Azərbaycan-İtaliya tərəfdaşlığı nümunəyə çevrilir

 

TAP-ın istifadəyə verilməsi iki ölkə arasındakı münasibətləri daha da möhkəmləndirib

 

Müasir zamanda dünyanın hər yerində istehlakçıların mavi yanacağa tələbatı artır. İstismar olunan qaz yataqlarının ehtiyatları isə təbii ki, getdikcə azalır. Yeni qaz yataqları da, necə deyərlər, hər gün kəşf olunmur. Buna görə Azərbaycanın zəngin qaz yataqları və ixrac marşrutları yeni mənbə kimi təkcə region üçün deyil, həm də Avropa üçün mühüm əhəmiyyət daşıyır.

Məlum olduğu kimi, Avropa İttifaqı öz təchizat marşrutlarını şaxələndirmək istəyir və “Cənub qaz dəhlizi” ona gələcək kanallardan biri kimi maraqlı görünür. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Brüsseldə işgüzar səfərdə olarkən keçən il dekabrın 15-də İtaliyanın “İl Sole 24 Ore” qəzetinə verdiyi müsahibədə də bu məsələdən ətraflı bəhs olunub. Dövlət başçısı bu möhtəşəm layihə haqqında belə deyib: “Bizim qaz strategiyamız çox aydın və açıq olub. Biz uzun illər ərzində bu mühüm layihəni həyata keçirmək üçün Azərbaycanda çox gördük, tərəfdaşlarla birgə işlədik. Bu, XXI əsrin ən böyük infrastruktur layihələrindən biri hesab olunur. Uzunluğu 3500 kilometr olan “Cənub qaz dəhlizi” Bakıdan Adriatik dənizinin dibi ilə, yüksək dağlıq ərazilərdən keçərək İtaliyaya çatır. Bu, texniki baxımdan çox mürəkkəb və əlbəttə ki, çox bahalı layihədir. Azərbaycan “Cənub qaz dəhlizi”nin 4 seqmentinin hamısında əsas maliyyə yükünü öz üzərinə götürüb. Ötən ilin dekabrında layihənin tam başa çatmasından əvvəl biz artıq istehlakçılarla müqavilələr imzalamışdıq”.

Beləliklə, biz artıq Avropanın qaz təchizatçısı olmuşuq. 2021-ci il yanvarın 1-dən başlayaraq İtaliya, Yunanıstan və Bolqarıstanı 7,2 milyard kubmetr qazla təchiz etmişik. Gələn il bu, 9 milyard, 2023-cü ildə azı 11 milyard kubmetr olacaq. Bu, ciddi artımdır.

Azərbaycanın qaz ehtiyatları böyükdür. Odur ki, hasilatı da, ixracı da artırmaq imkanları var. Prezidentimiz bunun, sözsüz ki, avropalı istehlakçıların tələbindən asılı olacağını da bildirib:” Biz “Cənub Qaz Dəhlizi”nin Məşvərət Şurasını mütəmadi olaraq Bakıda Avropa İttifaqının nümayəndələri və Azərbaycanın sədrliyi ilə bir araya gətiririk. Növbəti sessiya gələn ilin fevralında keçiriləcək, orada biz bütün məsələlərlə məşğul olacağıq və gələcək addımlarımızı planlaşdıracağıq. Bu, şirkətlərin, bankların və ölkələrin böyük bir qrupudur... Hasilatı artırmaq üçün biz, əlbəttə ki, investisiya yatırmalıyıq və bunu etmək üçün bizim istehlakçılarla müqavilələrimiz olmalıdır. Beləliklə, birincisi müqavilələr, ikincisi investisiyaüçüncüsü qaz. Prosesin mərhələlərinin ardıcıllığı belədir.”

Bununla belə nəhəng yataqlarımız, tam yeni, müasir infrastrukturumuz TAP-dan (Trans-Adriatik Qaz Boru Kəməri) digər yerlərə də bağlayıcıların çəkilməsini mümkün edir. Həm də təkcə Balkanlara deyil, Mərkəzi Avropaya da. Bu, ixracın və təchizatın şaxələndirilməsi deməkdir.

Sözügedən müsahibədə, ümumiyyətlə, Azərbaycanda həyata keçirilən iqtisadi şaxələndirmə prosesindən də bəhs olunub. Bu sahədəki nailiyyətlərlə yanaşı, həll olunmalı məsələlər də qeyd edilib: “Neftqaz üçün biz bazarları axtarmalı deyilik. Neft dünya bazarındadır, qazın artıq bazarı var. Lakin digər, məsələn, kənd təsərrüfatı məhsulları kimi məhsullarımız üçün biz regional bazarlarla məhdudlaşırıq. Avropa bazarına daxil olmaq çox çətindir, çünki Avropa bazarında ölkələr özləri bir-biri ilə rəqabət aparır. Beləliklə, biz əsasən Türkiyəyə, Rusiyaya və bəzi digər ölkələrə ixrac edirik. Deyərdim ki, bu il o baxımdan çox əlamətdar oldu. Qeyri-enerji layihələrinin ixracı 45 faiz artdı. Bizim energetikaya aid olmayan sənayemiz 20 faiz artdı. Bu, həqiqətən də əlamətdar nəticədir. Yenə də ixracın həcmində qeyri-neft seqmentinin nisbəti aşağıdır. Lakin hesab edirəm ki, bu seqment artacaq, xüsusilə azad edilmiş ərazilərdə yeni imkanları və kənd təsərrüfatının, turizmin, bərpa olunan enerjinin və sənayenin nəhəng potensialını nəzərə alsaq. Beləliklə, biz gələcəkdə neftqazdan asılılığı azaltmağı planlaşdırırıq. Lakin eyni zamanda biz başa düşməliyik ki, gələcək bir neçə onilliklər ərzində neftqaz bizim iqtisadiyyatımızda vacib rol oynayacaq”.

Qeyd edək ki, Azərbaycan İtaliyanın təbii qazdan əlavə olaraq aparıcı neft təchizatçısıdır. Ümumiyyətlə, İtaliya təkcə Avropa qitəsində deyil, dünya miqyasında ölkəmizin ən yaxın tərəfdaşlarındandır. Bir sözlə, iki ölkə arasında münasibətlər yüksək səviyyədədir. İtaliya Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənəd imzaladığı Avropa İttifaqına üzv olan 9 dövlətdən biridir. Prezidentlərin və digər hökumət rəsmilərinin yüksək səviyyəli səfərləri və görüşləri də bu münasibətlərin aydın təzahürüdür. Məsələn, Prezident Mattarellanın ölkəmizə səfəri zamanı italyan şirkəti tərəfindən tikilmiş neft-kimya zavodu açıldı. İndi isə eyni şirkət neft emalı zavodunun yenidən qurulması işlərində fəal çalışır. Bunlar bir neçə milyard dollarlıq layihələrdir. Bir sözlə, əməkdaşlıq sənaye, neft-kimya, tikinti, memarlıq və digər sahələri əhatə edir.

Trans-Adriatik Qaz Boru Kəmərinin istismara verilməsi ilə Azərbaycan İtaliyanın daha mühüm təchizatçısına çevrilib. İtaliya istehlakında Azərbaycan qazının həcmi ilbəil artacaq. Deyilənlərə onu da əlavə edək ki, İtaliya işğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərmək üçün dəvət olunan ilk ölkələrdən biridir. Yəni birinci Türkiyə, ikinci İtaliya dəvət alıb. Hazırda italyan şirkətlərinin orada bir sıra layihələr icra etdiyini də desək, Azərbaycan-İtaliya dostluq və tərəfdaşlığının daha bir bariz nümunəsini və perspektivlərini göstərmiş olarıq.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2022.- 6 yanvar.- S.4.