Hünəri ilə ad alanlar

 

Qələbəmizin müəllifi Müzəffər Ali Baş Komandan yetişdirdiyi gəncliklə 44 günlük Vətən müharibəsində qalibiyyət bayrağını  zirvələrdə dalğalandırdı

 

Artıq bir ildən çoxdur ki, xalqımız Zəfərimizdən, Qarabağın işğaldan azad edilməsindən, bu yolda apardığı haqq savaşından ürəklə söz açıb qürurlanır. Çünki buna layiq olduğunu  44 günlük Vətən müharibəsində təsdiqləyib.

Yaxşı xatırlayırıq, hər dəfə müxtəlif tədbirlərdə xüsusi vurğuladığı kimi, hələ 2018-ci il 26 iyun tarixində - Silahlı Qüvvələrin 100 illiyinə həsr olunmuş hərbi paradda Prezident, Ali Baş Komandan İlham Əliyev bir daha qətiyyətlə və əminliklə bildirmişdi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək! Bunun üçün güclü ordu yaratmalı idik. Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Bu gün Azərbaycan Ordusu dünyanın güclü orduları sırasındadır...”

Elə bunun nəticəsidir ki, qürurand yerimiz olan ordumuz öz gücünü, qüvvəsini Ali Baş Komandanın rəhbərliyi ilə 2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsində dünyaya göstərdi.

44 günlük Vətən müharibəsindən sonra Bakı şəhərində yeni açılmış metrostansiyaya və ən böyük prospektlərdən birinə “8 noyabr” adı verildi. Həmin prospektdə eyni zamanda düşməndən qənimət kimi götürülmüş texnika, sursat, avadanlıqlar üçün Hərbi Qənimətlər Parkı da salındı.

2020-ci il 10 dekabr tarixində Bakıdakı Azadlıq meydanında Zəfər paradı keçirildi. Zəfər paradında rəsmi qonaq kimi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. Bu, əlbəttə, iki ölkənin birliyini, dostluğunu və qardaşlığını göstərirdi. Zəfər Paradı da bizim Silahlı Qüvvələrimizin hansı gücə qadir olduğunu nümayiş etdirdi. Buna görə əsasən gənclərdən ibarət olan hərbçilərimizlə qürur duyuruq.

“Dəmir yumruq” əməliyyatının iştirakçılarının, Vətən müharibəsinin qazilərinin paradda mətin addımlamaları hər birimizdə böyük fərəh yaratdı. Bu qürurverici anlar xalqımızın və dövlətimizin hərb tarixinə şərəflə yazıldı.

Bunlarla yanaşı, qənimət kimi əldə edilmiş, əslində, Ermənistan silahlı qüvvələri tərəfindən atılmış, səngər və döyüş mövqelərində tərk edilmiş silah-sursat və hərbi avadanlıqların bir qisminin nümayişi də təsadüfi deyildi. Düşmən tərəf, eləcə də onların havadarları gördülər ki, Azərbaycan işğalçılarla elə öz dilində danışıb, onların saxta qəhrəmanlıq mifini darmadağın etməklə Qarabağa əbədi sülh, əmin-amanlıq gətirmək uğrunda haqq savaşı aparıb.

Artıq Qarabağda, işğaldan azad edilən ərazilərimizdə yenidənqurma işlərinin sürətindən, “ağıllı kənd və şəhər”lərimizə qayıdacaq köç karvanlarından söz açılır.

Qarabağımızın zümrüd tacı olan Şuşamıza ötən ildən fəsillər öz rəngində gəlir. Bu ilin baharında Şuşa sanki yenidən canlanmışdı. Çünki öz doğmalarını qoynuna almışdı. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı kimi, sakinlərini, qonaqlarını nəğməli-musiqili tədbirlərlə qarşıladı. “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, ardınca M.P.Vaqifin  məqbərəsinin əsaslı təmirdən sonra açılışı və digər mədəniyyət tədbirlərində iştirak edənlər özlərini dünyanın bəxtəvəri hesab edirdilər.

Bütün bunlar isə, əlbəttə, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan hərbi-diplomatik siyasətin uğurlu nəticəsidir. Bu siyasət eyni zamanda Azərbaycan gəncliyinin  vətənpərvər ruhda yetişdirilməsinə hesablanmışdı. Bunun bəhrəsini 2020-ci ildə 44 günlük Vətən savaşında bir daha gördük. Cəbrayıl və Füzulidən başlayaraq Şuşanın və digər ərazilərimizin düşməndən azad edilməsi göstərdi ki, gəncliyimiz Qarabağı doğma ana yurdu kimi sevir. Bu sevgini isə onlara aşılayan dövlət başçısının özünün nümunə olmasıdır!

Qələbəmizin müəllifi Müzəffər Ali Baş Komandan yetişdirdiyi gəncliklə 44 günlük Vətən müharibəsində də qalibiyyət bayrağını zirvələrdə dalğalandırdı. Məhz bu siyasətlə tərbiyələnən gənclik bu gün qürur və sevinclə, haqq səsi ilə ucadan deyir: “Qarabağ candır, can Azərbaycandır!”

 

Nigar İMAMƏLİYEVA

AMEA Folklor İnstitutunun əməkdaşı

 

Azərbaycan.- 2022.- 6 yanvar.- S.7.