Azərbaycan ərazilərinin 4  faizi milli qoruqlar  parklardır

 

Qarabağda  ermənilərin məhv etdiyi təbii sərvətlər arasında  onlar da olub

 

Azərbaycanda 1925-ci ildə ilk yaradılan Göygöl Dövlət Təbiət Qoruğu olub. Sonuncu milli park  - Qızılağac Milli Parkı isə  2018-ci ildə Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən yaradılıb. Ölkədə milli parkların yaradılmasına isə 2003-cü ildən başlanıb.

“Tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin  22 oktyabr 2019-cu il  tarixli sərəncamı tariximizin yaşadıcısı olan maddi-mədəniyyət, eləcə də etnoqrafiyasından soraq verən  ərazilərin göz bəbəyi kimi qorunması baxımından çox böyük əhəmiyyətə malikdir. Sərəncama əsasən, “Çıraqqala” və “Şabran şəhəri” tarixi qoruqlarının ərazisi “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Şəmkir rayonunun tarixi ərazisi “Qədim Şəmkir Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Ağsu rayonunun tarixi ərazisi isə “Orta Əsr Ağsu Şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilib.

Ölkəmizin təbii landşaftlarının qorunmasına xüsusi təbiət mühafizəsi rejimi vasitəsilə nəzarət edilir. 1925-1930-cu illərdə Azərbaycanın ilk qoruqları - Göygöl, Zaqatala və Qızılağac, 1936-cı ildə Hirkan, 1958-ci ildə isə Türyançay qoruqları yaradılıb. 1959-ci ildə ümumi sahəsi 46,8 min hektar olan daha 8 qoruq (Qobustan, Pirqulu, Şirvan, Qarayazı, Ağgöl, İsmayıllı və İlisu) bu  siyahıya əlavə edilib. Daha dəqiq desək, 1930-cu ildən 1990-cı ilə kimi dövlət qoruqlarının sayı 3-dən 15-ə çatdırılıb. 2004-cü ildə isə artıq ümumi sahəsi 194.898 min hektar (ölkə ərazisinin 2.28 faizi qədər) olan 13 qoruq, 4 milli park və 17 yasaqlıq mövcud idi.

2003-cü ildən başlayaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən akademik Həsən Əliyev adına Ordubad, Şirvan, Ağgöl, Hirkan, Altıağac, Abşeron, Şahdağ, Göygöl milli parkları da yaradılıb. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Ordubad Milli Parkının ərazisi, Şahbuz, Culfa, Ordubad rayonlarının torpaqları hesabına Şahbuz Dövlət Təbiət Qoruğu genişləndirilib. Eyni sərəncamla o, akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı adlandırılıb.

Abşeron Dövlət Təbiət Yasaqlığının bazasında yaradılan milli park yarımadanın cənub-şərq qurtaracağında - Şah Dili ərazisindədir. Parkda 50-dən artıq quşheyvan, 25-ə qədər bitki növü mövcuddur. Abşeron Milli Parkının Xəzər dənizi ərazisində dünyada nadir hesab olunan Xəzər suitisinə rast gəlinir. Xəzər suitisi pərayaqlıların yeganə nümayəndəsidir ki, dünya okeanının ən kiçik suitisi kimiGinnesin Rekordlar Kitabı”na daxil edilib.

Respublikamızın şimal-şərqində, Xızı və Siyəzən rayonlarının ərazisindəki Altıağac Milli Parkı 1990-cı ildə Altıağac Dövlət Təbiət Qoruğuona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında yaradılıb. Milli park Şamaxıdan altı ağac məsafəsində yerləşdiyindən ona və kəndlərin birinə Altıağac adı verilib. Xatırladaq ki, bir ağac məsafəsi təqribən 5-6 kilometrə bərabərdir. Şahdağ Milli Parkı  da ölkəmizdə turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edən füsunkar guşələrdən biridir.

2020-ci ildə zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi təbiətimizə 30 ilə yaxın müddətdə qənim kəsilən erməni silahlı quldurlarına layiq olduqları cavabı verdi. Ordumuzun işğaldan azad etdiyi ərazilərdə 43 min hektara yaxın xüsusi mühafizə olunan 2 dövlət təbiət qoruğu, 4 dövlət təbiət yasaqlığı olub. Təbii ki, onların yenidən bərpası nəzərdə tutulub. Hazırda həmin ərazilərdə təbiətin mövcud vəziyyəti ilə bağlı qiymətləndirmə işləri aparılır. Ümumiyyətlə isə ölkəmizdə 10 dövlət təbiət qoruğu, 24 dövlət təbiət yasaqlığı, 10 milli park fəaliyyət göstərir. Xüsusi mühafizə olunan təbiət əraziləri isə ölkənin ümumi ərazisinin 10,3 faizini təşkil edir.

2018-ci ildən Hirkan meşələrinin UNESCO-nun təbii irs siyahısına daxil edilməsi istiqamətində işlərə başlanılıb. 2020-ci ildə bununla bağlı nominasiya sənədi hazırlanıb.

Yeri gəlmişkən, işğaldan əvvəl Qarabağda milli park olmayıb. Artıq qanunvericilik milli parkların yaradılmasına imkan verir. Buna görə Qarabağda yeni milli parklar yaradılacaq. Yaxın gələcəkdə oradakı yaşıl ormanlar - gözəl meşələrimiz göz oxşayacaq, istirahət guşələrinə çevriləcək.

İşğaldan azad olunmuş ərazilərdəki təbiət qoruğu yasaqlıqların vəziyyəti heç ürəkaçan deyil. Avropanın yeganə təbii çinar massivindən ibarət olan Bəsitçay qoruğundakı ağacların yarıdan çoxu kəsilib məhv edilib. Qaragöl qoruğunun da böyük bir hissəsi qurudulub. Yasaqlıqların ərazisində olan meşə sahələrinin minlərlə hektarının kəsildiyi qeydə alınıb. Bunlar həmin ərazilərdə davamlı tədbirlərin görülməsini vacib edir.

Təbiət abidələri xüsusi mühafizə olunan obyektlər hesab olunur. Qarabağ ərazisində 152 təbiət abidəsi qeydə alınıb. Orada yaşı 450, 500, hətta 2000 il olan ağaclar var idi ki, onların əksəriyyəti vəhşi ermənilər tərəfindən kəsilib, daşınıb məhv edilib. Gələcəkdə vandallardan müvafiq təzminatın tələbi üçün hazırda qiymətləndirmə işləri aparılır.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2022.- 16 yanvar.- S.6.