ÜST “Omikron” ştamı ilə əlaqədar həyəcan təbili çalır

 

Dünyanı iki ildir təhdid edən, böyük bəlaya, gözəgörünməz düşmənə çevrilən COVID-19 infeksiyası ilə mübarizənin hələ də sonu görünmür.

Əksinə, təhlükəli virus mutasiyaya uğrayaraq, yeni ştamlarla meydana çıxır. İndikoronavirusun daha yolxucu ştamı sayılan “Omikron” dünyanın əksər ölkələrində sürətlə yayılır.

İki ildir ki, COVID-19 infeksiyasının bir çox mutasiyasına şahid olduğumuzu nəzərə çatdıran Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət AgentliyiTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev ötən ilin noyabrından etibarən “Omikron” ştamının təsdiq olunduğunu vurğulayıb. Avropanın bütün ölkələrində yayılan bu ştamın bir neçə gün əvvəl Azərbaycanda da 12 nəfərdə aşkarlandığını xatırladan V.Əliyev vəziyyətin ciddiliyinə diqqət çəkib: “Hazırda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) daOmikron” ştamı ilə əlaqədar həyəcan təbili çalır. Çünki son günlər Amerikada bir sutkada 1 milyondan çox yoluxma halı qeydə alınıb. Avropanın bir çox ölkəsində, Cənubi Afrika Respublikasında, Cənubi Amerika ölkələrində məhdudiyyətlər tətbiq olunub.

Buna səbəb ştamın əvvəlki varianta görə daha sürətli yayılma xüsusiyyətinə malik olmasıdır. Yəni “Deltadan daha sürətlə yayılsa da, xəstəxanaya yatış ehtiyacı daha aşağıdır. Bu günə qədər olan statistik göstəricilərə görə, daha yüngül keçirilir. Daha dəqiq məlumat üçün araşdırmalara ehtiyac var. Lakin xəstəlik çox yayılarsa, xəstəxanaya yatış ehtiyacı dolayı yolla arta bilər. ÜST ona görə həyəcan təbili çalır ki, yoluxma sayı artarsa, xəstəliyin ağırlaşma ehtimalı da arta bilər. Ona görə də ehtiyatlı olmaq, çox da arxayınlaşmamaq lazımdır. Çünki iki il keçsə də pandemiya bitmək bilmir. Bir pandemiyanın bitməsi üçün bir neçə il vaxt lazımdır. COVID-19-un həmin mutasiyası virusun getdikcə yüngülləşməsinə bir işarədir. Amma yenə də pandemiya aktuallığını qoruyub saxlayır”.

TƏBİB-un infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbərinin fikrincə, bütün respirator infeksiyalarda klinik əlamətlər, demək olar ki, eynidir. Vasif Əliyev “Omikron” ştamında müşahidə edilən simptomlar barədə belə deyib: “Yüksək hərarət, öskürək, nəfəs darlığı, bəzi xəstələrdə iybilmənin, dadbilmənin itməsi, qusma, ishal müşahidə edilə bilər. Həmin əlamətlər bütün respirator infeksiyalarda müşahidə edilir. Yaşından, xəstəliyin müddətindən, yanaşı xəstəliklərdən asılı olaraq hər bir insanda fərqli simptomlar qeydə alına bilər. Ona görə də hər hansı bir əlamət olduğu zaman onunOmikron”, “Delta” ştamları və ya başqa respirator infeksiya olması ancaq diaqnostik metodlarla təsdiq edilə bilər. İlkin mərhələdə burundan alınan yaxma ilə hansı virus olduğu təyin edilməsə, daha sonra araşdırmalarla hansı mutasiya olduğu müəyyənləşdirilməsi mümkündür. Klinik əlamətlərə görə bunu söyləmək doğru deyil”.

Mütəxəssis COVID-in müalicəsində, əsasən, simptomatik müalicənin tətbiq olunduğunu söyləyib. Belə ki, bütün respirator infeksiyalarda olduğu kimi, sadəcə, simptomlara yönəlmiş müalicədir, məsələn, temperatur yüksələrsə, hərarətsalıcı dərmanlar, yanaşı olaraq vitamin preparatları istifadə oluna, bol maye içməsi tövsiyə edilə bilər. Müalicə zamanı ilkin olaraq antibiotik istifadəsi tamamilə yanlışdır, həmçinin antiviral dərmanlar xəstəliyi daha ağır formada keçirən və ağırlaşma riski yüksək olan xəstələr üçündür. Yanlış müalicə, ilkin mərhələdə sistemlər qoşulması, antibiotik qəbulu vəziyyəti ağırlaşdırar və xəstəxanaya yatırılma ehtiyacı yarana bilər.

Kliniki Tibbi Mərkəzin baş infeksionisti Fərrux Sədirov mətbuata açıqlamasında “Omikron” ştamından qorunmaq yolları barədə məlumat verib: “Nə qədər klassik səslənsə də, respirator viruslardan qorunmağın yolları dəyişmir. Sıxlıq yerlərdən və xəstə ilə təmasdan uzaq olmaq, əl gigiyenasına riayət etmək, maska taxmaq, xəstəlik əlamətləri hiss edən kimi ətrafdan təcrid olunmaq məsləhətdir. Pandemiya dönəmində istənilən əlamətləri hiss edən kimi mütəxəssis həkimə müraciət etmək lazımdır, çünki bəzən adi qəbul edilən hansısa bir narahatlıq çox ciddi bir xəstəliyin başlanğıcı ola bilər. Xüsusilə risk qrupundan olanlar üçün belə hal həyati təhlükə törədir. Nəzərə almaq lazımdır ki, infeksiyanı keçirmiş və hətta peyvənd olunanlar arasında immunitet çatışmazlığı olanlar da var. Bunu da qeyd etmək istəyirəm ki, “Omikron” ştamına qarşı aparılan ilkin tədqiqatlarda müəyyən edilib ki, iki doza vaksin 25 faiz qoruduğu haldabusterdozadan sonra həmin qoruyuculuq 70 faizi aşır. Ona görə də mütləq şəkildə yubanmadanbuster” dozanı vurdurmaq vacibdir”.

Yeni ştam daha sürətlə yayıldığına görə, artıq bir sıra ölkələrdə həyata keçirilən tədbirlər gücləndirilib. Azərbaycanda isə hələ buna ehtiyac yoxdur. Bununla belə, qaydalara əməl etmək, ehtiyatı əldən verməmək lazımdır ki, normal həyatımızı yaşayaq.

 

Zöhrə FƏRƏCOVA

 

Azərbaycan.- 2022.- 16 yanvar.- S.1; 4.