Türk
dünyasının birliyinə layiqli xidmət
2021-ci il Azərbaycanın xarici
siyasəti sahəsində də bir sıra mühüm nailiyyətlər
müşahidə edildi. Türk Dövlətləri Təşkilatı
çərçivəsində görülən işlər
burada, təbii ki, əhəmiyyətli yer tutur. Ölkəmizin
ikiillik sədrliyi dövründə bu təşkilatın
qazandığı uğurların miqyası 2021-ci ildə
daha aydın göründü.
Öz strateji məqsədlərinə
doğru əzmlə addımlayan Türk Dövlətləri
Təşkilatının artıq qlobal güc mərkəzinə
çevrilməkdə olduğu bir daha təsdiqini tapdı.
Mötəbər qurumun ötən il noyabrın 12-də
İstanbul şəhərində keçirilmiş VIII Zirvə
görüşündə Azərbaycan təşkilata sədrlik
səlahiyyətlərini son iki ilin parlaq nəticələri
ilə qardaş Türkiyəyə ötürdü.
Sədrlik müddətində
Türk Dövlətləri Təşkilatının fəaliyyətinə
verdiyi töhfələri, eləcə də ölkəmizin Vətən
müharibəsindəki tarixi zəfərini, bölgədə
sülhün, təhlükəsizliyin qorunmasında bu qələbənin
müstəsna əhəmiyyəti nəzərə
alınaraq İstanbul zirvəsində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevə Türk
Dünyasının Ali Ordeni təqdim edildi.
Türk Şurasında bir araya gələn
dövlət və hökumət rəhbərlərinin
imzaladıqları birgə qərarda yazılırdı: “Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan Zati-aliləri
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Respublikasının ərazilərinin işğaldan azad edilməsini
və ərazi bütövlüyünün bərpasını
təmin edərək türk birliyinə mühüm töhfə
verən və bölgədə davamlı sülh və
sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə
görə Dövlət Başçıları Şurası
Türkiyə Respublikasının Prezidenti Zati-aliləri Rəcəb
Tayyib Ərdoğanın təklifi ilə Zati-aliləri
İlham Əliyevin böyük şərəflə “Türk
Dünyasının Ali Ordeni” ilə təltif edilməsi
haqqında qərar qəbul etmişdir”.
Ali mükafatı Azərbaycan
Prezidentinə təqdim edərkən Türkiyənin dövlət
başçısı Rəcəb Tayyib Ərdoğan
vurğuladı ki, Qarabağda təxminən otuz il davam edən
işğala Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi
ilə 44 gündə son qoyulması bütün türk
dünyası üçün böyük əhəmiyyət
daşımaqdadır. Vətən müharibəsi nəticəsində
illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik
Şurasının qətnamələri həyata
keçirilib. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin
yaddaşına ədalət mesajını həkk edib. Azərbaycanın
ərazi bütövlüyünü yenidən təmin etməsi
türk aləminin birliyini və bərabərliyini genişləndirib.
Qarabağın azadlığının rəmzi olan
“Xarıbülbül” türk dünyası üçün Zəfərin
müjdəçisi olub. “Qarabağ Zəfəri ilə təkcə
işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda
bölgəmizdə həsrətini çəkdiyimiz
davamlı sülh, sabitlik və əməkdaşlığa
gedən yolun da önü açılıb”, - deyə cənab
Rəcəb Tayyib Ərdoğan əlavə edib.
Təşkilatın noyabrın 12-də
İstanbul şəhərində keçirilən VIII Zirvə
görüşü türk dünyasının tarixində
möhtəşəm bir salnaməyə çevrildi. Tədbirin
tarixi əhəmiyyəti təkcə onun türk
dünyasının mənəvi mərkəzlərindən
sayılan İstanbulda keçirilməsində deyildi. Eyni
zamanda ötən bir neçə il ərzində təşkilatın
əldə etdiyi parlaq nəticələrin, türk dövlətlərinin
birliyi istiqamətində qazanılmış nailiyyətlərin
bütün dünyaya təqdimatı baxımından önəmli
idi.
Genişlənən
əməkdaşlıqlar
2009-cu ilin 3 oktyabrında
Naxçıvan şəhərində təməli
qoyulmuş Türk Şurası çərçivəsində
görülən işlər, həyata keçirilən tədbirlər
və zaman-zaman daha da gücləndirilən əməkdaşlıqlar
türk dövlətlərinin birliyi üçün möhkəm
zəmin yaradır. 2021-ci ildə Azərbaycanın rəhbərliyi
ilə görülən işlər bu qurumun bir çox məqsədlərinin
həyata keçirilməsinə kömək göstərdi.
Türkdilli ölkələr arasında əməkdaşlıq
əlaqələri daha da genişləndirildi. O cümlədən
regionda və dünyada sülhün bərqərar edilməsi,
xarici siyasət məsələlərinə ortaq
yanaşmanın təşviqi, beynəlxalq terrorizm,
separatçılıq, ekstremizm və transmilli cinayətkarlığa
qarşı mübarizənin əlaqələndirilməsi,
ortaq maraq kəsb edən bütün sahələrdə
regional və ikitərəfli əməkdaşlığın
gücləndirilməsi istiqamətində addımlar
atıldı. Ticarət əlaqələri və investisiyalar
üçün əlverişli şəraitin
yaradılması məqsədilə tədbirlər təşkil
olundu. Elm, texnologiyalar, təhsil və mədəniyyət sahəsində
qarşılıqlı əlaqələrin genişləndirilməsi
məqsədilə müxtəlif səviyyələrdə
layihələr reallaşdırıldı. Azərbaycan 2021-ci
ildə də göstərdi ki, türk dövlətləri
arasında əməkdaşlığın inkişafı
ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir.
2019-cu ilin oktyabrın 15-dən
Türk Şurasına sədrlik edən Azərbaycan sədrliyinin
ikinci ilində də həm türkdilli dövlətlər
arasında ikitərəfli və çoxtərəfli səviyyələrdə
dostluq və əməkdaşlıq əlaqələrinin
möhkəmləndirilməsi, həm də qurumun dünyada
nüfuzunun daha da artırılması istiqamətində
mühüm uğurlara imza atdı. Təşkilat çərçivəsindəki
mövcud əlaqələrə, istiqamətlərə əlavə
olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı,
energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə
yeni əməkdaşlıq mexanizmləri quruldu.
Xatırladaq ki, 2020-ci il aprelin 10-da
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü
ilə Türk Şurasının COVID-19 pandemiyasına həsr
olunmuş Fövqəladə Zirvə Görüşü
keçirilmişdi. Videokonfrans formatında təşkil olunan
bu görüş dövlət və hökumət
başçıları səviyyəsində COVID-19
pandemiyasına həsr edilmiş ilk beynəlxalq tədbir idi.
Sonrakı dövrlərdə də səhiyyə, nəqliyyat,
iqtisadiyyat, gömrük, miqrasiya sahəsinə məsul
qurumların rəhbərlərinin videokonfrans vasitəsi ilə
toplantıları keçirildi. Bakıda təşkilatın
Xarici İşlər Nazirləri Şurasının növbədənkənar
iclası oldu. Xarici İşlər Nazirləri
Şurasının daha bir iclası isə
“Əfqanıstandakı vəziyyət və son inkişaflar
işığında onun Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının üzv dövlətlərinə
təsiri” mövzusuna həsr edildi.
2021-ci il martın 31-də isə
videokonfrans formatında təşkilatın qeyri-rəsmi Zirvə
görüşü baş tutdu. Bu, Azərbaycan
Respublikasının təşkilata sədrliyi dövründə
dövlət başçıları səviyyəsində
keçirilən sayca ikinci tədbir idi. Zirvə
görüşü zamanı Qazaxıstanın Türkistan
şəhərinə yeni təsis olunmuş “Mənəvi
paytaxt” statusu verildi. Zəngin tarixə malik ölkələrimizin
“Mənəvi paytaxt” statusuna layiq görülə biləcək
çox sayda şəhərləri vardır. Türkistan
şəhəri ilə başlanan və qədim ortaq
keçmişimizə işıq salan bu xoş ənənə
gələcəkdə də davam etdiriləcəkdir. Qeyd edək
ki, həmin tədbirdə qeyri-rəsmi Zirvə
görüşünün Türkistan Bəyannaməsi də
qəbul olundu.
Birgə
keçmiş, birgə gələcək
Vətən müharibəsindəki
qələbəmizdən sonra azad yurdlarımızda
genişmiqyaslı bərpa-quruculuq işlərinin
aparıldığı dövrdə Türk Dövlətləri
Təşkilatına üzv və müşahidəçi
ölkələrdən olan şirkətlərin, iş
adamlarının bu prosesdə iştirakı məsələləri
böyük əhəmiyyət kəsb edir. Onların buna
marağını nəzərə alaraq 2021-ci il sentyabrın
10-da Bakı şəhərində bu xüsusda “Azərbaycanın
işğaldan azad edilmiş Qarabağ regionunun bərpasına
və inkişafına həsr olunmuş” biznes-forum
keçirildi.
Türk dövlətləri
arasında media sahəsində əməkdaşlıq da təbii
ki, bu qurum çərçivəsində görülən
işlərin əsas istiqamətlərindəndir. Bununla
bağlı Azərbaycan və
Türkiyə arasında artıq ortaq media platforması
yaradılıb. 2021-ci il aprelin 10-da Bakıda
keçirilmiş Türk Şurasının mediadan məsul
nazir və rəsmilərinin iclası da bu sahədə
görülən işlərə mühüm töhfə
oldu. Həmin iclasın davamı olaraq ötən ilin 22-24
oktyabrında İstanbul şəhərində “Dərin
kökə sahib keçmiş, güclü gələcək”
mövzusunda Media Forumu təşkil edildi. Ondan əvvəl,
2021-ci ilin avqustun sonu sentyabrın əvvəlində isə təşkilata
üzv və müşahidəçi dövlətlərdən
30-a yaxın jurnalistin Bakı, Gəncə və
işğaldan azad edilmiş ərazilərə - Ağdam,
Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərinə
mediaturu keçirildi. İşğal dövründə Azərbaycan
ərazilərində törədilmiş vandalizm aktları ilə
tanışlıq, bu cinayətlərin dünyaya
çatdırılması baxımından belə bir tədbir
xüsusi əhəmiyyət daşıyırdı.
Təhsil sahəsində əməkdaşlıq
əlaqələri də uğurla davam etdirilməkdədir.
2021-ci ilin 3-4 noyabrında təşkilata üzv dövlətlərin
təhsil nazirlərinin altıncı iclası, 28-29
oktyabrında isə Türk Universitetlər Birliyinin V Baş
Assambleyası keçirildi.
Türk Dövlətləri Təşkilatı
çərçivəsində qurulan uğurlu əməkdaşlıq
əlaqələrinin daha bir istiqaməti isə gənclərlə
iş məsələlərini əhatə edir. 2019-cu il
noyabrın 29-da Bişkek şəhərində gənclər
üzrə məsul nazirlərin dördüncü iclası
olmuşdu. 2021-ci il sentyabrın 20-də isə Daşkənd
şəhərində bu xüsusda beşinci iclas
keçirildi. Daşkənddə təşkil edilən nazirlər
iclası çərçivəsində I Gənc Sahibkarlar
Forumu da uğurla baş tutdu.
Azərbaycanın təşəbbüsü
ilə 2021-ci il oktyabrın 19-da onlayn formatda təşkilatın
kənd təsərrüfatı üzrə işçi
qrupunun 1-ci iclasının keçirilməsi də ötən
ilin uğurlu nəticələrindən oldu. İclas
zamanı kənd təsərrüfatı üzrə məsul
nazirlərin 1-ci iclasının 2022-ci ilin mart ayında Özbəkistanda
keçirilməsi ilə bağlı razılıq əldə
edildi.
Azərbaycanın təşəbbüsü
əsasında 2021-ci il noyabrın 1-2-də Bakıda Türk
Dövlətlərinin Baş Prokurorlarının 1-ci
iclası keçirildi, iclas çərçivəsində təşkilata
üzv Dövlətlərin Baş Prokurorları Şurası
təsis olundu.
2020-ci il noyabrın 20-də
Bakıda Türk Ticarət və Sənaye Palatası tərəfindən
“Azərbaycanda sosial və iqtisadi inkişafın yeni erası”
mövzusunda toplantı təşkil edilmişdi. Toplantı
çərçivəsində Ermənistan tərəfindən
raket atəşinə məruz qalmış Bərdə şəhərinə
yardım göndərildi.
Türk Şurasının
Budapeşt ofisində 2021-ci il oktyabrın 15-də Azərbaycan
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi,
Türk Şurası Katibliyi və Macarıstanın Xarici
İşlər və Ticarət İnstitutu tərəfindən
“Türk dövlətləri müstəqilliklərinin 30-cu
ilində və əməkdaşlıq: Cənubi Qafqazda
regional sülh və əməkdaşlıq üçün
yeni imkanlar” mövzusunda beynəlxalq konfrans təşkil
olundu.
Genişlənən
coğrafiya, yeni nəfəs
Azərbaycanın sədrliyi
dövründə, o cümlədən 2021-ci ildə üzv
ölkələr arasında əməkdaşlığın
inkişaf etdirilməsi ilə yanaşı, təşkilatın
digər mötəbər beynəlxalq təşkilatlarla, o
cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı,
ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı
ilə səmərəli əlaqələri, əməkdaşlıq
münasibətləri də davam etdirildi, Ümumdünya Səhiyyə
Təşkilatı ilə faydalı əməkdaşlıqlar
quruldu.
Son dövrlər Türk Dövlətləri
Təşkilatının həyatındakı ən önəmli
hadisələr həm də onun coğrafiyasının
genişlənməsi ilə bağlıdır. Belə ki,
Bakıda keçirilmiş VII Zirvə Görüşündə
Özbəkistan Respublikası Türk Şurasına üzv
oldu. Ötən il mötəbər qurumun institusional
inkişafı ilə əlaqədar müzakirələr də
səmərəli nəticələr verdi. İstanbulda
keçirilən VIII Zirvə Görüşündə isə
Türkmənistan təşkilat yanında müşahidəçi
statusu əldə etdi. Burada habelə Türk
Şurasının VIII Zirvə Görüşünün Bəyannaməsi,
“Türk dünyasına baxış - 2040” sənədinin qəbulu
ilə bağlı, “Türk dünyasının birliyinə
verdiyi töhfələrə görə” Türk Dövlətləri
Təşkilatının Əlişir Nəvai adına Beynəlxalq
Mükafatı haqqında, Türk Şurası Baş katibinin
fəaliyyət müddətinin uzadılması və digər
qərarlar imzalandı. Bütün bunlar təşkilatın
qarşıya qoyduğu məqsədlərə
çatmasına, böyük strateji hədəflərin
addım-addım reallığa çevrilməsinə kömək
göstərir. Aparılan təhlillər bir daha sübuta
yetirir ki, türk dövlətlərinin ortaq keçmişdən
ortaq gələcəyə doğru birgə irəliləməsi
ideyası xəyal deyil, reallıqdır. Bu
reallığın formalaşdırılmasından
ötrü əməli addımlar atılır, nəticələr
əldə olunur, qazanılmış hər nailiyyət
növbəti uğurlarla möhkəmləndirilərək
daha da inkişaf etdirilir. Burada türk dünyasının
birliyi üçün bütün gücünü,
imkanlarını ortaya qoyan Azərbaycanın müstəsna
xidmətləri var.
İstanbul Zirvə
Görüşündə Türk Şurası “Türk
Dövlətləri Təşkilatı”
adlandırıldı. Bu da təşkilatın beynəlxalq
nüfuzunun artırılmasına, onun digər beynəlxalq təşkilatlarla
əlaqələrinin genişlənməsinə xidmət edən
yenilikdir.
Apardığımız haqq
savaşında daim Azərbaycanın yanında olan təşkilat
bu dəstəyi qələbəmizdən sonra da müxtəlif
səviyyələrdə, o cümlədən mədəniyyət
diplomatiyası müstəvisində davam etdirməkdədir.
2021-ci ilin yanvarında Türk Şurası, TÜRKSOY və
Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri
işğaldan azad edilmiş Ağdam və Füzuli
rayonlarını ziyarət etmiş, düşmən tərəfindən
işğal edilmiş ərazilərimizdə onilliklər ərzində
törədilmiş vəhşi əməllərin nəticələri
ilə əyani şəkildə tanış olmuşlar. Təşkilat
Azərbaycanın mədəniyyət paytaxtı olan
Şuşanın 2023-cü ildə Türk
dünyasının mədəniyyət paytaxtı elan edilməsi
təşəbbüsünü də irəli
sürmüşdür.
Türk Dövlətləri Təşkilatına
üzv ölkələrdə hazırda 160 milyona yaxın əhali
yaşayır. Bu, qlobal iqtisadiyyat üçün çox
böyük perspektiv deməkdir. Regionda həyata keçirilən
beynəlxalq və regional layihələr ölkələrimiz
arasında bağlılığa öz töhfəsini verməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
sarsılmaz qətiyyəti sayəsində reallaşması
perspektivi artıq kifayət qədər aydın görünən
Zəngəzur dəhlizinin açılması ilə bu
bağlılıq daha da artacaq. Zəngəzur dəhlizi əməkdaşlığımıza
yeni bir nəfəs qatacaq. Üzv ölkələr arasında
yük və sərnişin daşımalarının həcminə
müsbət təsir edəcək. Eyni zamanda inteqrasiya prosesləri
və mexanizmləri insanlarımız arasında da təmasların
intensivləşməsinə səbəb olacaq. Bu baxımdan
ötən il Azərbaycanın Zəngəzur dəhlizinin
açılması istiqamətində ortaya qoyduğu iradə
eyni zamanda Türk Dövlətləri Təşkilatının
qlobal nüfuzunun daha da artmasına, türk
dünyasının birliyinə xidmətdir.
İradə
ƏLİYEVA
Azərbaycan.-
2022.-8 yanvar.- S.1-2.