissələrin qurulması, eyni zamanda texnikanın yerləşdirilməsi - bütün bunların hamısı həll edildi. Artıq işğaldan azad edilən ərazilərdə hərbi infrastruktur əsasən qurulub. Ümumilikdə 2021-ci ilin büdcəsi Azərbaycanın həmin dövr üçün qarşısında duran hərbi, siyasi məsələlərə tam cavab verən formada idi. İlin yekunu göstərdi ki, götürülən istiqamət düzgün idi. Bunun nəticəsidir ki, bu gün Ermənistanla sərhədlərimiz Dövlət Sərhəd Xidməti tərəfindən qorunur, işğaldan azad edilən ərazilədə yeni hərbi hissələr yaradılır, Silahlı Qüvvələrin strukturuna yenidən baxılır, Azərbaycan üçün yeni olan Komando qüvvələri briqadaları yaradılır”.

 

Aydın Mirzəzadə deyir ki, işğaldan azad edilən ərazilərdə yaradılan hərbi infrastrukturu daha da təkmilləşdirmək, onu yüksək səviyyəyə qaldırmaq  üçün qarşıya böyük vəzifələr qoyulur. Bu məsələlər dövlətin,  Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqətindədir. Dövlət başçısının regionlara, xüsusilə də işğaldan azad edilən ərazilərə səfərləri zamanı hərbi hissələrin açılışında iştirak etməsi, yeni texnikalarla tanış olması onu göstərir ki, Azərbaycan özünün hərbi təhlükəsizliyini həmişə diqqətdə saxlayacaq. Bunun üçün Azərbaycanın kifayət qədər imkanları, dövlətin, dövlət başçısının siyasi iradəsi var. Digər tərəfdən, cəmiyyət də dövlətin bu istiqamət üzrə siyasətini dəstəkləyir və birmənalı şəkildə dövlətin yanında olduğunu nümayiş etdirir.

 

Deputat hesab edir ki, növbəti illər üçün olacaq hərbi büdcəmiz də ərazilərimizin qorunması, yeni texnikaların alınması, hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımların dəstəklənməsinə yönələcək. O, 2022-ci ilin büdcəsinin də tam olaraq bu istiqamətdə qurulduğunu nəzərə çatdırır.

 

 

 

Düşməni məğlub etməyimiz arxayınlaşmağa əsas vermir

 

 

 

Milli Məclisin deputatı, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov bildirir ki, 2020-ci ildə düşməni məğlub etməyimiz bizə arxayınlaşmağa əsas vermir. Ona görə 2021-ci ilin dövlət büdcəsi təsdiq olunan zaman hərbi xərclərin miqdarı 2020-ci ildəkindən daha artıq nəzərdə tutuldu: “Dövlətin özünün təhlükəsizliyinin təmini məqsədilə tədbirlər görülməsi üçün 2021-ci ilin dövlət büdcəsində hərbi xərclərə kifayət qədər üstünlük verdik. Ordumuzun müharibədə istifadə etdiyi, sıradan çıxmış hərbi texnika və sursatların yenisi ilə əvəzlənməsi ilə kifayətlənmək olmaz. Müasir dövrlə ayaqlaşmaq, modern silahlanma tempinə uyğun hərəkət etmək lazımdır. Ali Baş Komandan bu sahəyə həmişə diqqət yetirir. Prezident İlham Əliyev 2021-ci ilin sonlarındakı çıxışında bunu xüsusi qeyd etdi ki, biz bu il ərzində hərbi məqsədlər üçün bir çox silah istehsalçıları ilə yeni müqavilələr bağlamışıq, ordumuzu gücləndirmək üçün xeyli sayda daha müasir silahlar almışıq. Eyni zamanda Müdafiə Nazirliyi sistemində struktur dəyişikliyi, islahatlar baş verdi. Bir neçə yerdə, xüsusilə Ermənistanla sərhəd bölgələrimizdə yeni sərhəd zastavaları, hərbi hissələr yaratdıq. Onların təminatı çox vacib idi. 2021-ci ilin büdcəsində hərbi məqsədlər üçün nəzərdə tutulan vəsait bizim köməyimizə gəldi və bu işləri edə bildik. Təxminən bir ay əvvəl Hadrut qəsəbəsində komando tipli hərbi hissənin açılışı oldu ki, bu da xeyli vəsait sərf edən məsələ idi. Bunların hamısının icrası üçün bizim kifayət qədər ehtiyat vəsaitimiz var idi. Bu da Prezident İlham Əliyevin uzaqgörən tədbirlərinin nəticəsi idi”.

 

Elman Məmmədov əlavə edir ki, müharibədən sonra ordumuzu yeniləmək, möhkəmləndirmək, döyüş qabiliyyətinin daha da yüksəldilməsi üçün ciddi tədbirlər görülməli idi və Azərbaycan bunu edə bildi. Deputat Azərbaycan dövlətinin təhıükəsizliyinin təmininin hər zaman ön planda olduğunu, bunun 2022-ci ilin hərbi büdcəsində nəzərə alındığını da vurğulayır: “Təbii ki, 2021-ci ilin sonunda növbəti ilin dövlət büdcəsi müzakirə və təsdiq olunan zaman yenə   hərbi sahəyə ayrılan vəsait artırıldı. 2022-ci il üçün nəzərdə tutulan hərbi xərclər üçün əvvəlki ildən daha artıq vəsait ayırdıq. Yəni ordu quruculuğu, müdafiəmiz həmişə ön planda olmalıdır. Dövlət onda güclü olur və dövlətçiliyini qoruyub saxlaya bilir ki, onun müdafiə qüdrəti yüksək səviyyədədir. Ali Baş Komandan da bunu etmək üçün bütün tədbirləri görür, o cümlədən dövlət büdcəmizdə bu prinsip həmişə qorunub saxlanılır və hərbi sahəyə ildən-ilə daha çox vəsait ayrılır”.

 

 

 

2021-ci il uğurlu olduğu qədər də məsuliyyətli dövr oldu

 

 

 

Hərbi ekspert Şair Ramaldanov deyir ki, Azərbaycanın 2021-ci ildə görməli olduğu işlər həddindən artıq çox idi. Azad edilmiş ərazilərdə infrastrukturun dağıldığı, yolların sayının məhdud, təhlükəli olduğu bir zamanda Azərbaycan Ordusunun dövlət sərhədlərini qoruya, müdafiəni təmin edə bilməsi üçün müəyyən təşkilati, infrastruktur işləri görülməli idi. Bütün bunlar isə çox böyük miqyaslı işlər olmaqla yanaşı, xeyli maliyyə vəsaiti də tələb edirdi. Azərbaycan ötən il hərbi sahədə həm texniki təchizat, həm hərbi qulluqçuların sosial təminatı, həm də insan resurslarının təkmilləşdirilməsi baxımından səmərəli işlər apardı. Digər tərəfdən, Azərbaycan Ordusu artıq təmas xəttində deyil, məhz Ermənistanla dövlət sərhədində, Dövlət Sərhəd Xidməti ilə bərabər öz xidmətini uğurla həyata keçirdi. Dövlət sərhədlərinin qorunması, azad edilmiş ərazilərimizdəki hərbi bölmələrimizə şərait yaradılması baxımından böyük işlər aparıldı, Ordunun döyüş hazırlığı daha da gücləndirildi, nəzərdə tutulan digər tapşırıqlar yerinə yetirildi.

 

2021-ci ili uğurlu olduğu qədər də məsuliyyətli və çətin il kimi dəyərləndirən ekspert bunun məhz qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi ilə bağlı olduğunu deyir. Amma o, belə hesab edir ki, bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu ərazilərin infrastrukturunun bərpası üçün torpaqların minalardan təmizlənməsində fəal iştirak edib, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün azad edilmiş ərazilərdə öz xidmətini müvəffəqiyyətlə aparıb: “Ötən il ərzində həm də maddi-texniki təminat Azərbaycan Ordusunun əsas vəzifələrindən biri olub. Maddi-texniki təminat olmadan Azərbaycan Ordusu sərhədin qorunması üçün öz vəzifələrini icra edə bilməzdi. İnfrastrukturun olmaması, yolların çətinliyi, azad edilmiş ərazilərin infrastrukturu olan ərazilərdən  yüzlərlə kilometr aralı olması müəyyən çətinliklər yaradırdı. Amma 2021-ci ildə bu məsələ ilə bağlı müəyyən infrastruktur yaradıldı”.

 

Şair Ramaldanov qeyd edir ki, Azərbaycanın qardaş Türkiyə ilə Şuşa Bəyannaməsini imzalamasından sonra orduda müəyyən islahatların aparılması, birgə təlimlərin keçirilməsi istiqamətində mühüm işlər görüldü. Ötən il ərzində hərbçilərimizin daha müasir döyüş taktikalarına yiyələnməsi və bu bacarıqlarının daha da inkişaf etdirilməsi üçün Azərbaycan-Gürcüstan-Türkiyənin birgə hərbi təlimləri, Azərbaycan-Türkiyə-Pakistanın “Üç qardaş-2021” adlı beynəlxalq təlimi, çoxsaylı Azərbaycan-Türkiyə təlimləri keçirildi.

 

Ekspertin fikrincə, Azərbaycan Ordusu 2021-ci ili qızğın iş şəraitində yola saldı. O, Azərbaycanın hərbi sahədə qarşıya qoyduğu bütün tapşırıqları yerinə yetirdiyini də əminliklə söyləyir: “Müharibədən sonra aparılan təhlilin nəticəsi əsasında hərbi sahənin bütün istiqamətləri üzrə müəyyən qərarlar qəbul edildi. Bu qərarlar islahatlar formasında həyata keçirildi. Ordunun elə bir sahəsi, istiqaməti yoxdur ki, orada müharibə təcrübəsindən irəli gələn təhlillərə uyğun müəyyən təkmilləşdirmələr, islahatlar aparılmasın. Bu, əlbəttə ki, böyük işdir. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 60 illik yubileyini Birinci vitse-prezident Mehriban Əliyeva və  onların övladları ilə birlikdə hərbçilərin arasında keçirməsi, komando tipli hərbi hissənin açılışında iştirak etməsi də orduda böyük ruh yüksəkliyinə səbəb olan addımdır”.

 

Komando tipli hərbi hissələrin yaranması barədə danışan Şair Ramaldanov dedi ki, bunu orduda aparılan islahatların nəticəsi kimi qəbul etmək olar. Onun sözlərinə görə, bu tip hərbi hissələr Azərbaycanda bundan sonra da yaradılacaq: “Əlbəttə ki, hər bir hərbi hissənin yaradılması üçün müəyyən bir şərait olmalıdır. Ona görə də Azərbaycan Ordusu müharibədən sonra bu il ərzində bərpa proseslərini sürətlə apardı. Ordumuz Cənubi Qafqazın ən güclüsü və Ermənistanın təxribatlarının qarşısını almaqla öz “dəmir yumruğ”unun gücünü göstərə bilir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Ordusu 2021-ci ili postmüharibə dövründə böyük işlər apararaq, Ali Baş Komandan tərəfindən qarşısına qoyulan bütün vəzifələri uğurla yerinə yetirməklə başa vurdu. Təbii ki, keçənilki uğurlar gələcəkdə yeni uğurlara şərait yaradır. Deyərdim ki, 2021-ci il həm də hərbi baxımdan tədqiqatlar ili olub. Ötən ili müharibədə qazanılmış təcrübə əsasında tədqiqatların aparıldığı, elmi işlərin yazıldığı il kimi də qəbul etmək olar”.

 

Şair Ramaldanovun qənaətincə, bütün sadalananlar Azərbaycan Ordusunun 2022-ci ilə uğurla addım atmasını, ölkəmizin müdafiə qüdrətinin güclənməsini təmin etdi.

 

Azərbaycan hərbi gücünün artmasına Prezident, Ali Baş Komandan İlham Əliyevin əzmkar fəaliyyəti, bu sahədə yürütdüyü qətiyyətli siyasəti nəticəsində nail olub. Hərbi quruculuğu prioritet istiqamət sayan dövlət başçısının bu sahənin inkişafına böyük əhəmiyyət verməsi, dünya hərb sahəsindəki bütün yeniliklərin Azərbaycana gətirilməsi üçün göstərdiyi səylər ordumuzun güclənməsinə, ölkəmizin müdafiə qabiliyyətinin artmasına təkan verir. Vətən müharibəsi Zəfəri ordu quruculuğunu yeni mərhələyə yüksəldib. Bütün bunlar Azərbaycanın qarşıdakı illərdə daha da güclənməsinə, onun qüdrətli ölkəyə çevrilməsinə imkan yaradır.

 

 

İlhamə İSABALAYEVA,

Azərbaycan.-2022.- 9 yanvar.- S.1;4.