Azərbaycan öz hədəflərinə çatan dövlətdir

 

Prezident İlham Əliyev dünən yerli televiziya kanallarına geniş müsahibəsində jurnalistlərin bir çox məsələlərə dair suallarını cavablandırıb. Dövlət başçısının suallara cavablarından bir daha aydın oldu ki, 2021-ci ildə iqtisadisosial sahədə müsbət makroiqtisadi göstəricilərə nail olunub, beynəlxalq müstəvidə respublikamızın milli maraqları qətiyyətlə təmin olunub.

 

İslahatlar bəhrəsini verir

 

İlham Əliyevin ilk açıqlaması Azərbaycan iqtisadiyyatının ötənilki vəziyyəti barədə oldu. Ötən il ölkəmizdə iqtisadi artım 5 faizdən çox olubbu, pandemiya şəraitində inkişafın ən gözəl nümunəsidir. Bu onu göstərir ki, respublikamız pandemiyanın çətinliklərini artıq geridə qoyur və qarşıya qoyulan bütün vəzifələr uğurla icra olunur. İqtisadiyyatda baş verən artım həm də islahatların uğurlu nəticəsi sayıla bilər. Qeyri-neft iqtisadiyyatının 7,2 faiz, ümumi sənaye istehsalının 5 faizdən çox, qeyri-neft sənayesinin 20 faizə yaxın artımı ondan xəbər verir ki, islahatlar öz bəhrəsini verir. Eyni zamanda qeyri-neft sektorunun inkişafı ilə bağlı bütün işlər səmərəsini verir.

Bunlarla yanaşı, valyuta ehtiyatlarımızın 2,5 milyard dollar artması,  ixracın idxalı üstələməsi və 10 milyard dollardan çox müsbət saldonun yaranması ötən ilin respublikamız üçün olduqca uğurlu olduğunu təsdiq edən mühüm faktorlardır. Müsbət iqtisadi göstəricilərin həm də Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin fonunda əldə edilməsi bir daha Prezident İlham Əliyevin iqtisadi strategiyasının  dövlətimizin qarşısında dayanan məqsədləri layiqincə  təmin etməsindən xəbər verir.

Bir məsələni də unutmalı deyilik ki, Azərbaycan  müharibədən çıxmış ölkədir. “Müharibədən təzə çıxmış ölkə üçün bu nailiyyətlər, doğrudan da, onu göstərir ki, iqtisadi sahədə çox gözəl mənzərə vardır. Bu il həm investisiya layihələri icra ediləcək azad olunmuş torpaqlarda, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək”, - deyə Prezident İlham Əliyev müsahibəsində bildirdi.

Dövlət başçısı Azərbaycan hökumətinin sosial layihələrlə bağlı hansı planları barədə də məlumat verdi və bəyan etdi ki, imkan yarandıqca biz əlavə yığılmış vəsaiti, ilk növbədə, sosial məsələlərə yönəldəcəyik. İlham Əliyevin fikirləri bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində insan amili dayanır.

 

İşğaldan azad olunmuş ərazilərdə bu il şəhərsalma layihələri icra ediləcək

 

2021-ci il müasir Azərbaycanın tarixində həm işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində çoxsaylı layihələrin icrasına başlanılması dövrü kimi yadda qaldı. Bu layihələr isə əsasən infrastruktur sahələrini əhatə etdi. Dövlət başçısının dediyi kimi, il ərzində minalanmış ərazidə 7 yarımstansiyanın inşa edilməsi böyük fədakarlıqdır.

Qarabağ və Şərqi Zəngəzura qayıdış üçün həm də yeni yollar salınır. Prezident İlham Əliyev müsahibəsində onların strateji əhəmiyyətini diqqətə çatdırdı. Həmin yolların inşa edilməsi ilə işğaldan azad edilmiş ərazilərdə möhtəşəm yol şəbəkəsi formalaşacaq ki, bu da həm keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları, həm də Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf planlarının həyata keçirilməsi baxımından vacibdir.

Prezident İlham Əliyev azad olunmuş ərazilərdə bu il icra layihələrinin nədən ibarət olacağını da diqqətə çatdırdı. Qeyd etdi ki, cari ildə  infrastruktur layihələri ilə yanaşı, şəhərsalma layihələri də icra ediləcək. Artıq ötən il bir neçə şəhərin baş planı təsdiq olunub, inzibati binaların təməli qoyulub. Beləliklə, 2022-ci il işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində mühüm dövr olacaq.

 

Ordumuz daha güclü olacaq

 

Azərbaycanda diqqət yetirilən əsas məsələlərdən biri ordu quruculuğu qoşunların döyüş qabiliyyətinin artırılması olub. Bu sahədə görülən işlər Vətən müşaribəsində uğurlu nəticəsini göstərdi. Ermənistan öz işğalçılığı ilə öyünəndə Azərbaycan inkişaf etdi, ordusunu gücləndirdi və torpaqlarını azad etdi. Vətən müharibəsi zamanı Azərbaycanın keçirdiyi hərbi əməliyyatlar bir çox dövlətlərin marağına səbəb oldu. Çünki ordumuzun həyata keçirdiyi əməliyyatlar ənənəvi döyüş nəzəriyyələrinin artıq günümüzlə ayaqlaşmadığını göstərir.

Respublikamız ordu quruculuğunu, qoşunların modern döyüş qabiliyyətinin artırılması istiqamətində fəaliyəti bundan sonra da davam etdirəcək. Ermənistanda hələ də güclü revanşist əhvali-ruhiyyə mövcuddur. Düzdür, Azərbaycan Ordusu müharibədən sonra baş verən hadisələr zamanı düşmənin cəzasını layiqincə və artıqlaması ilə verib. Bununla belə, arxayınlaşmaq olmazordumuzun döyüş imkanlarının artırılması daim diqqət mərkəzində olacaq. “Bizim gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq”, - deyə Prezident İlham Əliyev bildirib.

2021-ci il Azərbaycan üçün uğurlarla əlamətdar oldu. Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindəki fikirləri göstərir ki, 2022-ci ildə respublikamızın qarşısında dayanan bütün vəzifələr uğurla yerinə yetiriləcək

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2022.-12 yanvar.- S.6.