Qlobal siyasi uğur
İlham Əliyev 2021-ci ildə Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının və Qoşulmama
Hərəkatının səmərəli fəaliyyətini
təmin etdi
Azərbaycan 2021-ci ili
qlobal siyasi-diplomatik nailiyyətlərlə başa vurdu. Rəsmi
Bakının bu istiqamətdəki uğurlarını
xarakterizə edən əsas məsələlərdən biri
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və
Qoşulmama Hərəkatına rəhbərliyi oldu. Məhz Prezident İlham Əliyevin siyasi müdrikliyi
ilə 2021-ci ildə hər iki beynəlxalq təşkilatın
səmərəli fəaliyyəti, xüsusən onların
qlobal proseslərdə fəal iştirakı təmin edildi.
Azərbaycanın
rəhbərliyi dövründə Türk Şurasının
sıraları genişləndi
Türk Şurasının
VII Zirvə görüşündə quruma sədrlik
Qırğızıstandan Azərbaycana keçmişdi. Həmin Zirvə
görüşündə Prezident İlham Əliyev bəyan
etmişdi ki, türkdilli dövlətlər arasında əməkdaşlığın
inkişafı respublikamızın xarici siyasətinin prioritet
istiqamətlərindən biridir və sədrliyi qəbul edən
Azərbaycan türkdilli dövlətlər
arasında əməkdaşlığın və dostluğun
möhkəmləndirilməsi istiqamətində öz səylərini
göstərəcək:
“Qırğızıstandan Türk Şurasına sədrliyi
qəbul edən Azərbaycan bu müddət ərzində
ölkələrimiz arasında əməkdaşlığın
və dostluğun möhkəmləndirilməsi istiqamətində
öz səylərini göstərəcəkdir. Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət
və milli dəyərlər qarşılıqlı səmərəli
fəaliyyətimiz üçün mühüm əsasdır.
Türkdilli dövlətlər arasında əməkdaşlığın
inkişafı Azərbaycanın xarici siyasətinin prioritet
istiqamətlərindən biridir”.
Təşkilata sədrliyi
dövründə Azərbaycan türk dövlətləri
arasında əlaqələrin daha da genişlənməsi
istiqamətində təşəbbüslərlə
çıxış etdi. Azərbaycanın sədrliyinin
dünyanı çənginə alan
COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə
baxmayaraq, ölkəmiz türkdilli dövlətlər
arasında həm ikitərəfli, həm də çoxtərəfli
səviyyələrdə dostluq və əməkdaşlıq
əlaqələrinin daha da möhkəmləndirilməsi,
habelə Türk Şurasının dünyada nüfuzunun daha
da artırılması istiqamətində səylər
göstərdi.
2020-ci il aprelin
10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə
Türk Şurasının COVID-19 pandemiyasına həsr
olunmuş fövqəladə Zirvə görüşü
keçirildi. Bu görüş dövlət və
hökumət başçıları səviyyəsində
pandemiyaya həsr olunmuş və videokonfrans vasitəsilə təşkil
edilmiş ilk beynəlxalq tədbir oldu. Zirvə
görüşünün nəticəsi olaraq üzv ölkələr
arasında pandemiya və sonrakı dövr ərzində əlaqələrin
daha da inkişaf etdirilməsi ilə bağlı prezidentlərin
təlimatlarına uyğun olaraq, iqtisadiyyat, nəqliyyat, səhiyyə,
energetika, gömrük və miqrasiya sahələrindən məsul
nazirlərin görüşləri keçirilib,
qarşıya qoyulan hədəflər müzakirə olunub.
Təqdirəlayiq haldır ki, Azərbaycanın
şuraya sədrliyi dövründə türk dövlətlərinin
səhiyyə, miqrasiya, kənd təsərrüfatı,
energetika, prokurorluq, ədliyyə və humanitar sahələrdə
nazirləri və qurum rəhbərləri səviyyəsində
yeni əməkdaşlıq mexanizmləri qurulub.
Azərbaycanın quruma rəhbərliyi
dövründə - 2021-ci il martın 31-də
Türk Şurasının qeyri-rəsmi Zirvə
görüşü keçirilib. Ötən il
sentyabrın 27-də isə İstanbulda
“Əfqanıstandakı vəziyyət və son inkişaflar
işığında onun Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının üzv dövlətlərinə
təsiri” mövzusunda Türk Şurasının Xarici
İşlər Nazirləri Şurasının fövqəladə
iclası keçirilib.
Onu da qeyd edək ki, Azərbaycanın
rəhbərliyi dövründə şuranın
sıraları da genişlənib: Özbəkistan
Respublikası Türk Şurasının tamhüquqlu
üzvü olub. Türkmənistan isə
müşahidəçi statusunu alıb.
Türk
dünyasına Zəfər bəxş edən lider
Türk Şurasının 2021-ci il noyabrın 12-də İstanbulda keçirilən
VIII Zirvə görüşündə sədrlik Azərbaycandan
Türkiyəyə keçdi. Həmin Zirvə
görüşünün əsas hadisələrindən biri
Prezident İlham Əliyevə Türk Dünyasının Ali
Ordeninin təqdim edilməsi oldu.
2020-ci il sentyabrın 27-də
başlayan və noyabrın 10-da işğalçı Ermənistanın
kapitulyasiya aktı imzalaması ilə başa çatan 44
günlük Vətən müharibəsi Azərbaycanın ərazi
bütövlüyünü yenidən təmin etməsi, eyni
zamanda türk dünyasının birliyini və bərabərliyini
genişləndirməsi baxımından müstəsna əhəmiyyətə
malik oldu. İlham Əliyevin səyləri nəticəsində
bu gün ən yüksək əməkdaşlıq zirvəsinə
qalxan türk dövlətlərinin birliyinin vacibliyi və əhəmiyyəti
Vətən müharibəsi dövründə bir daha
özünü təsdiq etdi.
Türk dünyasının birlik arzusunu siyasi qətiyyəti
ilə gerçəkləşdirən Prezident İlham Əliyevin əzmi sayəsində
qazanılan Zəfər türk dövlətləri
arasında həmrəyliyin daha da gücləndirilməsində
mühüm rol oynadı. Bu parlaq Zəfər həm də tarixən var olan
türk birliyinin etnosiyasi coğrafiyasını bərpa etdi.
“Hörmətli Prezident, Əziz qardaşım, Müzəffər
Ali Baş Komandan cənab
İlham Əliyev. Qarabağda təxminən
otuz il davam edən işğala qətiyyətli
rəhbərliyinizlə 44 gün kimi qısa müddətdə
son qoyulub. Bu, təkcə azərbaycanlı
qardaşlarımız üçün deyil, bütün
türk dünyası üçün böyük əhəmiyyət
daşımaqdadır. Vətən
müharibəsi nəticəsində illərdir tətbiq
olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri
həyata keçirilmişdir. Azərbaycan
bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət
mesajını həkk etmişdir. Azərbaycanın
ərazi bütövlüyünü yenidən təmin etməsi
türk dünyasının birliyini və bərabərliyini
genişləndirmişdir. Qarabağın
azadlığının rəmzi olan “Xarıbülbül”
türk dünyası üçün Zəfərin müjdəçisi
olmuşdur”. - deyə Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident
İlham Əliyevə Türk Dünyasının Ali
Ordenini təqdim edərkən bildirdi.
Zirvə görüşündə
Qazaxıstanın birinci Prezidenti - Elbası Nursultan Nazarbayev,
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan
Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri
Viktor Orban Azərbaycanın Vətən müharibəsində
qazandığı Qələbə, son illərdə əldə
etdiyi nailiyyətlər, həmçinin Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasına ikiillik uğurlu sədrliyi
münasibətilə Prezident İlham Əliyevi təbrik
etmişdilər.
Bu Zirvə
görüşündə Türkdilli Dövlətlərin
Əməkdaşlıq Şurasının adının
Türk Dövlətləri Təşkilatına dəyişdirilməsi,
“Türk dünyasına baxış - 2040” sənədinin qəbulu
və digər məsələlərlə bağlı qərarlar
qəbul olundu.
Beynəlxalq nüfuzun təcəssümü
Qoşulmama Hərəkatı
dünyadakı mövcud təşkilatlar arasında istər
tarixi, istər üzvlərinin sayı baxımından kifayət
qədər sanballı qurumdur. BMT-dən sonra
dünyanın ikinci böyük təşkilatı olması
bu hərəkatın mötəbərliyindən xəbər
verir.
Digər təşkilatlarla
müqayisədə Azərbaycanın Qoşulmama Hərəkatındakı
üzvlüyü nisbətən yenidir. Respublikamız
bu təşkilata 2011-ci ildə tamhüquqlu üzv olmaq qərarını
vermişdir. Ölkəmiz həmin il Bali adasında
keçirilmiş XVI Nazirlər Konfransında hərəkata
qoşulub və ilk gündən onun ruhuna və prinsiplərinə hörmətlə yanaşıb. Bu da ondan irəli gəlir ki, rəsmi Bakı
bütün dövlətlərlə bərabər əməkdaşlıq
münasibətlərini inkişaf etdirməyə yönəlmiş
xarici siyasət kursu həyata keçirir. Ona
görə hərəkata üzv olduğu nisbətən
qısa müddət ərzində Azərbaycan
özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat
daxilində böyük nüfuz və etimad qazanıb.
Özündə 120 ölkəni
birləşdirən Qoşulmama Hərəkatının XVIII
Zirvə görüşünün 2019-cu ildə Prezident
İlham Əliyevin sədrliyi ilə Bakıda keçirilməsi
və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana
həvalə edilməsi ölkəmizin böyük diplomatik
uğuru oldu.
Bu Zirvə görüşünə evsahibliyi
üçün Azərbaycanın paytaxtının
seçilməsi Prezident İlham Əliyevin müdrik və
uzaqgörən siyasətinin məntiqi nəticəsidir.
Bu məqsədyönlü siyasət Azərbaycan
xalqının milli mənafeləri, müxtəlif dinlər və
mədəniyyətlər arasında dialoqun, dünyada
sülh və sabitliyin bərqərar olunmasına töhfə
verməklə dövlətlərarası
qarşılıqlı hörmət və anlaşmanın,
habelə əməkdaşlığın təşviq edilməsi
üzərində qurulub.
Qoşulmama Hərəkatına
Azərbaycanın sədrliyinin əsas prioriteti müasir
dünyanın çağırışlarına birgə və
adekvat cavab verməklə çoxtərəflilik dəyərlərini
təşviq etməkdir. QH sədrliyi kimi bu mühüm və məsuliyyətli
vəzifəni qəbul edərkən, Azərbaycan çoxtərəfliliyin
və Bandunq prinsiplərinin təşviqinə dair qətiyyətli
sadiqliyini bəyan edib. Respublikamız təsis
prinsiplərinin ruhunu və onlara bağlılığın əhəmiyyətini
təşviq etmək üçün səylərini sədrliyi
dövründə əsirgəməyib.
2021-ci il ərzində
Azərbaycan Qoşulmama Hərəkatında sədrliyini
uğurla davam edərək üzv dövlətlərin
potensialının hərəkatın qarşısında
duran məqsədlərin reallaşdırılmasına
yönəlməsində aktiv rol oynayıb. Beynəlxalq təşkilat
və qurumlar çərçivəsində, xüsusilə
BMT-nin 6 qərargahında (Nyu York, Cenevrə, Vyana, Nayrobi,
Paris, Haaqa) hərəkatın fəaliyyətinin əlaqələndirilməsi
həyata keçirilib, Hərəkat adından müvafiq bəyanatlar
səsləndirilib və irəli sürülmüş qətnamələr
qəbul olunub.
Koronavirus (COVID-19)
pandemiyasının ilk günlərindən Azərbaycan
dünya ölkələrini bu bəlaya qarşı həmrəy
olmağa və qarşılıqlı şəkildə əməkdaşlıq
etməyə çağıran təşəbbüslərlə
çıxış edən ölkələrdən biri olub. Qoşulmama Hərəkatının
sədri kimi Azərbaycan 2020-ci ildə
başlatdığı fəaliyyəti ötən il də uğurla davam etdirib. Bu xüsusda 23
mart 2021-ci il tarixində BMT-nin İnsan
Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində
Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın
təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə
bərabər, məqbul qiymətə, vaxtında və
universal əlçatanlığın təmin edilməsi”
adlı qətnamə qəbul edilib. Qətnaməyə
ümumilikdə 137 dövlət həmmüəlliflik edib ki,
bu da BMT-nin İnsan Hüquqları
Şurasında qəbul edilən qətnamələr
üçün olduqca yüksək göstəricidir.
Azərbaycana
göstərilən böyük etimad
2021-ci il
dekabrın 16-da BMT Baş Assambleyasının 76-cı
sessiyası çərçivəsində assambleyanın
plenar iclasında hərəkatın sədri qismində Azərbaycan
Prezidenti İlham Əliyevin təşəbbüsü ilə
hərəkat üzvləri adından irəli
sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə
bərabər, məqbul qiymətə, vaxtında və
universal əlçatanlığın təmin edilməsi”
adlı qətnamə BMT üzv dövlətlərinin mütləq
əksəriyyətinin dəstəyi ilə qəbul edilib.
Bunlarla yanaşı, 2021-ci il
oktyabrın 4-5-də Qoşulmama Hərəkatında Azərbaycan
sədrliyinin təşəbbüsü əsasında hərəkatın
üzv dövlətlərini təmsil edən 100-dən
çox gəncin iştirakı ilə Qoşulmama Hərəkatı
Gənclər Şəbəkəsinin virtual təsis
iclası, 26 noyabr 2021-ci il tarixində isə hərəkatın
Parlamentarilər Şəbəkəsinin təsis iclası
keçirilib.
2021-ci il oktyabrın
11-12-də isə Belqradda Qoşulmama Hərəkatının
təsis edilməsinin 60-cı ildönümü münasibətilə
yüksəksəviyyəli yubiley tədbiri keçirilib.
Prezident İlham Əliyevin açılış nitqində hərəkatın
təsis edilməsindən bəri beynəlxalq münasibətlər
sistemində oynadığı mühüm rolu
vurğulanıb, QH-nin əsasını təşkil edən
Bandunq prinsiplərinin əhəmiyyətinə diqqət
çəkilib, xüsusilə suverenlik və ərazi
bütövlüyünə hörmət, təcavüz
aktlarından çəkinmə, digər dövlətlərin
daxili işlərinə qarışmamaq kimi prinsiplərin
müasir beynəlxalq münasibətlər sistemində
aktuallığı və əhəmiyyəti
vurğulanıb.
Qoşulmama Hərəkatının
prinsip, ideya və məqsədlərinin həyata keçirilməsində
parlamentarilərin konstruktiv rolu nəzərə alınaraq,
üzv dövlətlərin parlamentləri arasında əlaqələrin
dərinləşdirilməsi məqsədilə 26 noyabr
2021-ci il tarixində QH Azərbaycan sədrliyinin
təşəbbüsü əsasında hərəkatın
Parlamentarilər Şəbəkəsinin təsis iclası
keçirilib. QH-nin Parlamentarilər Şəbəkəsinin
təsis edilməsi QH-yə sədrliyimizin hərəkata
tarixi töhfəsi olmaqla yanaşı, ölkəmizin digər
dövlətlərlə parlamentlərarası əməkdaşlığının
inkişafına töhfə verən təşəbbüs
olması baxımından əhəmiyyətlidir.
Göründüyü kimi,
Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi
olduqca səmərəli olmaqla, təşkilatın qlobal
proseslərdə iştirakına böyük töhfələr
verir.
Respublikamızın hərəkata sədrliyinin bir il uzadılması da bundan irəli gəlir.
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il
münasibətilə xalqa müraciətində bununla
bağlı deyilir: “Biz beynəlxalq arenada öz mövqelərimizi
möhkəmləndirdik. Bizim beynəlxalq
nüfuzumuz artdı, bir neçə beynəlxalq təşkilat
çərçivəsində uğurla fəaliyyət
aparmışıq. Bildiyiniz kimi, Qoşulmama Hərəkatının
sədri kimi bütün üzv ölkələrin
maraqlarını müdafiə etmişik, beynəlxalq
hüququn norma və prinsiplərini
müdafiə etmişik və təsadüfi deyil ki,
Qoşulmama Hərəkatına üzv ölkələrin
hamısı yekdilliklə Azərbaycanın sədrliyini daha
bir il uzadaraq bizə böyük etimad göstərdi. BMT-dən sonra ikinci ən böyük təsisat, 120
üzvü olan təsisat Azərbaycana yekdilliklə bir daha
öz dəstəyini ifadə etmişdir”.
Yanvarın 12-də yerli televiziya
kanallarına müsahibəsində Prezident İlham Əliyev
bildirdi ki, Azərbaycan beynəlxalq aləmin məsuliyyətli
üzvü kimi və Qoşulmama Hərəkatının sədri
kimi, əlbəttə, bundan sonra da beynəlxalq hüququn
aliliyini müdafiə edəcək. Beləliklə,
2021-ci ilin Azərbaycan üçün daha bir uğuru
Türk Şurasına və Qoşulmama Hərəkatına
edilən sədrlikdir. Bütün bunlar
Prezident İlham Əliyevin yüksək siyasi nüfuzunun və
respublikamızın beynəlxalq miqyasda güclü mövqelərə
malik olmasının təsdiqidir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2022.-14 yanvar.- S.6.