Azərbaycan şokoladı İordaniyada tolerantlıq nümunəsi kimi

 

İordaniyanın “Əl Ənbat” qəzetində Marina Sudahın  “Azərbaycan şokoladı bütün dünya üçün” başlıqlı yazısı dərc olunmuşdur. Əvvəlcə onu qeyd edək ki,  Marina Sudahın atası xristian mənşəli ərəb, anası isə rusdur.

Maruan Sudahla  dostluğumuzun az qala yarım əsrlik tarixi var. Elə qızının məqaləsini də bizə onun özü göndərib. Bu ailə Azərbaycan haqqında ərəb dünyasında illərdir ki, yazılar yazır, bizim haqq işimizi müdafiə edir. Sudahlar həmişə fəxarətlə azərbaycanlı olduqlarını deyir  erməni təbliğatına qarşı bacardıqları kimi mübarizə aparırlar.

 Müəllif bu məqaləsində yazır ki, həm yeni il, həm də İsa  Məsihin ad günü ərəfəsində onun diqqətini AZƏRTAC-ın bir xəbəri cəlb edir: “Azərbaycan Rusiyanın Ural bölgəsinə ən böyük şokolad ixracatçılarından biridir və 2021-ci il ərzində bura 170 ton şokolad ixrac etmişdir”. Marina etiraf edir ki, Azərbaycan şirniləri şərq dünyasında ləziz tamı və bənzərsiz gözəlliyi ilə seçilir. Bakıda saysız-hesabsız beynəlxalq və yerli sərgilərin təşkil edilməsi adi bir haldır: “Heydər Əliyev Mərkəzi və Mədəniyyət və Turizm Nazirliyi tərəfindən yarmarkalar keçirilirburada şokolad ustası Nikolay Popovun məhsulları nümayiş etdirilir. Sonuncu belə tədbirdə 700 kiloqram şokolad işlənmiş və Popovun 250-dən artıq şəkil və heykəlləri nümayiş etdirilmişdir. Bundan əlavə, səyyar  sərgilərin keçirilməsi də Azərbaycanın şokolad brendini 40-dan çox ölkəyə təqdim etməyə imkan vermişdir. Bütün bunlar ölkəmizdə yeni məhsulların çeşidinin artmasını göstərməklə yanaşı, eksport imkanlarını da genişləndirir”.

Biz məqalənin müəllifindən  adi bir xəbərin onu niyə belə cəlb etdiyini soruşduq. Marina Sudah maraqlı sual üçün təşəkkür edib bildirdi: “Bilirsinizmi, bizim ailədə atam daim ölkəniz haqqında yazır, bizona qoşuluruq. O, erməni təbliğatının hansı gücə malik olduğunu və necə iftiralar yağdırdığını yaxşı bilir. Əslində şokolad sərgisinin timsalında mən Azərbaycan xalqının nə dərəcədə müdrik, aqiltolerant olduğunu göstərməyə çalışmışam. Yəni adi bir sərginin timsalında Azərbaycan xalqı özünün mədəni, sivil, ərazisində yaşayan bütün xalqlara eyni gözlə baxan ölkə olduğunu sübut edir”.

Marinanın atası Maruan izah edir ki, 44 günlük müharibədə məğlub edilən Ermənistan təbliğat müstəvisində yeni mövqelərə və üstünlüklərə  nail olmağa çalışır: “Ola bilər ki, Bakıdan baxanda bu sezilməsin, amma biz uzaqdan müşahidə edəndə bu canlanmanı  görürük. Ermənilərin əsas məqsədi Azərbaycanın tolerant imicinə ağır zərbə endirmək, onu xristian dəyərlərinə və dininə düşmən kəsilmiş ölkə kimi nümayiş etdirməkdir. Onlar 44 günlük müharibədə biabırçılıqla məğlub olsalar da, informasiya müharibəsində təşəbbüsü ələ keçirməyə çalışırlar. Sərgidə təqdim edilən eksponatlar isə Azərbaycanın  ən incə məqamlarda belə nə dərəcədə başqa xalqların mədəniyyətinə və tarixinə hörmətlə yanaşdığını göstərir. Bu sərgidə ən maraqlısı təqdim edilən heykəllərin və rəsmlərin yüksək zövqlə hazırlanması ilə yanaşı, xristian dəyərlərinə qoyulan valehedici yanaşmadır. Sərgidə təqdim edilən eksponatların əhatə dairəsi genişdir. Eyfel qülləsi, Misir ehramları, musiqi alətləri, müxtəlif silahlar, Azərbaycanın dövlət bayrağı, Alov qüllələri və s. kimi nümunələri qeyd etmək mümkündür”.

Lakin bu sərgidən ana xətt kimi keçən xristian mövzusu ermənilərin təbliğat maşınının həmlələlinə verilən ən tutarlı cavabdır. Və yazının İordaniya mətbuatında gündəmə gəlməsində də əsas  məqsəd budur.

Marina erməni təbliğatının ağlasığmaz iftiralar yağdırmağa qadir olduğunu açıqladı: “70 kiloluq şokoladdan hazırlanan “Müqəddəs ananın qəsri” Bakı tolerantlığının rəmzlərindən biri kimi hamının diqqətini cəlb edir. Bu eksponat bir daha onu təsdiq edir ki, Azərbaycan xalqı tolerantlığın, qardaşlığın və dostluğun müqəddəs rəmzlərini özündə daşımaq və onları qorumaq gücünə qadir ölkədir. Azərbaycan bütün dinlərə, bütün millətlərə faşizm ideyaları ilə yoluxan Ermənistandan fərqli olaraq eyni gözlə baxa bilir, ərazisində yaşayan bütün xalqları öz övladı kimi bağrına basır. Bizim ölkəmizdə digər xalqlara qarşı heç vaxt Ermənistanda müşahidə olunan ekstremizm, digər milli azlıqlara dözümsüzlük nümayiş etdirilməyib”.

Marina izah edir ki, yazını yazmaqda məqsədi o olmuşdur ki, Azərbaycan hətta adi bir şokolad sərgisi ilə bütün dinlərə, mədəniyyətlərə və xalqlara rəğbətlə yanaşdığını ortaya  qoya bilir, tolerantlığın bənzərsiz nümunəsini bütün dünyaya nümayiş etdirir.

Məhz bu keyfiyyətlərinə görə Azərbaycan bu gün dünyanın ən sivil ölkələrindən sayılır, Ermənistan isə faşizmin caynaqlarında can verməkdən yorulmur. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli siyasəti və güclü diplomatiyası sayəsində Bakı kontinental və beynəlxalq konfransların və görüşlərin keçirildiyi uğurlu platformaya çevrilmişdir. Məhz İlham Əliyevin müdrik rəhbərliyi sayəsində bu ölkə sürətlə irəli gedir, məğlub Ermənistan isə yenə də kirli siyasətə bulanaraq Azərbaycanı beynəlxalq aləmdə ləkələməyə çalışır. Bu baxımdan İordaniya vətəndaşı Marina Sudahın erməni hiylələrinə qarşı etiraz etməsi diqqətəlayiqdir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2022.- 14 yanvar.- S.7.