Həyata sevgi ilə...

 

Sərgi salonlarında

 

Azərbaycan Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” adlı sərgi açılıb.

Xalq rəssamı Mikayıl Abdullayevin 100 illik yubileyinə həsr olunmuş sərgidə Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Musiqi Mədəniyyəti Dövlət Muzeyinin kolleksiyasından əsərlər nümayiş olunub.

Muzeyin direktoru, Əməkdar incəsənət xadimi Çingiz Fərzəliyev bildirib ki, kollektiv Mikayıl Abdullayevin 100 illik yubileyinə böyük məsuliyyət və sevgi ilə hazırlaşmışdır. Burada görkəmli rəssamın 190-a yaxın rəngkarlıq və qrafik əsəri tamaşaçılara təqdim olunur. VernisajdaAxşam”, “Sevinc”, “Azərbaycan tarlalarında”, “Saədət qurucuları”, “Mingəçevir işıqları”, “Hindistan anası”, “Çəltikçi qızlar” tematik tabloları, “C.Cabbarlı”, “Y.Məmmədəliyev”, “M.P.Vaqif”, “M.F.Axundzadə”, “Yazıçı H.Seyidbəyli”, “Şair S.Rüstəm” portretləri yer alıb. Ekspozisiyada, Əməkdar rəssam, heykəltəraş Zeynalabdin İsgəndərovun müəllifi olduğu, Mikayıl Abdullayevin obrazı canlandırılan heykəltəraşlıq kompozisiyası da sərgilənir.

Akademik Mikayıl Abdullayevin Azərbaycan rəssamlıq sənətinin inkişafında müstəsna xidmətləri olub.  O, bir çox beynəlxalq mükafatların laureatı idi. Fırça ustası Ümummilli Lider Heydər Əliyev tərəfindən “İstiqlal” ordeninə layiq görülüb.

Rəssamın ilham mənbəyi, yaradıcılığının təməli doğma vətəni Azərbaycanla bağlı olub. Sənətkarın “Azərbaycan doğma Vətənim. Mən sənin doğma balan, aşiqin kimi səni, sənin gözəlliyini kətan üzərində vəsf etməkdən yorulmuram, doymuram” sözləri də bunun əyani sübutudur. O, yaradıcılığında milli-mənəvi ənənələri əks etdirməklə yanaşı, hər zaman bəşəri dəyərlərə, ideallara da geniş yer ayırıb. Sənətkar Hindistan, Əfqanıstan, Macarıstan, Polşa, İtaliyabir çox başqa ölkələrdə olduğu zaman gördüyü maraqlı məqamları, insanların həyat tərzini, mədəniyyətini əks etdirən silsilə əsərlər yaradıb. Mikayıl Abdullayevin əsərləri Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə, Brüssel və digər ölkələrin muzeylərində ən dəyərli eksponatlar kimi qorunub saxlanılır.

Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən ötən il  sərəncam imzalanıb və icrası məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən bir sıra tədbirlər həyata keçirilib. Mikayıl Abdullayevin yaradıcılığını özündə əks etdirən nəfis tərtibatlı kataloq üzərində işlər aparılıb. Həmçinin rəssamın mərmərdən büstü hazırlanaraq Milli İncəsənət Muzeyinin kolleksiyasına daxil edilib.

Xüsusi zövqdizaynla hazırlanmış ekspozisiyada nümayiş olunan həm rəngkarlıq, həm də qrafika nümunələri, tematik tablo, portret və mənzərə janrlarında əsərlər Mikayıl Abdullayevin rəngarəng sənət duyumunu əks etdirir.

Milli İncəsənət Muzeyində “Həyata sevgi ilə: Mikayıl Abdullayev” sərgisi mart ayına qədər davam edəcək.

 

Azərbaycan.- 2022.- 11 yanvar.- S.7.